Sabah ilk qəbul imtahanıdır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 12-də 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.  TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, imtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 52 binada keçiriləcək.

İmtahanların idarə olunmasına 220 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2429 nəzarətçi-müəllim cəlb olunacağını deyən TQDK sədri vurğulayıb ki, imtahanda 28955 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 21828 abituriyent I qrup üzrə, 7127 abituriyent IV qrup üzrə imtahan verəcək. Bakı şəhərində 12843, Naxçıvanda 1469, Gəncədə 3482, Sumqayıtda 1844, Mingəçevirdə 1334, Şəkidə 1834, Ağcabədidə 954, Göyçayda 1410, Şirvanda 1076, Lənkəranda 1554, Xaçmazda isə 1155 abituriyentin imtahan verəcəyi gözlənilir. Abituriyentlərdən 26160 nəfəri (I qrup üzrə 19656 nəfər, IV qrup üzrə 6504 nəfər) Azərbaycan bölməsinin, 2795 nəfəri (I qrup üzrə 2172 nəfər, IV qrup üzrə 623 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 17703 nəfəri (I qrup üzrə 13472 nəfər, IV qrup üzrə 4231 nəfər) oğlanlar, 11252 nəfəri (I qrup üzrə 8356 nəfər, IV qrup üzrə 2896 nəfər) isə qızlardır. 16 nəfər ali təhsil müəssisələrinin, 791 nəfər orta ixtisas təhsili müəssisələrinin məzunudur. 184 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1988-ci ildən, ən gənci isə 1997-ci ildəndir.

 
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.