“Şagirdlərə dərsləri göz yaddaşı ilə aşılamağa çalışırıq”

667

Yevlax rayonunun Tanırqullar kənd orta məktəbində “Fizika gecəsi” keçirilib. Dövlət himni ilə başlayan tədbiri məktəbin direktoru Cəmşid Abbasov açıb. Direktor belə fənn gecələrinin təhsilin keyfiyyətində, şagirdlərdə fənnə marağını artmasında müsbət rol oynadığını bildirib.

Tədbirdə uşaqların hazırladıqları mini qurğular da nümayiş olunub. Fizika fənninin “Elektrik” və “Maqnit sahəsi” bölmələrini əhatə edən qurğular – avtomobillər, müxtəlif məişət əşyalarından düzəldilmiş neft qurğusu iştirakçılarıda böyük maraq doğurub. Tədbir həmçinin fiziklərə aid mahnılarla, eləcə də maraqlı sual-cavablarla diqqət çəkib.

Məktəbin fizika müəlliməsi Arzu Həsənova bizimlə söhbətində belə bir tədbirin keçirilməsinin təşəbbüsçülərinin şagirdlərin özləri olduqlarını bildirib. Onun sözlərinə görə, bu, həm də şagirdlərin fizika elminə olan marağının göstəricisidir.

 

O həmçinin bildirib ki, məktəb köhnə olduğuna, müasir avadanlıqlarla təmin edilmədiyinə görə müəyyən problemlərlə qarşılaşırlar: “Əsrimiz texnika əsridir. İKT-nin elə bir elm sahəsi yoxdur ki, ora daxil olmasın. Biz də çalışırıq ki, o elmin sirlərini şagirdlərə çatdıraq. Mən motivasiyanı yaratdım uşaqlar da mənə yardım etdilər və belə bir tədbir ərsəyə gətirdik. Amma məktəbimizdə təchizatımız çox zəifdir. Buna baxmayaraq, əlimizdə olan imkanlardan yararlanır və təcrübələri uşaqlara  göz yaddaşı ilə çatdırmağa çalışırıq”.

Esmira Hidayətova, Yevlax