“Şagirdlər kitaba qapanmamaq şərtilə ondan uzaq düşməməlidirlər”

595

Artıq yarım aydan çoxdur ki, şagirdlər yay tətilindədirlər. Bildiyiniz kimi, onların tətil müddəti 3 ay yarımdır. Tətil müddətinin bu qədər uzun olmasına təhsil işçilərinin münasibəti isə birmənalı deyil. Milli Qəhrəman Tahir Həsənov adına 23 saylı orta məktəbin direktoru Yuliya Kərimovanın sözlərinə görə, müasir təhsil sistemləri fasiləsiz təhsil və ya ömürboyu öyrənmə paradiqması (təməl şərt) çərçivəsində inkişaf edir: “Bu o deməkdir ki, hər bir şəxs daima oxuyur, özünün inkişafı üçün çalışır, dayanmadan yenilikləri izləyir, biliklərini dərinləşdirir, tətbiq edir, yeni təcrübə toplayır və s. Artıq bu, tək təhsil sisteminin prioriteti yox, cəmiyyətin özünün prioritetidir.  Ona görə də təhsil müəssisələri çalışır ki, bu tələbatı ödəsinlər. Bu məqsədlə çoxlu sayda yay məktəbləri, müxtəlif kurslar təşkil olunur və s.” ABŞ təhsil sistemində müşahidə etdiklərini dilə gətirən Y. Kərimova bunları dedi: “Mən ABŞ-da olanda gördüm ki, balaca uşaqlar artıq may ayında bilirlər ki, yay tətilini necə keçirəcəklər, hansı müəllimin yanına gedəcəklər, hansı kitab klublarına yazılacaqlar. Bundan başqa, onların, demək olar ki, hamısının oxumaq üçün kitab siyahıları var idi”.

“Uzunmüddətli tətillərin tərəfdarı deyiləm”
Müsahibimiz onu da bildirdi ki, uzunmüddətli tətillərin tərəfdarı deyil: “Mən uzun tətillərin tərəfdarı deyiləm. Müşahidələrim əsasında bu qənaətə gəlmişəm ki, bizim cəmiyyətdə uşaqların erkən yaş dövrlərində valideynlər onların əyləncələrinə daha çox diqqət yetirirlər, nəinki inkişafına və təhsilinə. Cəmiyyətin bu məsələyə yanaşması isə belədir: “Qoyun uşaqlar uşaqlıqlarını yaşasınlar”. Bəyəm, kitab oxumaq, onu müzakirə etmək, müxtəlif  kurslara, dərnəklərə getmək uşaqlığa aid deyil?” Y. Kərimova onu da qeyd etdi ki, azərbaycanlı ailələrdə mütaliə mədəniyyəti çox zəifdir: “Əgər ailələrdə kitab oxumağa vaxt ayrılmırsa, bu, təhsil sisteminə təsirsiz ötüşmür”. Müsahibimizin sözlərinə görə, tətillər il ərzində bərabər paylanılsa, daha yaxşı olar: “Hesab edirəm ki, yay tətilləri 6-7 həftə olsa kifayət edər”. O, dünya təhsil sistemində yay tətilləri ilə bağlı apardığı araşdırmanın nəticələrini də bizimlə bölüşdü: “Almaniyada şagirdlərə verilən yay tətili 6 həftədir. Amma bu qısa tətil tədris ili ərzində kompensasiya olunur. Belə ki, payız, qış və yaz tətilləri də kifayət qədər uzundur. Avstriyada isə tədris ili sentyabrın ilk bazar ertəsi başlanır, iyun ayının sonuncu cümə günü isə bitir. Böyük Britaniya məktəblərində isə yay tətili 6-9 həftədir. Tədris ili 3 trimestrə (üçaylıq dövr) bölünür və hər bir trimestr arasında eynimüddətli tətil verilir. Bundan başqa, tədris ili 195 gün müəyyən olunub. Özəl məktəblərdə isə bu müddət 175 gün də ola bilər. Şimali İrlandiyada tədris ili sentyabrın əvvəlindən başlayıb,  iyulun ortalarına kimi uzanır”. Y. Kərimovadan onu da öyrəndik ki, Yaponiyada da məktəblilərə verilən tətillər tədris ili daxilində paylanılır: “Yaponiyada tədris ili 200 gündür. Tədris ili 3 trimestrə bölünür. 1-ci trimestr aprelin 1-də başlayır və iyulun sonunda bitir. Bundan sonra şagirdlərə 6 həftəlik tətil verilir. Bu, havadan asılıdır. Belə ki, çox isti olmayan vilayətlərdə həmin tətilin müddəti 4 həftə olur. 2-ci trimestr sentyabr-dekabr aylarını əhatə edir. Sonra 2 həftəlik tətil verilir. 3-cü trimestr isə yanvar-mart aylarını əhatə edir. Bundan sonra da 1 həftəlik tətil verilir və yeni tədris ili başlayır. Gördüyünüz kimi, tətil günlərinin tədris ili ərzində paylanılmasına daha çox üstünlük verilir. Cənubi Koreyada isə tədris ili martın 2-də başlayır və iyulun ortalarına kimi uzanır. Yay tətilləri iyulun ortasından avqustun sonuna kimidir. 2-ci semestr avqustun sonunda başlayır və fevralın sonuna kimi uzanır. Dekabrın sonundan yanvarın sonuna kimi yeni il tətilləri verilir. Fevralda 2 həftə tədris, 2 həftə isə tətil günləridir. Martda isə yeni tədris ili başlayır. Finlandiyada tədris ili avqustun ortasında başlayır və iyunun əvvəlində bitir. ABŞ-da isə ştatlarda tətil günləri dəyişir. Amma ümumi yanaşma belədir ki, məktəblərdə tədris ili avqustun sonu başlayır, iyunun ortası bitir. Universitetlərdə isə tədris ili avqustun son həftəsi və ya sentyabrın ilk həftəsi başlayıb, may ayının əvvəli bitir. Daha sonra imtahanlar başlayır”.

