Saakaşvili: “… dadımıza Azərbaycan çatdı”

0
551

“Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili yalan danışmaqda davam edir”. “APA-Economics” xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti, hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixeil Saakaşvili “Rustavi 2” telekanalına müsahibəsində deyib.

“O iddia edir ki, Rusiyanın “Qazprom” şirkətinin səhmdarı deyil. Amma hamımız bilirik ki, o, “Qazprom”un əsas səhmdarlarından biridir. Bununla bağlı İsveçrədə xüsusi hesabat açıqlanıb. Amma o hamını aldatmaqda davam edir. “Qazprom”un səhmdarı isə birbaşa olaraq Kremldən göstəriş alır. Belə olmasaydı, Rusiya KQB-si ona səhmdar olmağa imkan verməzdi”, – deyə sabiq prezident bildirib.

Bundan sonra, M. Saakaşvili “Qazprom”un 2005-ci ildə Gürcüstana qaz nəqlini dayandırmasını xatırladıb: “Necə unutqan oldunuz?! 2005-ci ildə “Qazprom” boğazımızdan yapışarkən, dadımıza Azərbaycan çatdı. Azərbaycan öz əhalisinin yarısını qazsız qoyub, bizi qızdırdı. Ardınca biz Azərbaycanla müqavilə imzaladıq. Müqaviləyə əsasən, biz az qala dünyanın ən ucuz qazını alırıq. Bundan sonra yenə ölkəmizi dağıdanlarla işbirliyinə başlandı. İndi Azərbaycan bizim haqqımızda nə düşünməlidir? Bizim naşükür xalq olmağımızı? Lakin xalq yox, rəhbərlik naşükürdür”.