“Sənin üçün ərizəni kim yazacaqdı”

447
 Müəllimlər Gününə az qalır. 
Bir neçə gündən sonra şagirdlər, onlardan da çox valideynlər hədiyyə dərdinə düşəcəklər. Həyəcanla mağazadan-mağazaya, gül dükanlarına hücum edəcəklər. İri yarpaqlar arasına sıxışdırılmış beş-altı güldən ibarət dəstənin qiyməti yenə qalxacaq, bir məmurun yarımaylıq, biraylıq maaşından daha baha satılacaq. Maddi imkanı aşağı olan valideynlərin ürəyi qan ağlayacaq, övladları yanında başlarını aşağı dikəcək, kim bilir, bəlkə “Kasıblığın üzü qara olsun!..”-deyə gileylənənlər, xəlvətə çəkilib xısın-xısın ağlayanlar da olacaq… Vay o valideynlərin halına ki, məktəbdə iki, üç övlad oxudur.Deyirəm ki, bəlkə Müəllim Günü kimi bir şərəfli gündə yuxarıdakı mənzərədən üz çevirib, bizə dərs demiş, xatirələrimizdə “yaxşı müəllim” kimi yaşayan müəllimlərimizi yada salaq? İmkanımız varsa, onların məzarlarını ziyarət edək, ruhlarına “Yasin” onu bilmiriksə, “Fatihə” oxuyaq, onu da bilmiriksə, “Allah rəhmət eləsin!” deyək?

Məsələn, mən iki müəllim haqqında xatirə danışım. Birini bu günlərdə, radioda Əli həkimin proqramında eşitdim. Əli həkim təhsil aldığı Sumqayıt şəhər 31 N-li məktəbin mərhum direktoru Oqtay Camalov haqqında bir xatirə danışdı. Oqtay Camalovu çox yaxşı tanıyırdım, ixtisasca riyaziyyat müəllimi, məktəb direktoru idi. Əli həkimdən eşitdiyim o xatirəni olduğu kimi yazmağa çalışacağam, amma xətası olsa, mənə aiddir.

Bir dəfə sinifdə məsələ həll edərkən Oqtay müəllim Əliyə yaxınlaşır, diqqətlə dəftərinə baxır və məsələni səhv yolla həll etdiyini deyir. Əli təəccüblənir, çünki verilən tapşırığı düzgün yolla həll etdiyinə inanırmış. Amma Oqtay Camalov kimi riyaziyyat fənnini çox gözəl bilən müəlliminə, üstəlik də, direktoruna etiraz edə bilmir, ona inanır. Ertəsi gün Oqtay müəllim sinfə gəlir.

– Dünən Əlinin məsələ həllinə dair yolunun səhv olduğunu demişdim,-deyir,- evə getdim, məsələni həll etməyə çalışdım və Əlinin doğru yolda olduğu qənaətinə gəldim. Ona görə də qarşınızda Əlidən üzr istəyirəm.

Üzr istəmək çox böyük əxlaqi keyfiyyətdir. Radioda Əli həkimdən eşitdiyim bu xatirə yadıma gənclik illərimdə sevə-sevə tamaşa etdiyim “Fransız dili dərsi” filmi düşdü. Həmin filmdə kənd məktəbinin direktoru şagirdləri məktəb həyətində toplayıb nəsə bir qəbahət etmiş şagirdi yanına çağırır və ondan üzr istəməsini tələb edirdi. “Səhvini, xətasını, günahını etiraf et!” deyirdi,-”Səhvini etiraf etmək insana aid, həm də çox böyük fəzilətdir!”

O səhnəni Oqtay Camalovun davranışı ilə müqayisə etdim. Filmdəki məktəb direktoru şagirdi sındırmaqla, yoldaşları qarşısında əzməklə tərbiyə etməyə çalışırdı, Oqtay müəllim isə özünün şəxsi nümunəsi ilə, səhvini etiraf etmək fəziləti ilə. Bəli, Oqtay Camalov indiyədək Əli həkimin  hafizəsində bu fəziləti ilə yaşayır. Allah rəhmət eləsin.

İkinci xatirəm əsgəri xidmətdən sonra təyinatla işlədiyim, bir zamanlar Cəlil Məmmədquluzadənin işlədiyi məşhur Nehrəm kənd orta məktəbində rast gəldiyim və bundan sonra uzun illər, o vəfat edənədək dostluq etdiyim Əsəd müəllimlə, Əsəd Əliyevlə bağlıdır.

