Şaban: zurnanı danışdıran şəxs

33

 

40-50 il əvvəl kəndimizin toyları tam başqa idi. Bütün bunlar haqqında Neman Qədirbəyli “Kəndimizin toy adətləri” adlı yazısında ətraflı yazıb. Odur ki, mən bu yazımda bütövlükdə o vaxtkı toylarımızdan deyil, sadəcə onların, əgər belə demək mümkünsə, bir detalından, yəni çalğıçılardan, bir qədər ətraflı söz açmaq istəyirəm.

Bəli, günortaya yaxın çalğıçılar musiqi sədaları altında toy sahibinin həyətinə daxil olardılar. Şən musiqi sədaları bütün kəndi bürüyərdi. (O zamanlar heç səsgücləndirici, videokamera, elektrogitara nəydisə, bilən də yox idi). Bəli, bəyin valideynləri, yaxud yaxınları minbir sevinc içində xonça ilə onları qarşılayardılar. Həmin çalğıçılara da o zaman Quba-Xaçmaz zonasında kifayət qədər tanınan Şaban adlı bir şəxs rəhbərlik edərdi. Bəlkə də elə bu səbəbdən onun dəstəsi “Şabanlar” kimi təqdim olunardı.

 “Onun “Vağzalı”sı indi də qulaqlarımdadır”

Bəri başdan qeyd edək ki, yüksək musiqi duyumuna malik olan Şaban zurnanı, klarneti elə məharətlə çalardı ki, onun sehrinə düşməmək mümkün deyildi. Odur ki, bu sənətkarın həmişə müştəriləri olardı. Hətta eşitdiyimə görə, o zaman övladlarına toy edən şəxslər toy məclislərinin günlərini Şabanın qrafikinə əsasən müəyyən edərdilər. Yeri gəlmişkən qeyd edək ki, Şaban bu sahə üzrə təhsil almamışdı. Kəndimizin mollası Hacı Yaşar Həmidovun verdiyi məlumata görə, musiqiyə böyük marağı olan Şaban 8 yaşından kəndimizin Şıxaydın adlı bir sakinindən zurna çalmağın sirlərini öyrənib, yəni onun ustadı həmin kişi olub: “Amma dövrün tələblərinə uyğun olaraq Şaban sonradan klarnet çalmağı özü müstəqil əxz edib. Onun istər qara zurnada, istərsə də klarnetdə vurduğu xallara, zəngulələrə söz ola bilməzdi. Mənim fikrimcə, Şaban zil səsi olan zurnanı daha məharətlə ifa edərdi. Odur ki, onun zurnası klarnetini kölgədə qoyardı. Şaban kişinin zurnada ifa etdiyi “Vağzalı” indi də qulaqlarımdadır. Hərdən mənə elə gəlirdi ki, o,  sadəcə zurna çalmır, onu danışdırır, onunla həmsöhbət olaraq hamını heyrətə salacaq olduqca maraqlı kompozisiya qurur. Nə yazıq ki, o, sağlılğında layiq olduğu səviyyədə qiymətləndirilmədi”.

Amma, amma…

Bu məsələni bir qədər dərindən araşdıranda məlum olur ki, burada müəyyən amillər rol oynayıb. Belə ki, sən demə, o zamanlar Şaban müəyyən maneələrlə rastlaşıb. Hətta o zaman sovxozda fəhlə çalışan Şabanın toylara getməsi iş rejimini pozması kimi yozulub. Bir sözlə, onun bu sərbəstliyinə iradlar bildirilib. Elə bu kimi səbəblərdən hər kəsin qibtə edəcəyi bir sənətə sahib olmağı qarşısına məqsəd qoyan və bu amal uğrunda gecə-gündüz çalışan və istəyinə nail olan Şaban sonradan, daha doğrusu, şöhrətinin zirvəsində olduğu dönəmdə içkiyə meyl salmaqla öz gələcək fəaliyyətinə kölgə salır. Bu amil də onun karyerasına mənfi təsir göstərir. O, uzun illər bu zərərli vərdişdən azad olunmaq üçün edilən iradlara, tövsiyələr məhəl qoymur. Beləcə o, 1982-cü ildə sənət aləmindən tamamilə uzaqlaşır. (Deyilənlərə görə, Şabanın bir musiqiçi kimi idarə etdiyi son toy Rahib Teymur oğlu Şixiyevn toyu olub). Üstəlik, özünəməxsus musiqi alətlərini dəyər-dəyməzinə satır və sovxozun inşaat briqasında adi bir işçiyə çevrilir. Hətta işləmək üçün o, hərdən Orta Asiyaya da üz tutardı. Halbuki o, sənətini davam etdirsəydi, ifa etdiy mahnıların sorağı indi “Qızıl fond”dan gələrdi. Heyhat, o buna da can atmadı, necə deyərlər, şeytan onun yolundan azdırdı. Nəticədə həm yaxşı sənətkar kimi, həm də içkiyə meyilli şəxs kimi yaddaşlara həkk olundu.

