Səttar Bəhlulzadə dühasının parlaq plastik ifadəsi

547

Sağlığında əsərləri tamaşaçıları ovsunlayan Səttar Bəhlulzadənin özü də davamlı olaraq rəssam və heykəltəraş həmkarlarının diqqət mərkəzində olmuşdur. Bunu başlıca səbəbi rəssamın zahiri görkəminin sənət dünyası kimi cəlbediciliyi olmuşdur. Doğrudan da uzun saçları, arıq və uzun barmaqları, nüfuzedici gözlərinin bənzərsiz rəngi zamanında onun ümumi görkəminin qəribə və cəlbedici olmasını şərtləndirmişdi. İnsani keyfiyyətlərini səciyyələndirən sadəliyi, müxtəlif peşəli adamlarla ünsiyyətindəki qeyri-adi səmimilik onu hamının sevimlisinə çevirmişdi, desək, yanılmarıq. Müasirlərinin görkəmli mənzərə ustasının “Aramızda gəzən dahi” kimi çağrılması da sənətinə diqqətin, şəxsiyyətinə ehtiramın göstəricisi idi.
Ona duyulası rəğbət bəsləyənlərdən biri də tanınmış heykəltəraş Ömər Eldarov olmuşduri. Onlar demək olar ki, hər gün görüşürdülər. Səhər tezdən Əmircan qəsəbəsindən paytaxta üz tutan Səttar Bəhlulzadə “Rəssamlar evi”nin beşinci mərtəbəsində yerləşən emalatxanasına qalxmazdan əvvəl, həyətdə həm də burada yaşayan həmkarları, o cümlədən də Ömər Eldarovla görüşər, hal-əhval tutardı. Bu günlərdə görkəmli tişə ustası ilə söhbətimiz zamanı xəyalən həmin günlərə qayıtdıq. Belə ki, xatırlanmalı şeylər həqiqətən də çoxdu. Məni daha çox Ömər Eldarovun sənət aləmində çox məşhur olan həmkarına həsr etdiyi iki portretin yaranma rarixçəsi maraqlandırırdı. Ona fikrimi bildirəndə məmnuniyyətlə razılıq verdi. Dekabr ayının 21-də anadan olmasının 90 illiyini qeyd edəcək Ömər müəllim ötən günləri çox dəqiqliklə xatırladıqca onun yaddaşına heyran qalmamaq olmurdu…
O, ilk olaraq bildirdi ki, Səttarla ünsiyyət başqa aləm idi. Hərəkətləri və danışığı səmimiyyətə və təbiiliyə bələnmiş rəssamın davranışını kənardan izləməyin özü də bir tamaşa idi. Emosionallığı və çılğınlığı hər sözündə və hərəkətində duyulan rəssam uzaqdan səhnədə çıxış edən aktyora bənzəyirdi. Onun arıq və uzun barmaqları ilə fikrini izah etməsi və yaxud da fikrini əllərini yuxarı qaldırmaqla təsdiqləməsini hər dəfə maraqla izləyər, uzun müddət unuda bilmirdim. Klassik səliqədən çox uzaq olan sadə geyimində o, qeyri-adi və çox baxımlı idi. Başqa sözlə desək, Səttar bütün varlığı ilə məni ovsunlamışdı. Odur ki, ürəyimdən onun portretini işləmək keçirdi. Sənəti və davranışı heç bir “qəlib”ə sığışmayan Səttarın timsalında yaradıcı insanın obrazını yaratmaq istəyirdim. Məndən əvvəl artıq iki heykəltəraşın – Fuad Əbdürrəhmanov və Pyotr Sabsayın onun portretini işlədiyini də bilirdim. Təbii ki, yaradacağım obrazın məlum əsərlərdən fərqli olmasını istəyirdim.
Altmışıncı illərin ortalarına yaxın bizim ilk yaradıcı ünsiyyətimiz baş tutdu. Emalatxanada görüşümü z zamanı mən onun portretini hazırlıq materialı kimi etüd formasında işlədim. İş prosesində onun davranışından çox razı qaldım, Başqa sözlə desək, bəzi naturalar kimi məni incitmədi. Ümumiyyətlə, Səttar poza verməyi xoşlayardı. Elə onun çoxsaylı foto şəkillərdə cəlbedici görünməsi də vurğuladığım xasiyyəti ilə bağlı idi… Odur ki, bir seansdan sonra onu çox yormaq istəmədim. İşlədiyim portret-etüdü və rəssamı ən müxtəlif pozalarda əks etdirən foto şəkilləri ərsəyə gətirməyə qərar verdiyim əsər üçün qənaətbəxş hazırlıq materialı saydım.
Bir müddət portretin pozasının necə olacağı barəsində düşündüm. Etiraf edim ki, bu proses elə də asan keçmədi. Belə ki, xarakter etibarilə bənzərsiz olan, necəliyini çox vaxt danışığında, xüsusilə də əllərinin hərəkətində ifadə edən Səttarı ona həsr olunmuş məlum işlərdən fərqli tutumda ifadə etmək niyyətindəydim. Çox düşünüb-daşındıqdan sonra onlara bənzəməməyin yolunun ilk növbədə əsər üçün orijinal kompozisiya həlli tapmaqdan keçdiyini yəqinləşdirdim. Müxtəlif variantlardan sonra portretin əllə birlikdə ifadə olunmasına qərar verdim. Əslində bu elə də asan bədii şərh deyildi, amma başqa seçimim yoxdu. Az sonra portret-kompozisiyanın arzuladığım forma-biçimdə gips variantını hazırlayıb qurtardım. Həmin dövrdə bu variant respublika sərgisində də nümayiş olundu. Hamı kimi əsərin qəhrəmanı da onun kompozisiya həllindən çox razı qalmışdı. Bu məni bir az da həvəsləndirdi və mən onun hansı materialda ifadəsi barədə düşünməyə başladım. Obraza xas olan çılğınlığı və ekspressiyanı bütün dolğunluğu ilə özündə yaşada biləcək material yalnız ağac ola bilərdi. İri qoz ağacı kötüyünü də respublikanın Zaqatala-Qax zonasından tapa bildik. Bundan sonra onun materiala köçürülməsi prosesi başlandı.
