“Sabah” da uduzdu, “Qəbələ” də…

406

Avqustun 19-da Topaz Premyer Liqasının ikinci turunun maraqla gözlənilən mərkəzi oyununda “Qəbələ” və “Neftçi” üz-üzə gəlib. Oyun paytaxt təmsilçisinin meydanında – “Dalğa Arena”da keçirilib.

Baş hakim Rəhim Həsənovun idarə etdiyi qarşılaşma “Neftçi”nin qələbəsi ilə başa çatıb (2:1). Oyuna hücumlarla başlayan paytaxt komandası 36-cı dəqiqədə hesabda irəli çıxıb – 1:0. Qonaqların müdafiəçilərinin kobud səhvindən istifadə edən Baqali Dabo keçmiş komandasının qapısına qol vurub.

Fasilədən sonra da matç “ağ qaralar”ın hücumları şəraitində keçib. Rəqib komandanın müdafiəsinin səhvindən yararlanan Qoran Paratskinin ötürməsindən sonra Dario Frederiko 48-ci dəqiqədə meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb. Qarşılaşmanın sonlarında “Qəbələ”nin futbolçusu Rauf Əliyevin vurduğu qol sayəsində hesab arasındakı fərq azalıb – 2:1. Beləliklə, paytaxt komandası bu mövsüm çempionatda ikinci qələbəsini qazanıb.

Qeyd edək ki, bu rəqiblər indiyədək ölkə çempionatında 40 dəfə üz-üzə gəlib. Matçların 17-də “Neftçi”, 15-də isə “Qəbələ” qələbə qazanıb, 8 qarşılaşma isə heç-heçə yekunlaşıb.

İkinci tura “Sabah” – “Sumqayıt” komandalarının “Əlincə Arena”dakı matçı ilə yekun vurulub. Turun son oyununda debütant “Sabah” öz meydanında “Sumqayıt” klubunu qəbul edib. Qarşılaşma sumqayıtlıların 4:1 hesablı qələbəsi ilə başa çatıb. “Gənclik şəhəri” təmsilçisinin heyətində Cavid Tağıyev, Elvin Məmmədov, Şəhriyar Əliyev və Ülvi İsgəndərov, meydan sahiblərindən isə Marko Deviç fərqləniblər.

Qeyd edək ki, ilk turda sumqayıtlılar “Neftçi”yə 0:2 hesabı ilə məğlub olmuş, “Sabah” isə “Keşlə” üzərində gözlənilmədən minimal hesablı (1:0) qələbə qazanmışdı.

İki turdan sonra turnir cədvəlinə 6 xalla “Neftçi” klubu başçılıq edir. Aktivlərində 3 xal olan “Qəbələ”, “Qarabağ” (bir oyun az keçirib), “Sumqayıt” və “Sabah” klubları 2-5-ci pillələri bölüşürlər. Hər iki oyunda məğlub olan “Səbail” isə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

q