“Şadlıq evləri saxta malların, içkilərin ən çox realizə edildiyi yerlərdir”

0
645

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov: “Aşkarlanan keyfiyyətsiz məhsullar əslində bazardakı real vəziyyətlə müqayisədə “dəryada bir damladır”.

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən daxil olmuş məlumat əsasında Sumqayıt şəhəri, “Xəzər Bağları” yaşayış massivində yerləşən, Səfərəliyev Kamil Sədyar oğluna məxsus anbarda yoxlama aparılıb.

Komitədən APA-ya verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, adıçəkilən vətəndaş yararlılıq müddəti bitmiş, istehlaka yararsız, üzünü kif örtmüş kolbasa və ət məhsullarını alır, məhsulların üzərindəki kifi təmizləyərək, həmçinin istehsal və son istifadə tarixini pozaraq məhsulları yenidən Sumqayıt şəhərində yerləşən bəzi ictimai-iaşə müəssisələrinə və şadlıq saraylarına satır. Yoxlama zamanı anbarda 2085 kiloqram yararlılıq müddəti bitmiş, istehlaka yararsız kolbasa və ət məhsulları aşkar edilib. Yararlılıq müddəti bitmiş, istehlaka yararsız kolbasa və ət məhsullarının satışının və realizasiyasının dayandırılması barədə vətəndaşa tələbnamə təqdim olunub və məhsullardan nümunə götürülərək laboratoriyaya təqdim olunub. Fakt üzrə araşdırmalar davam etdirilir. Mövzunun aktuallığını nəzərə alıb, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin məlumatları əsasında ticarət şəbəkələrində müxtəlif çeşiddə, növdə və keyfiyyətdə satılan kolbasa məmulatlarından bəhs etmək istəyirik. Dövlət Xidməti bildirir ki, kolbasa istehsalına, saxlanmasına və satışına qoyulan müvafiq standart və tələblərə riayət olunması vacibdir: “Çünki istehlak üçün hazır qida məhsullarından biri olan kolbasa termiki emaldan keçirilmədən (sosis və sardel istisna olmaqla) qəbul olunur və bu insan orqanizminə ciddi təsir göstərə bilir. Belə ki, kolbasa məmulatı müxtəlif növ ət və ət məhsullarından hazırlanır. Bu məhsulları hazırladıqda növ və çeşidindən asılı olaraq tərkiblərinə əzələ toxumasından başqa, müxtəlif miqdarda piy toxuması, xörək duzu, su, bir sıra dad və rəngləyici maddələr, ədviyyat və s. əlavə edilir: “Kolbasa məmulatı alarkən onun bir sıra əlamətlərinə diqqət yetirmək vacibdir. Belə ki, kolbasa məmulatının (sellofandan hazırlanan qabıq istisna olmaqla) qabığı quru və bərk olaraq, ətə yaxşı yapışmalı, qabığın üzərində kif olmamalıdır. Çiy hisə verilmiş kolbasa növlərinin qabığının üzərində kolbasanın ətinə keçməmək şərti ilə az miqdarda ağ kif hissəcikləri ola bilər. Belə kolbasanın səthi quru, təmiz, ləkəsiz və zədəsiz olmalıdır. Kolbasa məmulatını bıçaqla kəsdikdə qiyməsinin rəngi həmin məmulatlar üçün xarakterik olmalıdır. Kolbasanın içərisində ağ ləkələr olmamalı, ovulmamalıdır. Piyin rəngi ağ və ya ağımtıl-çəhrayı olmalıdır. Hisə verilmiş kolbasalarda qiymə bərabər dərəcədə çəhrayı olmalı, bozumtul ləkələr olmamalı, piyin rəngi ağ və ya çəhrayı olmalıdır. Kolbasa reseptində məmulata əlavə qatışıqların – nişasta, un və s. qarışdırılması da nəzərdə tutulur. Əks halda, kolbasa öz keyfiyyətini itirə bilər. Amma bəzən istehsalçılar əlavələri normadan artıq etməklə istehlakçını aldadırlar. Belə ki, normadan artıq qatışıqlar vurulanda kolbasada ətin miqdarı azalır və bu onun keyfiyyətinə təsir göstərir. Nəticədə istehlakçıya daha az enerji verən məhsul satılmış olur ki, bu da onların qanunvericiliklə təsbit olunmuş hüquqlarının pozulmasına səbəb olur.

Ümumiyyətlə, hisə verilmiş, yarım hisə verilmiş, çiy hisə verilmiş və bişmiş halda olan kolbasa növlərinin hər biri standartların tələblərinə, texniki şərtlərinə cavab verməlidir. Məsələn, bişmiş kolbasanın tələblərinə görə 100 kq kolbasaya 2,3 kq xörək duzu istifadə olunmalıdır. Bundan başqa, orqanizmə mənfi təsir göstərən ağır metal duzları, və ya digər bakterioloji göstəricilər təhlükə törədərsə, bu məhsulların satışa buraxılması yolverilməzdir”.

Dövlət Xidməti bildirir ki, kolbasalar müvafiq qaydada markalanır və etiketində aşağıdakı məlumatlar olmalıdır:

– istehsalçının adı və ünvanı;

– əmtəə nişanı;

– istehsal və qablaşdırma tarixi;

– xalis çəkisi;

– məhsulun tərkibi;

– saxlama müddəti, saxlama şəraiti;

– qida əlavələri, aromatik əlavələr, bioloji aktiv qatışıqlar və digər inqrediyentlər;

– məhsulun hazırlanma üsulu;

– müvafiq standartın adı (nömrəsi) və s.

Kolbasanın çeşidindən və ona təsir edən amillərin xüsusiyyətindən asılı olaraq xarab olmasını göstərən əlamətlər müxtəlif olur. Xarab olmağa başlayan bütün kolbasa növləri üçün ümumi səciyyəvi xüsusiyyət onun səthində müxtəlif dəyişikliklərin əmələ gəlməsidir. Belə ki, rəngin bozarması, yapışqanlı mayenin və kifin əmələ gəlməsi, üzərini örtən qabığın ətdən ayrılması, kolbasa ətinin yumşalması və suyun çoxalması, xoşagəlməz iy məhsulun xarab olmasını göstərən başlıca əlamətlərdir. Ona görə də kolbasa məmulatlarını alarkən istehlakçılar diqqətli olmalıdırlar. Üzərində etiketi olmayan, buraxılma tarixi, yararlılıq müddəti göstərilməyən və ya bu müddətləri ötən kolbasaları almayın. Ticarət şəbəkəsində mövcud tələblərə cavab verməyən şəraitdə saxlanılan keyfiyyətsiz kolbasa məmulatlarına rast gəlsəniz, dərhal Dövlət Xidmətinə müraciət edin”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here