Bir ildən bir az çox müddətdə davam edən yonma işi 1965-ci ildə tamamlandı. Nəticə göz qabağında olanda bir daha əmin olduq ki, portretin duyğulandırıcılığını, obrazın yaradıcı ehtirasını, bütünlükdə isə, Səttarın özünün varlığına xas olan “işığı”, təbiiliyi və səmimiliyi yaddaqalan tutumda ifadə etmək üçün ağac ən uğurlu material imiş…
Doğrudan da əllərini irəli uzadaraq xəyala dalmış “Sənətin Məcnunu”nun ümumi pozasında və düşüncəli baxışlarında onun yaşayıb-yaratmaq eşqini duymaq o qədər də çətin deyildir. Portretin gerçəkləşməsində duyulası ekspressiv yapma manerasına üstünlük verən heykəltəraş, bunun sayəsində obrazın daxili aləmində hifz olunan çılğınlığın qabarıq təqdimatına nail olmuşdur. Ağacın işıqlı çalarlarından qaynaqlan nikbinliyin plastikada ifadə olunmuş forma-biçim həlli kifayət qədər cəlbedici olduğundan, portret tamaşaçı ilə sanki “danışır”. Bütün vaxtlarda bu bənzərsiz portretin muzeyin rəssamın əsərləri asılan salonda nümayiş etdirilməsi özünəməxsus aura yaratmaqla bərabər, ondan alınan lirik-poetik təəssüratın uzunömürlü olmasını da şərtləndirmişdir…
Görüşümüz zamanı mən ustaddan üç il sonra yenidən Səttar Bəhlulzadənin obrazına müraciət etməsinin səbəbini də soruşdum. Bütün həyatı boyu səmimiliyini qoruyub saxlayan heykəltəraş etiraf etdi ki, ictimailəşdirilən bu əsər hamını qane etsə də, mənim içimdə sənəti və şəxsiyyəti ilə hamını ovsunlamağı bacaran rəssamın obrazında daha nələrisə üzə çıxarmağın mümkünlüyü hissi vardı. Bu səbəbdən də o, 1968-ci ildə yenidən qoz ağacından Azərbaycan təbiətinin nəğməkarı sayılan görkəmli mənzərə ustasının portretini yaradır.
Bu iki işi müqayisə etsək, onda ikincinin yapma manerasındakı yumşaqlığı və forma-biçimin bədii ümumiləşdirmələrlə üzə çıxarıldığını qeyd edə bilərik.. Başqa sözlə desək, ilk əsərdə əzaların qabarıqlığı ekspressiv təqdimatda nə qədər ümumi plastik tutumda “əridilmiş” kimi görünürdüsə, son işdə cizgilərin aydınlığı əsərdən alınan təəssürata obraz üçün bir qədər səciyyəvi olmayan sakitlik və realist çalarlar bəxş etmişdi. Əslində, görkəmli heykəltəraş bunu istəmirdi, amma nəticə bunu deməyə əsas verirdi. Əlavə edək ki, bunun özü başqalarına nə qədər maraqlı və cəlbedici görünsə də , müəllif üçün arzulanan deyildi…
Bununla belə bu gün duyulası zaman distansiyasından həmin portretləri dəyərləndirməli olsaq, onda qətiyyətlə hər iki əsərin bədii-estetik tutumuna görə həm milli, həm də dünya heykəltəraşlığı saxlancına layiqli töhfə olduğunu deyə bilərik. Azərbaycan heykəltəraşlığının inkişafına və onun qeyri-adi bədii xüsusiyyətlərə zənginləşməsinə duyulası töhfə olan bu plastika nümunələri bu gün də Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasını bəzəməkdədir.
Yeri gəlmişkən deyək ki, Ömər müəllimin Səttar Bəhlulzadə şəxsiyyətinə və yaradıcılığına olan ehtiramını onun vəfatından sonra da ifadə etməkdə davam etmişdir. Belə ki, Əmircan qəsəbə məzarlığında uyuyan böyük mənzərə ustasının orijinal biçimli memorial abidəsini də o, təmənnasız olaraq hazırlamışdır. Bu günlərdə anadan olmasının 90 illiyi tamam olan görkəmli heykəltəraş demək olar ki, hər gün xəyalən sənətkar dostu ilə mənəvü-xəyali ünsiyyətdə olur, desək, yanılmarıq. Bu mənəvi-psixoloji yaşantılarla onu baş-başa qoyan rəssamın heykəltəraş dostuna vaxtilə ərməğan etdiyi “Gəncə gölü” tablosudur…
Ziyadxan Əliyev
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi,
“Sənətşünaslığın təbliği” ictimai birliyinin sədri