Şabranda tədqiqatlar maraqlı faktlar üzə çıxardı

426
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlının rəhbəri olduğu Şabran arxeoloji ekspedisiyası orta əsr Şabran şəhəri ərazisində tədqiqatları davam etdirməkdədir.
 Bu barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı Pərviz Qasımov məlumat verib. Məlumatda deyilir: “Məlum olduğu kimi, keçən əsrin 80-ci illərində orta əsr Şabran şəhəri ərazisinin müxtəlif sahələrində arxeoloji qazıntı işləri aparılıb. Qazıntı işləri zamanı əldə olunmuş ən böyük nailiyyət orta əsr qəsrinin aşkar edilərək üzə çıxarılması olub. Uzun müddətdən sonra 2012-ci ildən başlayaraq, orta əsr Şabran şəhərində yenidən arxeoloji tədqiqatlar bərpa edildi. 2014-cü il arxeoloji qazıntıların gedişində qəsr ərazisindəki 100 kvadratmetrlik sahə 4 metr dərinlikdə qazılaraq tədqiq olunub. Qazıntılar zamanı qəsrin bürcü cənub-şərqdən cənub-qərb istiqaməti boyunca 8,5 metr uzunluğunda açılıb. Bürcün aşağı hissəsi təqribən 11 cərgədə mişar daşından (20×40 sm), üst hissəsi isə çay daşı və bişmiş kərpicdən hörülüb. Qazıntı zamanı müxtəlif səviyyələrdən dörd yanıq təbəqəsi aşkar edilib. Bunlar təqribən 60-80 santimetr, 1,5 metr, 2 metr və 3 metr dərinliklərdən üzə çıxarılıb. Bu da şəhərin dəfələrlə hücuma məruz qalaraq yandırılmasını sübut edir. Qəsrin tikinti üslubunun müxtəlifliyi məhz bununla əlaqədardır. Yer səviyyəsindən 3 metr dərinlikdən başlayaraq, qazıntı sahəsinin dibinədək 1 metr hündürlüyü olan yanıq torpaq təbəqəsi üzə çıxdı. Bu təbəqə burada vaxtilə güclü yanğın olduğunu göstərir. Yanıq təbəqəsində XIII-XIV əsrlərə aid aşkar edilmiş maddi-mədəniyyət nümunələrinin olması yanğının monqol hücumları zamanı baş verdiyini ehtimal etməyə əsas verir. Gələcək tədqiqatlar bu barədə daha dəqiq fikir yürütməyə imkan verəcək”.İnstitutun açıqlamasında o da qeyd olunur ki, qazıntıların gedişində tikili qalıqları ilə yanaşı, külli miqdarda arxeoloji materiallar da aşkar edilib: “Tapıntılar müxtəlif formalı və təyinatlı bütöv və fraqment halında olan şirli, şirsiz gil qab nümunələrindən, daş, gil və metaldan hazırlanmış əmək və məişət alətlərindən, bəzək əşyalarından, şüşə məmulatlarından və çoxsaylı mis pullardan ibarətdir. Bu ilki qazıntının dərinliyinin 4 metr olmasına baxmayaraq, mədəni təbəqə davam edir və gələcəkdə qazıntıların daha da inkişaf etdirilməsi nəzərdə tutulur. Qazıntılar bir daha göstərir ki, şəhərin bir sıra mühüm tarixi problemlərinin araşdırılması üçün qəsr və onun ətrafının tam açılıb tədqiq olunması çox vacibdir. Yaxın illərdə bu məsələ “Şabran arxeoloji ekspedisiyası”nın əsas tədqiqat istiqaməti olacaqdır. Arxeoloqların bu işlərində Şabran tarixi qoruğunun işçiləri yaxından iştirak edəcək və öz yardımlarını tədqiqatçılardan əsirgəməyəcəklər”.