“Yay tətillərinin uzunmüddətli olması aqrar epoxasından gələn tendensiyadır”
“Gördüyünüz kimi, yanaşmalar fərqlidir”, – deyən Yuliya Kərimova əlavə etdi ki, yay tətillərin uzun olması və tədris ili ərzində qısamüddətli tətillərin verilməsi sistemi yalnız postsovet ölkələrində tətbiq olunur. O bunun səbəblərini belə izah etdi: “Bəzi tədqiqatçılar deyir ki, sənaye dövründə uzun yay tətillərinin olması aqrar epoxasından gələn tendensiyadır. Çünki aqrar dövründə uşaqlar tarlalarda işləyən valideynlərinə  kömək edirdilər. Ona görə dövlət tərəfindən təmin olunan təhsil sistemi buna uyğunlaşmağa çalışırdı. Sənaye əsrində isə bu yanaşma bir qədər dəyişib. Artıq sənaye ölkələri tədris ilində şagirdlərə veriləcək tətillərin bərabər bölünməsinə üstünlük verirlər”.

“Məktəblilərin yay tətilləri onların siniflərinə uyğun təşkil olunmalıdır”
Mövzumuzla bağlı fikirlərini öyrəndiyimiz psixoloq Hüseyn Xəlilovun sözlərinə görə, şagirdlər yay tətili boyu kitabdan uzaq qaldıqları zaman tədris ili başlayanda yenidən kitab oxumağa adaptasiya olmaları vaxt tələb edir. Müsahibimiz hesab edir ki, məktəblilərin yay tətilləri onların siniflərinə uyğun təşkil olunmalıdır: “İbtidai sinif şagirdləri üçün yay tətili boyu onların dünyagörüşlərini artıran əyləncəli istirahət proqramları təşkil olunmalıdır. Kitaba tam qapanmamalıdırlar. Hansı fənlərdən çətinlikləri varsa, həftədə 2-3 dəfə həmin dərslərlə məşğul  olmalıdırlar”. H. Xəlilov onu da əlavə etdi ki, 5-8-ci sinif şagirdləri üçün isə tətil proqramı fərqli olmalıdır. Belə ki, həmin sinif şagirdləri ünsiyyətə meyillənməlidirlər. Müsahibimizin sözlərinə görə, tətil müddətində şahmat, dama kimi zehni inkişaf etdirən oyunlar oynamaq faydalı olardı. Axşam saatlarında isə mütləq onlar üçün gəzinti proqramları təşkil edilməlidir. Tətil boyu  sözügedən sinif şagirdlərinə gündəlik yazdırılması, onların yazılı və şifahi nitqinin formalaşmasında müsbət rol oynaya bilər. H. Xəlilov 9-10-cu sinif şagirdlərinin də yay tətilini necə dəyərləndirmələrinə dair sualımızı cavablandırdı: “Yuxarı sinif şagirdləri unutmamalıdırlar ki, onları qabaqda ali məktəbə qəbul imtahanları gözləyir. Bunun üçün də onlar 21 gün istirahət etsələr, kifayət edər. 3-cü ixtisas qrupuna hazırlaşan şagirdlər isə tətil müddətində ədəbiyyat dərsliklərindəki bədii əsərləri oxumalıdırlar. Bundan başqa, şagirdlər onlara lazım olan fənlərdə yaxşı mənimsəyə bilmədikləri hissələri yenidən oxuyub öyrənməlidirlər”. Elvın Əliyev