“Sərnişinlərin xərci artıb”

0
582

Bir neçə il öncə Bakıda sərnişindaşıma ilə məşğul olan sahibkarlar gediş haqlarının artırılması ilə bağlı təklif irəli sürmüşdülər. Həmin vaxt bu təklif ictimaiyyət tərəfindən birmənalı qarşılanmamış və etirazlara səbəb olmuşdu. Həqiqətən də, bu təklif rəsmi olaraq reallaşmadı, yəni gediş haqları bahalaşmadı. Amma son vəziyyət göstərir ki, Bakıda ictimai nəqliyyatda baş verən yeniliklər sərnişinlərin xərclərinin artmasına gətirib çıxarıb…

“40 qəpiyə gedib-gələ bilirdiksə, indi 80 qəpik verməliyik”

Konkret misallara keçək. İş yeri Bakının 7-ci mikrorayon ərazisində yerləşən paytaxt sakini Şamo Məmmədov deyir ki, əvvəllər həmin ünvandan Şəhidlər Xiyabanı istiqamətinə 20 qəpiyə gedirmiş: “13 saylı marşrut avtobusu 7-ci mikrorayonu dövr edirdi. 20 qəpik ödəməklə tutaq ki, Hüseyn Cavid parkına gedə bilirdik. Amma 2 aya yaxındır ki, bu marşrut xətti bağlanıb. Həmin marşrutu isə 6 saylı “Bakubus” avtobusları əvəz edir. Lakin biz “Bakubus” avtobusuna minmək üçün başqa bir avtobusla “Azadlıq” stansiyasının yanına gəlməliyik. Eyni vəziyyət bir də geri qayıdarkən təkrar olunur. Bu isə o deməkdir ki, biz əvvəl eyni istiqamətə 40 qəpiyə gedib-gələ bilirdiksə, indi 80 qəpik verməliyik”.

“Sərnişinlərin əksəriyyətinin xərcinin artmasına gətirib çıxarıb”

Başqa bir müsahibimiz Sevinc Abbasova da dəyişikliklərdən sonra gediş haqqı xərclərinin artdığını dedi. Onun sözlərinə görə, son vaxtlar 88 saylı marşrut avtobusunun hərəkət etdiyi ərazilərin sxemində bəzi dəyişikliklər edilib: “Bu isə bizim əlavə vaxt itkimizə, xərcimizin artmasına gətirib çıxarıb. Məsələn, əvvəllər “Azneft” dairəsinə bu avtobusla rahat gedirdik. İndi isə 88 saylı marşrut bu dairənin yanından keçmir. Deməli, marşrutu dəyişməliyik. Həmin ünvana metro ilə gedəsi olsaq, yenə də metronun yanına gəlmək üçün əlavə 20 qəpik ödəməliyik. Yəni uzun sözün qısası, son vaxtlar Bakıda sərnişindaşıma sektorunda edilən dəyişikliklər sərnişinlərin əksəriyyətinin xərcinin artmasına gətirib çıxarıb”.

Bəli, bu kimi misalları çox qeyd etmək olar.

Bu addımlar sahibkarları “zəngin etmək” üçün atılırsa…

Bir müddət öncə məsələ ilə bağlı jurnalistlərə açıqlama verən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov demişdi ki, şəhər ərazisində marşrut avtobuslarının qrafikini tez-tez dəyişdirmək düzgün deyil: “Bəzən belə bir təəssürat yaranır ki, bu dəyişikliklər paytaxtda hərəkət edən marşrut xətlərini tənzimləmək üçün yox, sahibkarların cibini doldurmaq üçün aparılır. Fikrimcə, Bakıda nəqliyyat problemi yaşandığı bir vaxtda problemi bu şəkildə həll etmək doğru qərar sayıla bilməz. Bu, əsassız dəyişiklikdir. Əgər bu addımlar sahibkarları “zəngin etmək” üçün atılırsa, bunun qarşısı alınmalıdır.

Proses yekunlaşandan sonra qərar veriləcək

Məsələ ilə bağlı Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən bildirdilər ki, məsələ ilə bağlı qurumun “141” nömrəli “qaynar xətti”nə vətəndaşlar tərəfindən müraciətlər daxil olur. Mərkəzin açıqlamasına görə, “BakuBUS”ın avtobuslarının xəttə buraxılması prosesi davam edir. Məhz bu proses yekunlaşandan sonra Nəqliyyat Nazirliyi narazılıq olan ərazilərdə xətləri uzatmaq və istiqamətlər barədə qərar verəcək.

Nicat İntiqam