Şabranın Qorğan kəndinə ilk dəfə təbii qaz verilib

0
258

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Şabran rayonunun Qorğan kəndinin qazlaşdırılması işi başa çatdırılaraq, abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb.

Sentyabrın 4-də Qorğan kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə kənd sakinlərini təbrik ediblər. Bildirilib ki, Qorğan kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 12 min 462 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Bununla yanaşı, kənddəki 101 abonent üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Çıxışlarda rayonun yaşayış məntəqələrinin, xüsusən də dağ kəndlərinin “mavi yanacaq”la təminatı vətəndaşlarla yanaşı, təbiətə, ətraf mühitə qayğı kimi qiymətləndirib. Qeyd olunub ki, rayonun Sumağava Qazma kəndinin də qazlaşdırılması işləri yekunlaşdırılıb. Tezliklə bu yaşayış məntəqəsinin sakinləri də “mavi yanacaq”la təmin ediləcək.

Mərasimdə çıxış edən kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra məşəl alovlandırılıb və kəndə təbii qaz verilib.