Şagirdlər öz müəllimlərini əvəz etdilər

90

 

 

Mingəçevir 16 saylı tam orta məktəbdə şagirdlər bir günlük müəllimləri əvəz ediblər. Bununla bağlı keçirilən tədbirdə məktəbin 9,10,11-ci sinif şagirdləri  fənn müəllimlərini əvəz etmək hüququ qazanmışdır. Özünüidarəetmə günü ilə bağlı keçirilən tədbirdə şagirdlərin dərsdən əvvəl qarşılanmasından başlamış onların yola salınmasınadək tədris prosesinə və dərsdənkənar tədbirlərə şagirdlər özləri nəzarət etmiş, əvəz edəcəkləri müəllimlərinin tövsiyələrini yerinə yetirməyə çalışmışlar. Fənn müəllimlərini əvəz edən məktəblilər   üzərilərinə düşən vəzifəyə ciddi münasibətlərini, “tədris etdikləri” fənləri yaxşı mənimsəmələrini, müəllim sənətinə maraq göstərmələrini xüsusi qeyd etmək lazımdır. Həmin gün məktəbin qonağı olan valideynlər, məktəbin müəllimləri və direktor Sevinc Həsənova şagirdlərin bir günlük müəllimlik fəaliyyətinə sonsuz həvəs və əsl fədakarlıqla yanaşdığının şahidi oldular.

Direktor vəzifəsini icra edən  9-cu sinif şagirdi Mustafazadə Almaz şagird üzərilərinə düşən vəzifəyə ciddi münasibətini bildirərək qeyd etdi ki, biz başa düşdük ki, doğrudan da müəllimlik peşəsi həm şərəfli, həm də çətin və məsuliyyətli bir peşədir: ”Çalışdım ki, bir günlük də olsa öz üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlim və gələcəkdə müəllim olmaq həvəsim artdı. Onu da qeyd edim ki, dərsdən qaçan uşaqların da öhdəsindən gələ bildim”.

Hamıya yaxşı məlumdur ki, xalqın və ölkənin gələcək inkişafı ilk növbədə müəllimin fəaliyyətindən asılıdır. Əgər bu gün müəllim rolunda çıxış etmiş istedadlı şagirdlərdən bir neçəsi gələcək fəaliyyət yeri kimi məktəbi seçərsə, bu artıq uğurdur. Odur ki, bu məktəbin uğurlu  fəaliyyətini alqışlayırıq.

Esmira Hidayətova, Mingəçevir