“Şagirdi zorla gətirib sinifdə oturtmaqla təlim vermək olmaz”

532

İnzibati Xətalar Məcəlləsindəki yeni dəyişikliklərə görə, orta məktəbdə dərsdən yayınan şagirdlərin valideynləri cərimələnəcək. Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən 1 ay ərzində 7 gündən çox buraxılmasına görə 100 manat miqdarında cərimə tətbiq ediləcək. Bu qərara münasibət öyrənmək üçün Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayevə müraciət etdik. Ə. Ağayev “Zaman-Azərbaycan” qəzetinə müsahibəsində bildirdi ki, bir ay müddətində 7 gün davamiyyəti olmayan şagirdlərin valideynlərinin cərimələnməsi məqsədəuyğun deyil: “Bu cəzanın başqa qaydalarla tətbiq edilməsini istərdim. Bir ay ərzində 7 gün dərsə gəlməmək, 7 gün davamlı dərsdən qalmaqdırmı, dərsdən qalmağın səbəbi nədir? Ümumiyyətlə, arqument öyrəniləndən sonra münasibət bildirmək asan olardı. Davamiyyəti yaxşı olmayan şagirdi məktəbin özünün pedaqoji tələblər baxımından cəzalandırma imkanları var. Valideyn məktəbə çağırılır, onunla söhbət edilir və tapşırılır ki, uşaq dərsdən qalmamalıdır. Valideyn də, öz növbəsində, uşağı ilə maraqlanır. Yox, əgər uşağın dərsdən yayınmasında valideyn də iştirakçıdırsa, ona başa salınıb izah olunmalıdır. Səbəblər araşdırılıb, pedaqoji yolla bu problem aradan qaldırılmalıdır”.

“Gözləyirəm ki, bu qayda hansı effekti verəcək”

Professor həmçinin qeyd etdi ki, pedaqogikada 7 gün anlayışı yoxdur: “Bir ayda şagirdin 7 gün məktəbə gəlmək fikri yoxdursa, 3 həftənin iki gününü istifadə edə bilər. Bu, 6 gün edir, istirahət günündən də istifadə etsə, məqsədinə çata bilər. Yəni 6 gün də kifayətdir ki, cərimələnsin. Bu haradan götürülüb, niyə götürülüb bəlli deyil. Bütün bunlara baxmayaraq, İnzibati Xətalar Məcəlləsinə daxil edildi. Elan olundu ki, qəsəbənin, şəhərin icra nümayəndəsi tərəfindən qəbul edilir, cərimə banka ödəniləcək və qəbzlər məktəbə göndəriləcək. Burada da mürəkkəblik yaranır. Deməli, icra hakimiyyəti nümayənəsi qəbzi almalıdır, sonra yerli nümayəndə, sonra banka verilməlidir, daha sonra məktəbə getməlidir. Bu qədər proseduradansa birbaşa davamiyyətin olmaması üçün çalışılsa, daha yaxşı olardı və bu halda nəticə əldə etmək olar. Amma artıq qərar qəbul olunub, qaydalar tətbiq ediləcək. İndi mən gözləyirəm ki, bu qayda hansı effekti verəcək. Ola bilsin ki, yaxşı nəticə olsun, müəyyən məqsədyönlü və şüurlu surətdə məktəbdən yayınmalarda daha qabarıq şəkildə bilinəcək”.

