Şərəfli bir ömür qoyub gedirəm…

471

Mən şair Vaqif Məmmədovu çoxdan… lap çoxdan  tanıyıram, düz qırx il bundan  öncədən. Bir şair kimi… Şərur rayonunda çıxan “İşıqlı yol” qəzetinin səhifəsində çap olunan şeirlərindən… Özünü isə “Şərur qönçələri” ədəbi  dərnəyinə ayaq açdığım gündən şəxsən tanıdım və getdikcə həm gözəl bir şair kimi, həm də səmimi bir insan kimi sevdim.

Çubuq “atlarını” çapan dostlarım,

Yığışın bir yerə, mən də gəlmişəm.

Nanə qoxusuna,  yarpız ətrinə,

Ana qayğısına – kəndə gəlmişəm.

“Yaşadacaq bu yol məni” adlı ilk kitabı çap olunduğu  zaman onun bu uğuruna sevinənlərdən biri də mən oldum. O zamanlar Şərur rayonunun Dəmirçi kənd orta texniki-peşə məktəbində Azərbaycan dili-ədəbiyyatı müəllimi işləyirdim. Vaqif  müəllimi məktəbə dəvət etdik, onunla adına  layiq və yaddaşlara yazılası bir görüş təşkil etdik.

Tufan küləkdən haqlı,

Xəlbir ələkdən haqlı,

İblis mələkdən haqlı,

Nə deyim, sənə dünya? -deyən  Vaqif müəllimi erməni işğalçılarının torpaqlarımıza hücum etdiyi zamanlarda – Sədərək kəndinin ağır günlərində də, 1990-1993-cü illərdə bir ər kimi əli silahlı döyüş meydanında səngərlərdə gördüm.

Düşəndə taleyin soyuq qışına,

Əslini, kökünü dananlar da var.

Dönüb od içində simurq quşuna

El üçün şam kimi  yananlar da var.

Şair qardaşımın sözü ilə əməli əməli ilə  sözü həmahənglik təşkil etdiyindəndir ki, o xalqın sevimlisi idi. Özünün dediyi kimi:

Mənanı axtarma əsrdə, ildə,

Zəhmətsiz keçibsə, eyləmir kömək.

Qədrin, qiymətin ucasa eldə,

Sən elə vətənə gərəksən demək.

Elə buna görədir ki, Vaqif Məmmədovun poeziyasında doğulduğu torpağa, Vətənə sevgisinin bariz ifadəsini, sadə və səmimi bir dillə poetik laylasını görürük və sevirik.

Oğuz diyarıdır, qopuzun, sazın

Adını yaşadan yüz qalası var.

Cəlilin, Cavidin, Məmməd Arazın

Bu ulu torpaqda söz qalası var…

Ustad xalq şairimiz Məmməd Arazın yaradıcılığı min bir ləllə, gövhərlə dolu olan bir bulaqdır. Odur ki,  bu gün sinəsinə döyən hansısa bir şair çətin tapılar ki, o bulaqdan su içməmiş, şəhdi-şirəsindən dadmamış ola… Vaqif Məmmədov da həmçinin…

 

Azərbaycan havası nur, suyu nur,

Azərbaycan baharı nur, yayı nur.

Azərbaycan nur selində yuyunur,

Ülviləşir yaddaşlarda qalmağa,

Belə yerdə nə var şair olmağa.

 

Azərbaycan yarı nəğmə, yarı söz,

Hər qarışı  yarı torpaq, yarı söz.

Bir diyar ki, varı halal, varı düz,

İstəyi yox yaddan tikə almağa,

Belə yerdə nə var şair olmağa.

Onun lirikasında Vətənə məhəbbət mövzusu daha böyük yer tutur. Şairin qəlbində olduğu kimi, yaradıcılığında da Vətən sevgisi sonsuz dərəcədə sarsılmazdır. Hər dəfə oxuduqca adama elə gəlir ki, sanki bu şeirlər yazılmayıb, onun  içindən axıb gəlir, axa-axa, doğula-doğula da ülviləşir.

Ürəyimsiz ağlamıram, gülmürəm,

Hər istəyim ürəyimdə birləşir.

Böyükmüdür, kiçikmidir, bilmirəm,

Ürəyimə təkcə Vətən yerləşir.

Bu Vətənpərvər şair işğal olunmuş torpaqlarımızın ağrısını öz ağrısı kimi  qəbul edir və özününküləşdirir. Bu  ağrıları, acıları da zaman-zaman kövrək bir  dillə qələmə alır.

Qəminə qısılanın

Haqq deyib asılanın.

Torpağı basılanın,

Gözündən  qəm tökülər.

Onun hər  misrasında, hər beytində, hər bəndində lirik duyğularının, fəlsəfi düşüncələrinin çırpıntılı ahəngi duyulur. Və eyni zamanda ritmik mübarizlik ahəngi… İlk olaraq işğal olunan Kərki kimi kəndimizin, Göyçənin, Zəngəzurun, Qarabağın -Laçının, Şuşanın, Cəbrayılın, yəni itirilmiş torpaqlarımızın dərdinə ağı deyən şair yazırdı.

Elə bil tilsimə, daşa düşübdü,

Kədər sevinc ilə qoşa düşübdü.

