Şagirdlər Aprel şəhidi Rüstəm Əhmədovun valideynlərini ziyarət ediblər

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşləri 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb. Ordumuzun əsgərləri bu döyüşlərdə düşmənə layiqli cavab veriblər. Vətən üçün canlarından, qanlarından keçiblər, şəhidlik zirvəsinə ucalıblar.

Bu gün də ürəklərdə yaşayan şəhidlərimizi bütnü xalqımız yad edir, onların ruhu qarşısında baş əyir. Al qərənfillərlə bəzədilmiş Şəhidlər xiyabanı bizim and yerimizə çevrilib. İnsanlar axın-axın bu xiyabana üz tuturlar. Təhsil ocaqlarında müəllimlərimiz şagirdlərə  şəhidlərimiz haqqında danışır. Beləcə onların qəhrəmanlığı gələcək nəsillərə ötürülür.

Mingəçevir şəhərinin igidləri də Qarabağ döyüşlərində qəhrəmanlıq göstərib, şəhid olublar. Qeyd edək ki, bu döyüşlərdə Mingəçevir 328 şəhid verib. Onlardan 4-ü aprel şəhidləridir.Bu günlərdə Mingəçevir Texniki Liseyin 6a sinifinin sinif müəlliməsi Elmina Əliyeva şagirdləri ilə birlikdə Aprel şəhidlərindən Rüstəm Əhmədovun valideyinlərini ziyarət ediblər.

Məktəbin şagirdləri şəhid valideyinlərinə bildiriblər ki, biz də sizin övladlarınızıq: “Hər zaman yanınızdayıq. Siz narahat olmayın,biz erməni cəlladlarından şəhidlərimizin qisasını alacağıq”.

Şəhid Rüstəm Əhmədovun atası Oruc Əhmədov şəhidlərin qanının heç vaxt yerdə qalmayacağına əmin olduğunu bildirib.Şagirdlərə öz minnətdarlığını bildirərək qeyd edib ki, sizləri gördüm, ürəyim açıldı: “Mən hesab edirəm ki, gələcəyimiz sizin kimi vətənpərvər övladların sayəsində işğalda olan torpaqlarımız azad olunacaq”.

Qeyd edək ki, şagirdlər bu görüşdən əvvəl Şəhidlər xiyabanında olublar. Esmira Hidayətova, Mingəçevir