Səsin də “qara”sı olmalıdır

606

Bəli, indi deputatlığa namizədlər bərk tədarükdədirlər. Onlar oba-oba, küçəbəküçə gəzib, qarşılarına çıxanın qabağını kəsib deyirlər:

– Mən sizin deputatlığınıza namizədəm. Sizin üçün xarüqələr yaratmaq, üstəlik, illərdən bəri yığılıb qalmış problemlərinizi çözmək istəyirəm.

Adamlar da söyləyirlər:

– Balam, əlindən tutan yoxdur ki… göstər məharətini, bu meydan, bu da şeytan.

Başına döndüyüm həmin namizəd də ərz edir ki, bəs ay xanım, ay bəy, nə bilim, ay müəllim, deyəsən, siz məni düzgün başa düşmədiniz. Məgər bilmirsiniz ki, aş düyüsüz olmaz? Odur ki, adam aş bişirəndə ən əvvəl düyünün tədarükünü görür.

Və deputatlığa namizəd görəndə ki, bu sözlərindən sonra camaat heç nə başa düşmədiyindən ona birtəhər baxır, odur ki, başlayır dediyi həmin tapmacanın cavabını söyləməyə:

– Mən də deputat seçilmək, ondan sonra öz istəklərimi, həmçinin sizin problemlərinizi (asfalt çəkmək, su xəttini yeniləmək, qaz məsələsini həll etmək, işsizliyi aradan qaldırmaq və sairə) yoluna qoymaq üçün, ilk növbədə, tədarük görməliyəm. O tədarük də, ilk növbədə sizin səsinizi əldə etməkdir. Yəni aş bişirmək üçün, ilk növbədə, düyü lazım olduğu kimi, mənim də deputat seçilməyim üçün sizin hələ qədrini bilmədiyiniz səsiniz lazımdır. Yəni bu iş səssiz başa gəlmir. Gərək səs ola. Özü də çox səs. Nə olar, seçki günü səsinizi mənə verin… Əks halda, seçilə bilmərəm.

Bəziləri isə camaatı ələ almaq məqsədilə onlar üçün xudmani məclislər təşkil edir, üstəlik sovqat da verirlər. Xülasə, hərə bir yolla səs ovuna çıxıb… Nə deyək? Allah xeyir versin, “şikarları” bol olsun.

Bəli, son günlər belə, yaxud da buna oxşar mənzərələr, demək olar ki, məmləkətimizin hər guşəsində açıq-aydın görünür.

Amma mən gördüklərimə və eşitdiklərimə əsasən deyə bilərəm ki, camaatın səsinin bu qədər qiymətli olması məhz seçkilərə bir az qalmış belələrinin yadına düşür. Bilmirəm, “buna da şükür” demək olar, ya yox; hər halda biz şükranlığımızdan qalmayaq: buna da şükür.

Hə, bir də indi belələrinin sayı yüzlərlədir. Odur ki, problemlər məngənəsində sıxılan yazıq Tükəzban, yaxud günlərlə iş axtaran Həsənqulu kişi bilmir ki, səsini ona dünyaları vəd edən Əliyəmi versin, Vəliyəmi versin, yoxsa Kərəməliyə?

Qoy onlar fikirləşmələrində olsunlar, sizə kimdən deyim, kimdən deyim, yox, bu dəfə heç bir kimsədən deməyəcəyəm. Bu dəfə özümdən deyəcəyəm. Bəli, həqiqətən də, süfrələrimizin şahı sayılan aş bişirmək üçün ağla gələn ilk məhsul düyü olur. Amma aş üçün qara (aşın üzərinə, yanına qoyulan xuruş) da lazımdır axı. Onu da hazırlamağa ət, yağla yanaşı, albuxara, şabalıd, kişmiş, ərik və sairə gərəkdir. Qarasız aşın ləzzətinin olmadığını hər kəs bilir. Başqa sözlə, nənəmin təbirincə desək, aşın üzünü ağardan məhz həmin qaradır da…

Deyəsən, mən də elə həmin deputatlığa namizədlər kimi o qədər qəliz danışdım ki… Amma bizim Məşədi İbad demişkən, bir o qədər də yox… Bir də aşla bağlı açıqlamam hələ bitmədi ki… Dalına fikir verin…

Nə yazıq ki, həmin deputatlığa namizədlər camaatın səsini alandan sonra verdikləri vədləri öz “fəaliyyətlərində” birdəfəlik unudurlar. Halbuki onların fəaliyyətləri aldıqları səsin üstünə qoyduqları qara bərabərində olmalıdır. Bu mənada deputatın da üzünü ağardan həmin qaradır. Bu olmayanda camaat başlayır onların qarasınca deyinməyə. Ay səs ovuna çıxanlar, odur ki, sizə deyirəm: aldığınız səslərin sonradan “qara”sı olmayacaqsa, camaatı əbəs yerə incitməyin.

Qvami Məhəbbətoğlu