“Səviyyəli veriliş verin, görün baxan olacaq, ya yox?”

426

Noyabrın 25-də Milli Televiziya və Radio Şurasında ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələrinə dair konfrans keçiriləcək. Tədbirdə teleradio yayımçılarının ədəbi dil normalarına nə dərəcədə riayət etmələri ilə bağlı sentyabr-oktyabr aylarında aparılmış monitorinqlərin nəticələri açıqlanacaq.

Tədbirdə gərgin müzakirələrin aparılacağı indidən bəllidir. Çünki televiziya və radiolarımızda çalışanların ədəbi dil normalarına nə dərəcədə əməl etmələri cəmiyyətimizdə tez-tez müzakirə olunur və bir sıra hallarda təndiqi fikirlər səsləndirilir. Lakin televiziyalarımızı tənqidin əhatə dairəsi təkcə bununla yekunlaşmır. Söhbət, təbii ki, telekanallarımızda yayımlanan verilişlərin səviyyəsi ilə bağlı müzakirələrdən gedir. Tənqidlər əsasən, telekanallarımızda kriminal veriliş və xəbərlərə, şou-proqramlara, bayağı verilişlərə üstünlük verilməsi üzərində qurulur. Necə deyərlər, axtardığını yerli kanallarımızda tapmayanlar xarici telekanalları izləməyə üstünlük verirlər. Bu yazımızda ictimaiyyətin müxtəlif təbəqəsindən olan insanların telekanallarımızla bağlı fikirlərini öyrəndik. Onlardan telekanalları tənqid edənlər də oldu, onlara haqq qazandıranlar da.

Aktyor Rza Rzayev “Zaman-Azərbaycan”a açıqlamasında fikirlərini belə əsaslandırdı: “Televiziyada gördüyümüz mənfiliklər cəmiyyətimizdə var. Lakin bu mənfilikləri təbliğ etmək yox, onlara qarşı mübarizə aparmaq televiziyalarımızın funksiyası olmalıdır”.

Araşdırmaçı jurnalist Xaqani Səfəroğlu telekanallarımızda bəzi aparıcıların çox primitiv olduqlarını düşünür: “Bizim telekanallar tamaşaçını inandırmaq gücünü itirib. Yaxşı verilişlərin olmasını istərdim. Bütün sahələr üzrə peşəkar komandanın təqdim etdiyi proqramlara baxmaq istərdim. Amma təəssüf… Bizim telekanalların bir çox verilişləri vağzal kafelərinin ucuz menyularına bənzəyir. Bu verilişlər yaddaqalan ləzzət üçün deyil, “birdəfəlik istifadə” üçün nəzərdə tutulur”. X. Səfəroğlu efirlərdə ictimai-siyasi verilişlərin, tok-şouların çox olmasını istədiyini dedi.

Araşdırmaçı jurnalist Həbibə Abdullanın isə sualımıza cavabı belə oldu: “Hazırda efirlərimizdə bir çox verilişlər var ki, olması arzuolunandır, amma indiki formada yox. Deyirlər ki, tamaşaçı buna baxır. Siz bir tamaşaçıya normal, səviyyəli veriliş təqdim edin, görün baxacaq, ya yox?”

Azərbaycan telekanallarında yayımlanan verilişlərlə bağlı istər rəsmi, istərsə də qeyri-rəsmi səviyyədə müzakirələrə tez-tez rast gəlirik. Bir çox hallarda bu fikirlər tənqid üzərində qurulur. Tənqidlər əsasən telekanallarımızda kriminal veriliş və xəbərlərə, şou proqramlara, bayağı verilişlərə üstünlük verilməsi ilə bağlıdır. Bəlkə elə bu səbəbdəndir ki, yerli tamaşaçıların çoxu məhz xarici telekanallara baxmağa üstünlük verirlər. Bəs cəmiyyətimizdə hansı verilişlərə tələbat çoxdur? Tamaşaçılar hansı verilişlərin olmasını istərdilər?

Tanınmış jurnalist Xaqani Səfəroğlu sualımıza belə cavab verdi: “Yerli telekanallara nadir hallarda baxıram. Zövqümə uyğun veriliş yoxdur. Şou və kriminal mövzular xəbər saatlarının əsas hissəsini təşkil edir”.

