Şadlıq saraylarının buzu nə vaxt əriyəcək?

580

Son günlər yas mərasimlərinin israfçılığa yol vermədən təşkilinə, daha doğrusu, İslam dininin qaydalarına, o cümlədən, xalqın formalaşmış adətlərinə uyğun keçirilməsinə önəm verilməkdədir. Hətta Gəncə və Sumqayıt şəhərlərinin icra başçıları bununla bağlı müəyyən göstərişlər də veriblər.
 Güman edirik ki, digər rayon və şəhərlərimizin rəsmiləri də belə bir addım atacaqlar. İnsafən onu da qeyd edək ki, yaslarda israfçılığa qarşı tədbirlər ilk dəfə Naxçıvanda tətbiq edilib və yenilik insanların rəğbətini qazanıb. Odur ki, bu məmləkətdə yaxınını itirən şəxs artıq ağır günündə mərasimə gələcək yüzlərlə insanın yeməyini, içməyini və buna xərclənəcək vəsaiti haradan tapacağı barədə fikirləşmir. Təbii ki, belə bir addımın atılması təqdirəlayiqdir. Qeyd edək ki, mərhumun ailəsinə təsəlli və başsağlığı vermək elimizin adətlərindəndir. Lakin dəfn mərasimlərində təmtəraqlı ehsan (Ehsan hərfi tərcümədə “yaxşılıq etmək, gözəl iş görmək” mənasındadır) verilməsinin dini baxımdan heç bir əsası yoxdur. Mahiyyətinə görə, ehsan bir kəlmə xoş söz, bir stəkan çay da ola bilər. Nə yazıq ki, əksər hallarda mərhumun ailəsi süfrəyə növbənöv təamlar, meyvələr, şirniyyatlar düzüb özünü kimlərəsə göstərmək

xatirinə borcla məclis verir. Bir qədər sonra bu məsuliyyətsiz hərəkəti onu fəlakətə sürükləyəndə günahı özündə deyil, ilahi ədalətsizlikdə axtarır.

Yeri gəlmişkən, dəbdəbəli yas mərasimlərinə yol

verilməməsi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurası və Elmi-Dini Şurasının müraciəti var. Lakin unutmayaq ki, həmin müraciətdə dəbdəbəli toy məclislərinin keçirilməsi də müəyyən mənada qınaq obyektinə çevrilib. Məlumdur ki, toy nikahın qanuniliyini təmin edir. Peyğəmbərimizin (s.ə.s.) bir hədisində deyildiyi kimi: “Beş halda şənlik mərasimi qurmaq olar: izdivac (evlənmə) zamanı, uşaq dünyaya gəldikdə, uşağı sünnət etdikdə, ev aldıqda və Həcc ziyarətindən qayıtdıqda”.

Şadlıq mərasimləri və toylarda yemək süfrələri açmaq, şənlənmək də qədim el adətlərindəndir, lakin bəzi yeni dəblər, özəlliklə son zamanlar vüsət tapmış zənginlik nümayişi bir neçə baxımdan düzgün deyil. Belə ki, bu məclislər sosial bərabərsizliyi dərinləşdirməklə cəmiyyətdə təbəqələşmə yaradır. Digər tərəfdən, verilən yemək və başqa məhsul çeşidlərinin ifrat dərəcədə çoxluğu Allahın haram buyurduğu israfa səbəb olur, maddi və mənəvi balansı pozur.

Bəli, son illər elə toylarımız da israfçılıq mənbəyinə çevrilib. Lakin nədənsə bununla bağlı hələ ki ciddi addımlar atılmır ki, atılmır. Görünür, şadlıq saraylarının himayədarları daha imkanlı şəxslərdir. Odur ki, kimsə onların bostanına daş atmaq istəmir. Yeri gəlmişkən, millət vəkili Aqil Əliyev artıq bu məsələni gündəmə gətirib. O deyib ki, israfçılıq mənbəyinə çevrilən toylarımıza da əncam çəkməyin vaxtıdır: “Təəssüf ki, yaslarımız kimi toylarımız da bəhsə-bəhs yarışına çevrilib. Toylarda ancaq imkanlı şəxslər və ailələr bahalı menyular

sifariş etsəydilər, bəlkə də problem olmazdı. Problem ondadır ki, imkanlı şəxslərin hesabına israfçılığa öyrəşən və bunun müqabilində daha çox pullar qazanan yas və toy şəbəkəsi kasıb və orta təbəqəni də müflis edərək israfçılığa sürükləyir”.

Bəli, bu gün paytaxt və digər şəhərlərimizdə fəaliyyət göstərən şadlıq sarayları istisnasız bütün toy sahiblərinə öz şərtlərini diktə edir, nəticədə vətəndaş bahalı menyular sifariş etmək məcburiyyətində qalır. Bəzən elə olur ki, ev sahibi toyda lazım olan miqdarda pul toplaya bilmir. Şadlıq sarayının rəhbərliyinin isə tələb etdiyi pul toplamayınca bəylə gəlini girov götürdükləri barədə xəbərlərə də rast gəlirik. Yeri gəlmişkən, bu yerdə bir hadisəni xatırlamaq istəyirəm. Bir neçə il öncə yaxın tanışlarımdan biri paytaxtdakı şadlıq saraylarının birində oğluna toy etmək istəyərkən, süfrəyə veriləcək bəzi içki və təamları ixtisara salmağı və bunun müqabilində nəzərdə tutulandan az miqdarda pul ödəmək fikrində olduğunu bildirmişdi. Lakin şadlıq sarayının rəhbərliyi tanışımın bu təklifi ilə heç cür razılaşmamışdı. Onun üz tutduğu digər şadlıq sarayları da ənənələrinə sadiq qaldılar. Nəticədə, tanışım oğlunun saraydakı toyuna görə xeyli borca düşdü. O, vəziyyətdən çıxış yolu kimi bir banka üz tutmağa məcbur oldu. Lakin onu da ödəyə bilmədiyindən növbəti banka üz tutdu. Bununla da özünü fəlakətə sürüklədi. Tanışım o gündən bu günə kimi hələ də özünə gəlməyib.

Bəli, artıq toylarda da qayda-qanun yaratmağın, daha doğrusu, şadlıq saraylarının israfçılıq buzunu da əritməyin vaxtı çatıb. Əgər vətəndaş “yaxşı deyil” deyib başqaları ilə yarışmaq məcburiyyətində qalırsa, demək, məsələni qanun səviyyəsində tənzimləmək lazımdır. Yəni bu məsələdə yas mərasimlərinə qoyulan bəzi vetolardan faydalanmaq daha yaxşı olardı. Zənnimizcə, bu, vətəndaşlarımızı həm israfçılıqdan, həm də borclardan qurtarar.

Qvami Məhəbbətoğlu