“Şagird məktəbə gərək məcburi yox, istəyərək getsin”

Ə. Ağayev bütün respublika üçün bir kəndin timsalında qərar qəbul edilməsinin bütün respublikanı təhqir etmək olduğunu dedi. Bildirdi ki, bu qayda bir kənd üçün uyğundur və bunun əleyhinə deyil: “Ona görə də bunu məqsədəuyğun hesab etmirəm. Nəzərdə tutulan kənd üçün yaxşı effekt verəcəksə, buna da şükür. Amma qalanlarında necə olacaq? Həqiqətən, məktəb şagirdin gəlməməsini bildirəcəkmi? Hamı bilir ki 9, 10, 11-ci sinif şagirdlərinin əksəriyyəti repetitor yanına gedir və müəyyən qədər məktəbdən yayınır. Bu qayda həyata keçəndən sonra bu aradan qalxacaqmı? İstəyimiz odur ki, təki işin xeyrinə olsun. Təki effekt versin, təki davamiyyət yaxşı olsun. Bir təhsil mütəxəssisi kimi istəyim budur. Amma onu da yaddan çıxarmaq olmaz ki, təhsil məcburi olmamalıdır. Deyək ki, zorla məktəbə gətirdik, axı belə məcburi məktəbə gətirilən şagird oxumayacaq. Onun fikri divarda, pəncərədə qalacaq. Şagird məktəbə gərək məcburi yox, istəyərək gələ, maraqla, şövqlə gələ. Zorla gətirib sinif otağında oturtmaqla təlim vermək olur? Axı mümkün deyil. Bütün bu pedaqoji tələblər nəzərə alınmadan kimlərsə bunu ortaya atıb. Baş verən bəzi qızğın hadisələrin fonunda istifadə edirlər. O fon diqqətçəkən hadisədir. Hər kəs ölkədə baş verən qızğın hadisələrin aradan qaldırılmasına çalışmalıdır. Amma kiçik bir-iki kənddə baş verən hadisəyə görə qərar qəbul edib, bütün respublikaya şamil etmək doğru deyil. Bütün respublika belədirmi? Axı belə deyil. Ona görə də mənim fikrim bu cürdür. Kimin xoşuna gəlir-gəlmir bilmirəm. Amma nə olur-olsun, qanuna riayət etmək hamımızın borcudur. İstəyim odur ki, qanuna şəffaf, obyektiv riayət olunsun. Həqiqətən də, davamiyyət olmayacaqsa, o cərimələr alınsın. Cərimə pul toplamaq məqsədilə deyil, valideynin uşağını məktəbə göndərməsinə məcbur edilməsi üçündür. Bu qaydalar buna hədəflənibsə, gözləyək görək nə olacaq. Mən də istəyərdim ki, alınsın”.

“Belə qərarın qəbul olunmasını yanlış hesab edirəm”

Təhsil üzrə ekspert Nazim Əkbərov məsələyə qəzetimiz vasitəsilə münasibət bildirdi. Pedaqoqun sözlərinə görə, əgər bunun dəqiq hüquqi mexanizmi hazırlanmırsa, bu iş pul hərisi olan müəllimlər üçün rüşvət mənbəyinə çevriləcək: “Niyə? Məsələn, mən valideynəm, uşağım 7-8 gün dərsdən qaldı, müəllim məni çağırıb deyəcək ki, siz 100 manat cərimə olunacaqsınız. Tutaq ki, mən də müəllimə deyəcəm ki, bəlkə 50 manat verim, məndən əl çəkəsiz. Ola bilərmi? – Olar. Ona görə bunun dəqiq mexanizmi hazırlanmalıdır. Elə olmalıdır ki, rüşvətə aparıb çıxarmasın. Digər neqativ hallar baş verməsin. Mən hazırda belə bir mexanizm görmürəm. Bəlkə gələcəkdə olacaq. Belə bir qaydanın mexanizmi işlənməmiş, hazırlanmamış, ictimaiyyətlə, pedaqoji kollektivlə müzakirə edilməmiş belə qərarın qəbul olunmasını yanlış hesab edirəm. Bu elə bir tələbdir ki, bütün valideynlərə toxunur. Ona görə də onların rəyini almaq lazımdır, fikirlərini soruşmaq lazımdır. Yoxsa, bir tərəfin mövqeyi ilə qərar qəbul olunması, məncə, doğru deyil”.

Rasim Məmmədli