 

 

 

Haşiyə

Maarif Əmkişiyevin xatirələrindən: “Şaban çox gözəl sənətkar idi. Öz ifaçılıq bacarığı ilə zonamızda ad-san qazanmışdı. Hətta o zamanlar belə deyərdilər:  “Şimal zonasında ondan yaxşı zurna çalan yoxdur”. Amma, amma… Şaban öz pis vərdişinin qurbanı oldu”.

Fərhad Babayevin xatirələrindən:  “Dəqiq deyə bilmərəm. Deyəsən, ötən əsrin 60-cı illərin birinci yarısında ümümrespublika xalq musiqiçilərinin festivalında fərqləndiyi üçün (zurnada ifaya görə) o, özəl mükafata da layiq görülmüşdü”.

Hacı Salmanın yaddaşından: “Şaban bizim zonanın, əgər belə demək mümkünsə, aparıcı bir musiqiçisi olub. Çox böyük hörmət sahibi idi. Amma…”

Neman Qədirbəylinin xatirələrindən: “Şaban kişi musiqi sahəsində Allahın kəndimizə bəxş etdiyi istedad idi. Klarnetin, zurnanın, balabanın mahir ifaçılarından biri sayılırdı. Onun adı dəvəçili Ağası ilə birgə çəkilərdi. Şabanın respublika musiqi festivalında iştirakı barədə rəhmətlik yeznəm Arif bəydən eşitdiklərimlə fikrimi tamamlamaq istəyirəm. O bir dəfə mənimlə söhbətində Şabanla bağlı xatirələrini bölüşərkən demişdi: “Köhnə Basin küçəsi ilə (indiki Füzuli) gedirdim. Uzaqdan musiqi səsi gəlirdi. Azdramaya (Akademik Milli Dram Teatrı) yaxılaşan zaman diktor elan etdi ki, indi də zurnada Şaban Şıxıyev “Şur” muğamını ifa edəcək. İfaçılar Azdramanın damında idilər. Şaban çalmağa başladı. Küçədən keçənlər də ayaq saxlayıb onu dinləməyə başlaldılar. Lap “Bəxtiyar” filmində olduğu kimi. Deyəsən, onda hansısa yeri də tutmuşdu”. Amma sonradan öz pis vərdişi ucbatından irəli gedə bilmədi.

Əlibaba, Zahid…

Şaban kişidən söz açıb onunla birgə çalışanları yad etməmək qəbahət olardı. Belə ki, onun dəstəsində Zahid (nağara) Əlibaba (züytutan) da vardı. Bu üçlük ayrı bir aləm idi. Yeri gəlmişkən, Neman Qədirbəyli onları belə xatırladı: “Şıdırğı rəqs edən cavanların sevincindən cuşa gələn Şaban həvəslə qara zurnasını inildədər, şalvarının ütüsü ülgücə bənzəyən Əlibaba kişi ovurdlarını köptürə-boşalda ona züy tutardı. Nağaraçı Zahid isə özü ayrıca bir “toy” idi. Anadangəlmə komik olan bu kişi etdiyi gülməli hərəkətlərdən uğunub gedən uşaqların şirin, şən qəhqəhələrinin müşaiyəti altında zoğal ağacından düzəltdiyi çubuqlarla nağarasını döyəcləyərdi”.

Sonradan Feyzulla, Yaşar Həmidov da bir müddət onunla birgə işlədi. Amma Şabanın içkiyə meyl salması bu dəstənin dağılması ilə nəticələndi”.

Son

Qeyd edək ki, 1932-ci il təvəllüdlü Şaban Əsbəndi oğlu Şixiyev 2003-cü ildə dünyasını dəyişib. Onun Xədicə adlı bir bacısı da olub. Şaban iki dəfə ailə qurub. Birinci həyat yoldaşından iki övladı (Nübar, Sakit) olub. İkinci dəfə isə Aşağı Seyidlidən olan Sənubər adlı bir xanımla ailə qurub. Bu izdivacdan isə 7 övladı (5 qız –Sevil, Mahirə, Sədaqət, Sevinc, Kifayət, 2 oğlan-Malik, Elşad…) olub. Şabanın adına gəldikdə isə çox güman ki, Şaban ərəb qəməri təqviminin səkkizinci ayında, yəni şaban ayında dünyaya gəldiyinə görə ona belə bir ad verilib. Amma onun haqqında digər məlumatları dəqiqləşdirməkdə, fotolar əldə etməkdə çətinlik çəkdik.

Bəli, insanlar tərəfindən sevilən Şaban bir zamanlar kəndimizdə, şimal zonasında bir simvola, bir ulduz  çevrilmişdi. Amma, amma… Elə mən də bu ammalarla yazını sona çatdırıram.

Qvami Məhəbbətoğlu (Rəsulov)