Şagirdlər imtahan verirlər

633

Bu gün Azərbaycanda orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün ilk buraxılış imtahanları keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından  verilən xəbərə görə, IX və XI siniflər üçün ilk buraxılış imtahanı Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda aparılır. Bu gün eyni zamanda qeyd olunan şəhərlərdə fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verirlər. Eyni gündə Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarının rus bölməsi şagirdləri üçün də buraxılış imtahanı keçirilir.

 

Bu imtahanlarda ümumilikdə 70706 şagirdin imtahan verəcəyi gözlənilir. Saat 10-da IX sinif şagirdləri, 15-də isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər.

 

Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün – rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. İmtahanın müddəti 2 saatdır.