 “Verilişlərin bəziləri vağzal kafelərinin ucuz menyularına bənzəyir”

Xaqani Səfəroğlu telekanallarımızda bəzi aparıcıların çox primitiv olduqlarını düşünür: “Bizim telekanallar tamaşaçını inandırmaq gücünü itirib. Yaxşı verilişlərin olmasını istərdim. Bütün sahələr üzrə peşəkar komandanın təqdim etdiyi proqramlara baxmaq istərdim. Amma təəssüf… Bizim telekanalların verilişləri, proqramlarının bəziləri vağzal kafelərinin ucuz menyularına bənzəyir. Bu verilişlər yaddaqalan ləzzət üçün deyil, “birdəfəlik istifadə” üçün nəzərdə tutulur”.

X. Səfəroğlu efirlərdə ictimai-siyasi verilişlərin, tok-şouların çox olmasını istədiyini dedi.

Azərbaycan dili və ədəbiyyatı müəllimi Seymur Tağızadə yerli telekanallarımıza baxdığını söylədi: “Daha çox elm və təhsillə bağlı, həmçinin sosial problemlərlə bağlı verilişlərin olmasını istəyərdim”. S. Tağızadə hesab edir ki, teleaparıcıların dövlət tərəfindən yaradılmış vahid qurum tərəfindən seçilərək efirə buraxılmaları təmin edilməli, onların nitq mədəniyyəti vərdişləri yoxlanılmalıdır.

 “Televizorun pultu bütün gün onların əlində olur”

Jurnalist Ruslan Xəlil yerli telekanallara baxa bilmədiyini dedi: “Baxmaq imkanım olmur. Nə yerli, nə də xarici telekanallara baxıram. Dünya çempionatının bir-iki oyununa baxmışam. O da internet üzərindən. Mən daha çox telekanallarımızda kinoların göstərilməsini istəyirəm. Kinolar çox maraqlı olur”.

Metodist Hicran Abdullabəylinin sualımıza cavabı belə oldu: “Açığını deyim ki, evdəkilər mənə imkan vermirlər. Televizorun pultu bütün gün onların əlində olur. Amma yaxşı heç nə gözləmirəm”.

 “Pisliklərə qarşı mübarizə aparmaq televiziyalarımızın funksiyası olmalıdır”

Aktyor Rza Rzayev: “Televiziyalar cəmiyyətin hansısa hissəsinin, təbəqəsinin səviyyəsinə, zövqünə uyğun verilişlər hazırlamamalı, həmin hissənin səviyyəsinə düşməməli, zövqünə uyğunlaşmamalıdır. Cəmiyyətimizin ümumi məqsədləri nəzərə alınmalıdır. Cəmiyyətimizin həmin hissəsinin, təbəqəsinin səviyyəsini qaldıran verilişlər hazırlanmalıdır. Bu gün televiziyaların yaratdığı problemlər, cəmiyyətimizin mahiyyətindən doğan problemlər deyil. Televiziyalar tərəfindən cəmiyyətimizdə yaradılan süni problemlərdir. Bu gün televiziyada danışılan açıq-saçıq sözlər, açıq-saçıq geyimlər sabah cəmiyyətimizdə öz əksini tapacaq və ya tapır. Ümumi insan psixologiyasına aid olan mənfiliklərdən bizim cəmiyyətimiz də xali deyil. Televiziyada gördüyümüz mənfiliklər cəmiyyətimizdə var. Lakin bu mənfilikləri təbliğ etmək yox, mənfiliklərə, pisliklərə qarşı mübarizə aparmaq televiziyalarımızın funksiyası olmalıdır”.

 “Maarifləndirici verilişlərin olması da önəmlidir”

Əməkdar müəllim Almaz Həsrətin fikrincə, telekanallarımızda daha çox vətənpərvərlik və vətənimizin tarixinə aid sənədli filmlərə üstünlük verilsəydi, daha yaxşı olardı. Bundan əlavə, təhsil yönümlü, maarifləndirici verilişlərin olması da önəmldir.

Mədəniyyə işçisi Sevinc Hüseynova: “Şit olmayan, insanı düşündürən, dərin, dolğun, səviyyəli verilişlərin olmasını çox istərdim”.

“O xəbəri seçdim, dedilər, kimə maraqlıdır bu?”

Şairə, tərcüməçi Sevil Gültən xəbər saatlarında kriminal mövzulara geniş yer verilməsinin əleyhinə olduğunu söylədi: “Zənnimcə, kriminal mövzularda xəbərlər ayrıca verilişlərdə verilməlidir. Qoy kim istəyirsə, baxsın. Mən ən çox tərbiyəvi əhəmiyyət daşıyan verilişlərin göstərilməsini istəyirəm”.

