“Şərq Tərəfdaşlığı” Rusiya və Aİ arasında gözəllik müsabiqəsi deyil”

640

Latviyanın paytaxtı Riqa şəhərində Avropa İttifaqı “Şərq tərəfdaşlığı” sammiti başlayıb. Tədbir Latviyanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində keçirilir. Tədbirin başlanğıcında jurnalistlər üçün açıqlama verən Latviya prezidenti Andirs Berzins bu layihənin uzun illərdir davam etdiyini deyib.

Onun sözlərinə görə, sammitdə layihə ilə bağlı bugünki vəziyyət və gələcək perspektivlər müzakirə ediləcək. Daha sonra dövlət və hökumət başçılarının prezident tərəfindən qarşılama mərasimi başlayıb. Andris Berzinş “Şərq Tərəfdaşlığı”nın Riqada keçirilən sammitinə gələn dövlət və hökumət rəhbərlərini qəbulu edərkən bildirib ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramını gələcəyin siyasəti adlandırıb.

“Biz gələcəkdə icra edə bilməyəcəyimiz süni gözləntilər yaratmamalıyıq”

Avropa Şurasının prezidenti Donald Tusk Rusiyaya qonşuları üçün daha cəlbedici olmağı məsləhət görüb. “Mən “Şərq Tərəfdaşlığı”nın Rusiyaya qarşı yönəldiyini bəyan edənlərə cavab vermək istərdim. Bu belə deyil. “Şərq Tərəfdaşlığı” Rusiya və Aİ arasında gözəllik müsabiqəsi deyil. Lakin, səmimi deyim ki, gözəllik faktorunu da nəzərə almaq lazımdır. Əgər Rusiya daha yumşaq, cazibədar, cəlbedici olsaydı, o öz çatışmazlıqlarını qonşuları barəsində bu cür destruktiv və təcavüzkar addımlarla əvəzləməzdi”. Bununla belə, Avropa Şurasının prezidenti bildirib ki, Aİ-nin genişləndirilməsinə dair qərarın tezliklə qəbul edilməsinə çox da böyük ümid bəsləmək gərək deyil. “Biz hamımız səbirsizliklə dəyişikliklərin olmasını gözləyirik, lakin mən əminəm ki, biz hələ də strateji təmkinliyimizi möhkəmlətməliyik. Riqa sammiti böyük irəliləyişlərin elan etdirilməsinə həsr olunmayacaq. Bizim tərəfdaşlığımız, Aİ-nin özünün qurulduğu kimi, addım-addım irəliləyəcək və biz səylərimizi, əsasən, islahatlara yönəldəcəyik”, -deyə Tusk qeyd edib.

Almaniya kansleri Angela Merkel Riqada start götürən Avropa İttifaqı “Şərq tərəfdaşlığı” sammitindən əvvəl bildirib ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı Aİ-nin genişləndirilməsi üçün vasitə deyil. “Şərq Tərəfdaşlığı formatı Avropa İttifaqının genişləndirilməsi üçün vasitə deyil. Biz gələcəkdə icra edə bilməyəcəyimiz süni gözləntilər yaratmamalıyıq. Biz bunu bilirik, mən bu mövqeni bizim şərq tərəfdaşlarımıza çatdırmağa çalışıram”, -deyə kansler bildirib.

Avropa İttifaqı “Şərq tərəfdaşlığı” sammitində iştirak edən Litva Prezidenti Dalya Qribauskayte deyib ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” sammitinin bəyannaməsi hazırdır və qəbul edilib. “Krımın ilhaqı” məsələsinin qalıb-qalmaması ilə bağlı suala dövlət başçısı belə cavab verib: “Əlbəttə, onsuz bəyannamə qəbul edilməzdi”.

Azərbaycanı tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov və Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov təmsil edir. Sammidə Aİ Xarici Əlaqələr üzrə ali nümayəndə Federika Mogerini, Aİ Genişləndirmə və Qonşuluq Siyasəti üzrə komissar Yohannes Han, Avropa komissiyasının prezidenti Jan Klod Yunker, Avropa Şurasının prezidenti Donald Tusk, Avropa Parlamentinin prezidenti Martin Şultz və digər Avropa İttifaqı və Avropa Şurasının ali rəsmi şəxsləri iştirak edir.

Avropa Komissiyası Ukraynaya maliyyə yardımı edəcək

Avropa Komissiyası Ukraynaya 1,8 milyard dollar maliyyə yardımı edəcək. Müvafiq saziş Riqada keçirilən “Şərq tərəfdaşlığı” sammitində imzalanıb. Vəsait mərhələli şəkildə veriləcək. Hər mərhələdə Ukrayna 600 milyon avro alacaq. İlk tranş bu ilin iyun ayında ayrılacaq. Maliyyə vəsaitini almaq üçün Ukrayna parlamenti müvafiq sənədləri ratifikasiya etməlidir, Beynəlxalq Valyuta Fondunun Direktorlar Şurası isə genişləndirilmiş maliyyələşmə proqramına yenidən baxılmanın nəticələrini təsdiqləməlidir.