“Şəxsiyyət müəllim-valideyn, məktəb-valideyn münasibətlərinin vəhdəti nəticəsində formalaşır”

0
562

Təhsilin inkişafı, keyfiyyət göstəricilərinin artırılması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Son illər məhz təhsil sahəsində gedən inkişaf və təhsilin bütün sahələrində islahatların daha da genişlənməsi dövrü kimi xarakterizə olunur.

Bərdə  rayonunda öz uğurları ilə seçilən çox sayda təhsil ocağı var. Onlardan biri də şəhid Rəhman İsmi oğlu Abbasov adına Əmirli kənd tam orta məktəbidir. Məktəb binası köhnə, təmirsiz və şəraitsiz olmasına baxmayaraq təhsildə öz uğurları ilə həmişə öndə olub. Qəbul imtahanlarında bu təhsil müəssisəsinin uğurlu nəticələr göstərməsi də buna sübutdur.

Bu günlərdə Bərdə rayonunda olarkən rayonun ən ucqar kəndlərindən  biri olan Əmirli kənd məktəbinin direktoru Rəvan Mikayılovla görüşdük. Rəvan müəllim bildirdi ki, uğurlarımızdan biri də ötən il 9-cu siniflərin buraxılış imtahanlarının nəticələrinə görə rayon üzrə 75 məktəb arasında birinci olmağımızdır: ”Doğrudur, şəraitsiz və dar sinif otaqlarında dərs keçirik. Amma bu çətinliklər təhsilin keyfiyyətinə mənfi təsir etmir. Ötənilki 11-lərdən 7 şagirdimiz  700-ə yaxın balla  ali məktəblərə qəbul olunublar. Bu il də sınaq imtahanlarının nəticələrinə görə yenə öndəyik. Mən inanıram ki, bu il şagirdlərimizdən 700 bal toplayanlar da olacaq. Onu da deyim ki, fənn olimpiadasının qalibi Fidan Fərzəliyeva zona mərhələsinə hazırlaşır. Bu şagirdimizdən gözləntilərimiz var”.

Rəvan müəllimin sözlərinə görə, rəhbərlik etdiyi məktəbdə müəllim-valideyn münasibətləri çox yaxşı təşkil olunub: “Bizim valideyinlərimiz də uşaqlarından yaxşı oxumağı tələb edirlər. Ümumiyyətlə, mənim fikrimcə, məktəb təlim-tərbiyə ocağıdır. Burada əsas məqsəd həm cəmiyyət üçün savadlı, həm də mənəvi dəyərlərə sahib olan şəxsiyyət yetişdirməkdir. Bu cür şəxsiyyətlər də müəllim- valideyn, məktəb- valideyn münasibətlərinin vəhdəti nəticəsində formalaşır”.

Müsahibimiz daha sonra dedi: “Bəzən deyirlər ki, kənd yeridir, orada nə təhsil var ki. Mən bu fikirlə əsla razı deyil. Çünki bu, belə deyil.”. Məktəbdə dərsdən sonrakı müddətdə fakültativ məşğələlərin effektiv olmasına da xüsusi diqqət yetirilir deyən direktor bildirdi ki, təhsil müəssisəsinin pedaqoji kollektivi müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərir, yeni metodlardan istifadəyə üstünlük verir: “Hər bir təhsil ocağının uğuru peşəkar müəllim kollektivindən çox asılıdır. Şübhəsiz, indiki müəllimlər ənənəvi müəllimlərdən fərqlənməlidir. O, savadlı olmalı, öz fənnini bilməlidir, işini sevməlidir. Başlıcası isə uşaqları sevməlidir. Bu mənada qazandığımız nailiyyətlərdə müəllim təcrübəsi, pedaqoq əməyi danılmazdır”.

Esmira Hidayətova, Bərdə