Könlümə bir az da Şuşa düşübdü,

Torpaq, Vətən hara-əsirlik hara?

Mütləq dönəcəyik o torpaqlara.

Qəlbindəki bu cür ali vətəndaşlıq hissləri ustalıqla qələmə alan şair oxucusunun da qəlbində vətəndaşlıq duyğularını oyatmağa can atır. Vətən sevgisini, yurd sevgisini, torpaq sevgisini qaldıra bildikcə ucalara qaldırır.

Hər bir şairin öz yaradıcılıq yolu, öz yaradıcılıq manerası olduğu kimi, Vaqif müəllimin də özünəməxsus  yaradıcılıq üslubu vardır. Çünki o gördüyü hər bir  həyat həqiqətlərini yalnız və yalnız öz ürək süzgəcindən keçirdikdən sonra onlara poetik bir don geyindirir. “Acı” şeirində olduğu kimi.

Namus ləkəsi.

Ögey ana səsi.

Təmənnalı kömək.

Dost matəmində verilən yemək.

Övlad  itkisinin dadı.

Ana fəryadı…

Nə qədər yığcam, lakonik bir dillə, bədii boylarla əks olunan poetik lövhədir.

Şərə salmaram meyil,

Haqq işə yol alaram

Qanmaza ağa deyil,

Qanana qul olaram, – deyən Vaqif müəllim bu misraları ilə bir insan kimi nə qədər sadə və səmimi olduğunu açıb göstərir. Məhz elə bu sadəliyi və səmimiyyəti ilə ürəklərdə özünə taxt qurur,  bir şəxsiyyət, bir şair kimi böyüyür, ucalıqlara qalxır.

Təbiət rəngbərəng boya üstündə…

Sönən ocaqlarda köz qalacaqdır.

Xınası islanan qaya üstündə,

Kəklik ayağından iz qalacaqdır.

 

Bir az yorğun idin, bir az da xumar,

Dünya sirr sandığı- açmaq olmayır.

Dünyanın qəribə təzadları var,

Alın  yazısından qaçmaq olmayır…

Çağdaş poeziyamızda öz adı, öz imzası ilə sayılıb seçilən Vaqif Məmmədov şeiriyyətilə  ürəklərə çox asanlıqla yol tapa bilir, oxucusunu öz dünyasından alır, düşüncələrə sövq edir, söz-söz oxucusunun qəlbinə, könlünə hakim kəsilir.

Havam da, suyum da, çörəyim də sən,

Qəlbimdə çox sənli xatirəm yatır.

Uzaqda deyilsən, ürəyimdəsən,

Nə ünüm yetişir, nə əlim çatır.

Onun şeirlərində hisslərin,  duyğuların emosional təsir gücü nə qədər təsirli olsa da belə, sözün məna yükünü, poetik sanbalını bir o qədər də artırır.

Yalan uydurdular, şər atdılar ki,

Böhtana düşənlər kiriyə bilməz…

Ancaq unutdular, unutdular ki,

Yalan ayaq tutar, yeriyə bilməz.

Vaqif Məmmədov dünyanın harasında olursa-olsun, öz soyuna, kökünə bağlı olan bir türk oğlu kimi soyu, kökü ilə iftixar duyan bir  şairdir. Türk dünyasının çox hissəsini gəzən bir insan kimi olduğu türk torpaqlarını şeirlərində sevə-sevə vəsf eyləyir, köks dolusu o yerlərdən söz açır, Dədə Qorqud yurdlarını-Oğuz yurdlarını dönə-dönə, böyük bir ilhamla, məhəbbətlə tərənnüm edir.

Ozandımı, aşıqdımı?

Ahıldımı, uşaqdımı?

Göydən gələn işıqdımı?

Dədə Qorqud boylarında.

 

Sal qayada bitən durur,

Əsrlərdən ötən durur.

Bütövcə bir Vətən durur,

Dədə Qorqud boylarında.

Vaqif Məmmədov böyük məharətlə, sənətkara layiq bir ustalıqla şeirlərində öz həyat yaşantılarını ana dilimizin incəliklərindən incə bir şəkildə istifadə etməklə qələmə almağı bacaran bir şairdir. Bunun əksini parlaq boyalarla “Nəsihət” şeirində görürük.

Xırmanın buğdasız, dənsiz olanda,

Dərələr dumansız, çənsiz olanda,

Məni itirəndə, mənsiz olanda

Həsrəti içində boğ, boğa bilsən.

Bu gün şair qardaşım Vaqif Məmmədov aramızda olmasa da özündən sonra iftixar doğuracaq böyük bir ədəbi irs və bir də ən yüksək insani keyfiyyətlərini bizim üçün miras qoyub gedib. Elə buna  görə də inamla demək olar ki, ey ustad, sən bizimlə birgə olacaqsan. Həyat kredomuza çevirdiyimiz  bir şeiri ilə də fikrimə son nöqtəni qoymaq istəyirəm:

Kimsənin yazığı gəlməsin mənə,

Sanmayın qəlblərə dəyib gedirəm.

Atımı sürmədim dumana-çənə…

Şərəfli bir ömür qoyub gedirəm…

 

 

 

Ələsgər Talıboğlu

Şair-publisist,

“Məmməd Araz”

mükafatı laureatı