Sabir Qaraxançallının ömür yolunun qısa xəritəsi

0
178

Bu günlərdə Mingəçevirin tanınmış ziaylılarından olan Sabir Qaraxançallının “Bir ömrün yadigarı” adlı şeirlər kitabı işıq üzü görüb. Qeyd edək ki, Sabir Qaraxançallı Mingəçevirdə yaşayıb-yaratsa da əslən Kəlbəcərin Qaraxançallılar kəndində anadan olub. Bu kitabda da  son dərəcə bir könül sahibinin bir ömür boyunca yaşadığı duyğular öz əksini tapıb. Müəllifin kitabda gənclik sevgisi də var, insanlardan gileyi də, halına şükr etməyi də, amma ən çox yurd həsrəti, Kəlbəcərsiz yaşanan illərin ağrı-acısı, bir şair könlündə açdığı şırımlar diqqəti çəkir. Müəlliflə həmsöhbət olarkən o da aydın oldu ki, onun ağrı-acısından doğulmuş şeirləri yüz minillərin dərdinin tərcümanıdır.

Sabir müəllimlə söhbətimiz zamanı o: “Bu kitab mənim yadıgarımdır”, – dedi: ”Boynuma alım ki, bu kitab mənim təşəbbüsümlə ərsəyə gəlməyib, oğlum Anar dostum Məmməd İsmayılla danışıb və mənə sürpiriz etmək istəyib. Amma kitab başa gələnə qədər sürpiriz olmaqdan çıxdı və burada toplanmış şeirlərin, digər yazıların yenidən işlənməsində mən özüm elə onlar qədər zəhmət çəkməli oldum. Onu da deyim ki, bu kitab mənim uzun ömür yolumun qısa xəritəsidir. Kitabdakı şeirlərimin hamısı oxucumun duyğularına tərcuman, sıxıntısına təsəlli olacaqsa ,inanıram ki, mən onu hiss eləyib rahatlıq tapacam. Onu da deyim ki, bu gün Azərbaycanda Vətən müharibəsi-haqq savaşı gedir. Şeirlər, yazılar indən sonra yazılmalıdır. Bu gün dünyanın gözü Azərbaycandadır. Vətənimizin yeni tarixi yazılır.”

Qeyd edək ki, Sabir Qaraxançallı hazırda daha bir kitab üzərində işləyir. Şübhəsiz, həmin kitabda müəllif yeni tariximizdən də ətraflı söz açacaq.

Esmira Hidayətova, Mingəçevir