Şərəflə yaşanan ömür

713

Həmsöhbətim Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, qədim Azərbaycan musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi elmi laboratoriyasının müdiri Maya Qafarovadır. Onun özü təvazökar, sadə, lakin ləyaqətli insan, təpədən dırnağa Azərbaycan xanımıdır. Şərq orta əsr musiqi mədəniyyətində vaxtilə geniş yayılmış cəng, Şirvan tənburu, rud, bərbəd, cəqanə, cövür, rübab, səntur, qopuz kimi musiqi alətləri hal-hazırda Maya xanımın rəhbərlik etdiyi laboratoriyada qorunub saxlanılır. Laboratoriya 1991-ci ildə yaradılmışdır. Bu sənət ocağının yaradıcısı bu yaxınlarda 70 illiyini qeyd edəcəyimiz mərhum sənətşünaslıq üzrə elmlər doktoru, professor Məcnun Kərimov idi. Onun vəfatından sonra laboratoriyaya rəhbərlik Maya Qafarovaya həvalə edilmişdir. Beləliklə, sənətkara ilk sualımız:

– Nələr var Maya xanımın ömür ssenarisində?

– Nələr yoxdur ki… keçmişim, bu günüm, sabahım, valideynlərim, müəllimlərim, görkəmli şəxsiyyətlər, işim və sənətim. Atam musiqiyə, muğama böyük həvəs göstərirdi. Ailədə böyüyən 4 uşağa musiqi təhsili vermişdi. Evimizdə tez-tez qonaqlıq olardı. Gələn qonaqlara biz uşaqlar, sadə dildə desək, konsert təşkil edirdik. 1990-cı ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının “Tarix və nəzəriyyə” fakültəsinin, Azərbaycan xalq çalğı alətləri şöbəsinin xalq artisti, Şəfiqə Eyvazovanın və Azərbaycan Xalq Çalğı Orkestrinin Xalq artisti professor Süleyman Ələsgərovun sinfini bitirmişəm. Elə həmin ildən Azərbaycan Dövlət Konservatoriyası “Azərbaycan xalq çalğı alətlərinin dirijorluğu və orkestrləşməsi” kafedrasında müəllim kimi fəaliyyətə başladım.

Xoşbəxtəm ki, gənc yaşlarımda tanınmış sənətçilərdən dərs almış, sonralar isə onlarla çiyin-çiyinə birgə çalışmışam. Bunlardan Xalq artistləri Süleyman Ələsgərov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Ramiz Mustafayev, Nəriman Əzimov və s.

Hazırda respublikanın Xalq artisti, dünya şöhrətli pianoçu Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi sənət məbədində çalışıram. Bu sənət ocagında Xalq artistləri Arif Məlikov, professorlar Gülnaz Abdullazadə, Ramiz Quliyev, Yusif Axundzadə və s görkəmli sənətkarlarla çalışıram.

2002-ci ildə sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabovun rəhbərliyi altında “Bəstəkar Süleyman Ələsgərovun Azərbaycan xalq çalğı alətləri üçün əsərləri və onların interpretasiya xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə etmişəm. 10-dan artıq məqalə, 3 metodik tövsiyə, 1 dərs vəsaitinin müəllifiyəm. Dəfələrlə bakalavr, magistr, disertantların diplom işlərinə, dissertasiya müdafiələrinə apponentlik etmişəm. 2002-ci ildən YAP-ın üzvüyəm. 2013-cü ildə VMA-nın rəhbərliyi, professor, müəllim heyətinin böyük etimadı ilə “Azərbaycan xalq musiqisinin nəzəriyyəsi” kafedrasına professor vəzifəsinə seçilmişəm.

– Maya xanım, işdəki qayğılar evə gedib çıxır?

İşin problemlərini evə daşımaqdan heç xoşum gəlmir. İşdə olanda varlığımı bütünlüklə işə, ailədə isə evə həsr edirəm.

– Ailənizdə övladlarınızın tərbiyəsində nəyə üstünlük vermisiniz?

– Ömür-gün yoldaşım həkimdir. Iki oğul böyüdürəm. Tərbiyədə ən vacib olan sadəliyə, səmimiliyə, həqiqətə, mehribançılığa söykənmişik. Uşaqları da bu ruhda böyüdürük. Oğlanlarımdan biri mənim yolumu seçib. Hazırda Vüqar Məmmədzadə Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinin 1-ci kurs tələbəsidir.

– Xalqımızın hansı adət-ənənəsi Sizin üçün daha vacibdir?

– Ailədə bu dəyərləri qoruyub-saxlaya bilirsinizmi?

– Dünyanın hansı ölkəsində olsaq da, hansı vəzifədə oluruqsa, hər zaman azərbaycanlığımızı, etnik kökümüzü unutmuruq. Zənnimcə, ən vacibi, ən önəmlisi budur…

– Sizə pislik edənləri bağışlaya bilirsinizmi?

– Ümumiyyətlə, o həddə çatdırmıram ki, o pisliyi görüm.

Ulu Tanrı bağışlayır və bağışlayanları qiymətləndirirsə, mən kiməm ki, bağışlamayım? Hər şeyi həvalə edirəm Ulu Tanrıya.

– Bu məqamda yada düşər xatirələr…

– Ömrüm başdan-ayağa xatirələrdi. Onların hamısı mənə əziz və doğmadır ilk yerdə atalı-analı xatirələr gözümün önünə gəlir. Mənə hər an, hər saniyə edilən dualar. Həyatda o qədər gözəlliklər var ki, hamısı həyatıma əbədi həkk olub..

– Arzularınız?

– Ana kimi uşaqlarımı Vətənə layiq vətəndaş kimi böyütməyə çalışıram. Bir sənətşünas kimi, az da olsa, deməyə sözüm var. Arzum budur ki, torpaqlarımız işğalçılardan azad olsun, bir pedaqoq kimi isə sabahın tələbələrini peşəkar musiqiçi kimi yetişdirmək. Qoy zəngin tarixi olan xalqımız gözəl, bəxtəvər yaşasın, sabit-inkişaf edən Azərbaycanımızın səsi daha da ucalardan gəlsin.

Şövkət Hüseynova

H.B.Zərdabi mükafatı laureatı