Əsəd müəllim atamdan da beş yaş böyük idi, 1918-ci ildə anadan olmuşdu. Buna görə də bizim dostluğumuzu qəribsəyənlər çox olurdu. Əsəd müəllim çox oxuyardı, oxuduqlarını da qeyd dəftərinə qeyd edər, yeri gələndə onları oxuyardı. Bütün fənləri mükəmməl bilirdi, fizikanı fiziklərdən, kimyanı kimyaçılardan, riyaziyyatı riyaziyyatçılardan, ədəbiyyatı filoloqlardan, fəlsəfəni filosoflardan, tarixi tarixçilərdən, rus dilini rus dili mütəxəssislərindən mükəmməl bilirdi, buna görə də onun hansı fənn müəllimi olduğunu müəyyən etmək çox çətin idi. Çox sonralar öyrəndim ki, ixtisasca tarix müəllimi imiş.

Qəribə idi, illər uzunu müəllimlərə ovuc-ovuc təltiflər paylanır, amma Əsəd müəllimi təltif etmək heç kəsin yadına düşmürdü. Daha doğrusu, Əsəd müəllim rüşvətə bulaşmadığı üçün heç bir vəzifəli adam ona “bu təltifin bir az xərci var” deməyə cürət etmirdi. Allah razı olsun, həmkəndlisi, tələbəsi Əkbər Əliyev vilayət partiya komitəsinin birinci katibi seçildikdən sonra ona “Azərbaycan SSR-in Əməkdar müəllimi” Fəxri adı verdi.

Əsəd müəllim tanımadığı bir uşağın da xahişini məmnuniyyətlə yerinə yetirən bir müəllim idi. Bütün kəndin ona işi düşərdi, xüsusilə rus dilində ərizə yazmaq üçün ona heç rahatlıq verməzdilər. Bir gün bir müəllim ona ordu sıralarında xidmətdə olan oğlunun qısa müddətə evə buraxılması xahişi barədə mərkəzə ərizə yazdırmaq üçün Əsəd müəllimin evinə gəlir. Əsəd müəllim uzun illər məktəb direktoru, sovxoz direktoru vəzifələrində işləsə də, kasıb yaşayırdı. Maaşla yaşayır, onun da yarısını qəzetə, jurnala, kitaba sərf edərdi. Evi o zamanın məşhur qəzet və jurnalları – “Literaturnaya qazeta,” “Novıy mir”, “Znamya”, “Zvezda”, “Roman-qazeta”, “İnostrannaya literatura”, “Drujba narodov”, “Moskva” və sair qəzet və jurnallarla, kitablarla dolu idi. Qəzet və jurnallar, çoxu rusca olan kitablar rəflərə, ora sığmayanlar isə dəstələnib divar boyu yığılmışdı.

Ərizə yazdırmaq üçün gələn müəllim bir kənarda oturub qarşısına qoyulmiş çayı içir, bikarçılıqdan otağı gözdən keçirirmiş. Əsəd müəllimin evində kitab, qəzet və jurnallardan başqa, heç bir şey görməyən qonaq təəccübünü gizlətmir, dayana bilməyib Əsəd müəllimə sual verir:

– Əsəd, deyirəm sən də bişüur olmusan ha…

Bizim tərəflərdə zəmanənin fürsətlərini qiymətləndirə bilməyən, özünə pul, mal tədarük edə bilməyən adama “ağılsız, şüursuz” mənasında belə deyərlər. Əsəd müəllim onun bu qəribə sözlərini eşidib qələmi kağızdan ayırır, başını çevirib diqqətlə qonağına baxır. Qonaq onun qəribə baxışlarını görüb, sözlərini izah edir:

– Deyirəm, neçə illər sədr işləmisən, direktor işləmisən, amma evində dəftər-kitabdan başqa, heç nə yoxdur axı!

Əsəd müəllimin dodaqlarına təbəssüm qonur, qonağına belə cavab verir:

– Əgər sənin istədiyin kimi bir evim olsaydı, o zaman sənin üçün ərizəni kim  yazacaqdı?

Əsəd müəllim 90-cı illərin sonunda, həyat yoldaşını itirdikdən iki-üç il sonra Haqqın rəhmətinə qovuşdu. Özündən sonra yüzlərlə savadlı insan, bir də ziyalılıq simvolu nümunəsi qoyub getdi. Bilmirəm, bu xatirələrin Müəllim Günü ərəfəsində müəllimlik peşəsini alçaldan, yerdən-yerə vuran müəllimlərin yenidən tərbiyəsinə faydası olarmı?