Sevil Gültən bir maraqlı məlumatı da diqqətə çatdırdı. Dediyinə görə, ötən il telekanalların birində “Xəbərlər” proqramında işə düzəlmişdi. Amma oradakı şəraitə dözüb işləyə bilməyib: “Vəzifəm müxtəlif saytlardan bəd xəbərləri seçmək idi. 250 manat maaşa, bir gündən bir işləməli idim. Amma o bəd xəbərlər məni bezdirdiyindən işləyə bilmədim. Bir saytda xəbər vardı ki, Azərbaycan Yazıçılar Birliyinin qurultayı olacaq. O xəbəri seçdim, dedilər, kimə maraqlıdır bu? Amma Ağdaşın Qaraçılar məhəlləsində kütləvi dava olub – bu xəbəri “bəh-bəh”lə seçirdilər. İnanın, orada hiss edirdim ki, işçilər bəd xəbər olanda sevinirlər. Beləcə, işdən ayrıldım”.

 “Telekanallar bu məsələdə “qırmızı xətt”i keçirlər”

Reportyor Fərahim İlqaroğlunun mövzuya baxışı, yanaşması bir qədər fərqli oldu: “Bu gün televiziya tamaşaçılarının 80 faizi kriminal və şou tipli proqramlara baxır və maraq göstərir. Deməli, tamaşaçılarda bu sahələrə qarşı bir aclıq var. Kanallar da verilişləri ilə bu boşluğu doldurmağa çalışırlar. Lakin hesab edirəm ki, telekanallar bu məsələdə “qırmızı xətt”i keçirlər. İnsanlarda psixoloji gərginlik yarada biləcək süjetləri və verilişləri efirə verməyə çəkinmirlər. Bu da kənardan çox iyrənc bir mənzərə yaradır. Kriminal və şou proqramlara baxmaq olar, amma sırf maariflənmək məqsədi ilə. O da ki bizim telekanallarda yoxdur. Mən ancaq kriminal süjet və verilişlərə baxıram. Çox şey öyrənirəm və bu mənə işimdə lazım olur”.

 ATV-də yayımlanan “Səni axtarıram”ı götürək…

Araşdırmaçı jurnalist Həbibə Abdullanın sualımıza cavabı belə oldu: “Deyə bilmərəm ki, ümumiyyətlə, telekanallarımıza baxmıram, amma ardıcıl olaraq izlədiyim veriliş yoxdur. Bikarçılıq olanda hansısa filmə, verilişə baxıram. Kriminal və şou verilişlərə də həmçinin ardıcıl olaraq baxmıram. Şou aləmində mentalitetimizə, dinimizə, xalqımızın xarakterinə uyğun hadisələr baş vermir. Şou verilişlər bu səbəbdən baxımlı deyil. Kriminala gəlincə, bütün standartlar pozulur, bəzən elə olur ki, heç bir mənəviyyata, insafa, vicdana sığmayan halları efirə verirlər. Üstəlik, müxtəlif kriminal hadisələr elə təqdim edilir ki, sanki təriflənir. Hər hansı əsaslı tənqid, çəkindirmə motivləri olmur. AzTV vasitəsilə işıqlandırılan muğam müsabiqələrinə baxıram. “İdman Azərbaycan”da bəzi futbollara baxıram. Həmçinin bəzən maraqlı bilik yarışmaları olur, amma onları intensiv surətdə izləmirəm. Bir də yaxşı tərcümə olunmuş yeni filmlər olanda baxıram, fərqi yoxdur hansı telekanalda yayımlanır. Əslində hazırda da bir çox verilişlər var ki, olması arzuolunandır, amma indiki formada yox. Tutaq ki, ATV-də yayımlanan “Səni axtarıram”ı götürək, bu əslində əla layihədir, başqa ölkələrdə də var, lakin heç kim bizdəki kimi yasxanaya çevirməyib. Mənim yaşlı qohumlarım o verilişə baxıb ağlaşırlar, bəzən şəkəri, təzyiqi qalxanlar da olur. Bu, təbii ki, yolverilməzdir. Deyirlər ki, tamaşaçı buna baxır. Siz bir tamaşaçıya normal, səviyyəli veriliş təqdim edin, görün baxacaq, ya yox? Maarifləndirici, məlumatlandırıcı, hüquqi, maliyyə mövzularında savadlandırıcı verilişlərin olmasını arzulayırıq”.

Nicat İntiqam