“Sərəncama hörmətlə yanaşılmalıdır”

18 sentyabr Azərbaycan mədəniyyəti üçün tarixi bir gündür. Milli mədəniyyətimizin təşəkkül tapmasında, tərəqqisində müstəsna xidmətləri olan, dünya şöhrətli dahi bəstəkar, musiqişünas-alim, dirijor, publisist, dramaturq, tərcüməçi, pedaqoq, tarixçi, filosof, akademik, ictimai xadim, xeyirxah insan Üzeyir bəy Hacıbəylinin dünyaya gəldiyi gündür.
Bünövrəsi maestro Niyazi tərəfindən qoyulan bu tarix uzun illərdir ki, ölkəmizdə təntənəli surətdə qeyd edilir. 1995-ci ildən isə 18 sentyabr günü rəsmi status alıb. Belə ki, ümummilli liderimiz Heydər Əliyevin imzaladığı 17 sentyabr 1995-ci il tarixli xüsusi sərəncam ilə “18 sentyabr – Üzeyir Musiqi Günü” kimi keçirilir. Lakin, əfsuslar olsun ki, hər il bu barədə söhbət açmağımıza baxmayaraq, media işçiləri, bəzi  musiqişünaslar, səlahiyyətli şəxslər bu günün adını təhrif edərək “Milli Musiqi Günü” deyirlər. Nə üçün? Bunun səbəbi nədir? Bu məsələ Üzeyir bəy sevərləri, bütün xalqımızı  çox narahat edir.“Milli  Musiqi Günü” bütün il boyu keçirilə bilər. Bütün il boyu milli musiqilərimiz, eləcə də bəstəkarlarımızın əsərləri ifa olunmalıdır. 18 sentyabrda isə yalnız Üzeyir bəy Hacıbəyli musiqisi səslənməlidir. Və həmin günün adı xalqa, geniş ictimaiyyətə düzgün çatdırılmalıdır.

1995-ci ildə verilmiş sərəncamı qaldırıb baxmaq bu qədərmi çətindir?

İnternet saytlarında oxuduğum yazıların əksəriyyətində “18 sentyabr Milli Musiqi Günü” yazılmışdı. Çox qəribədir ki, “Milli Musiqi Günü” kimi başlanan məqalələrin sonunda “Üzeyir Musiqi Günü” yazılır. Görəsən bu yazıları oxuyub, redaktə edən yoxdurmu? Əgər varsa, bəs bu məsuliyyətsizlik haradan qaynaqlanır? Yalnız saytlar deyil, qəzet və jurnallar da, radio və televiziyalar da eyni bəlaya mübtəla olublar. Ən dəhşətlisi odur ki, yeni nəsil də bu yalnışlıqla məlumatlanır. Məktəb gündəliklərinin arxasında əlamətdar tarixlər siyahısında “18 sentyabr – Üzeyir Musiqi Günü” yox, “Milli Musiqi Günü” yazılır. Bu boyda laqeydlik, qeyri dəqiqlik olarmı? Bəs, bu kobud səhvin qarşısı nə zaman alınacaq?

Bir daha əlinə qələm alan jurnalistlərdən, səlahiyyətli şəxslərdən dönə-dönə xahiş edirik ki, ulu öndərimiz Heydər Əliyevin imzaladığı sərəncama hörmətlə yanaşsınlar. Sərəncama uyğun olaraq “18 sentyabr – Üzeyir Musiqi Günü” deyilsin və yazılsın.

Bir önəmli məsələni də qeyd etmək istərdik. Dahilər dahisi olan Üzeyir bəy Hacıbəyli və onun həmişəyaşar irsi Azərbaycan xalqının mənəvi dəyəri, tükənməz sərvətidir. Bu baxımdan  yazanlardan, çıxış edənlərdən, televiziya verilişi hazırlayanlardan məsuliyyət tələb olunur. Üzeyir bəydən hərə ağlına gələni danışmamalıdır. Təhriflərə yol verilməməlidir. Faktlar dəqiq və sərrast olmalıdır.

Dəyərlərimizi layiqincə qorumalıyıq ki, onları itirməyək. Gələcək nəsillərə olduğu kimi çatdıraq.

Səadət Qarabağlı, üzeyirbəyşünas.