Səni sərinlədən məni sətəlcəm edir

494

Bəri başdan deyim ki, son vaxtlar nəsə yazmağa bir qədər tərəddüd edirdim. Odur ki, ağzıma su alıb dayanmışdım. Lakin o gün adını çəkmək istəmədiyim bir deputatın fikirləri ilə tanış olanda məni elə bir gic gülmək tutdu ki… Nəticədə ağzımdakı suyu da qeyb etdim.

Hə, onu deyirdim axı. Bu başına dönmək istəmədiyim deputat nəql edib ki, bəs niyə bu camaat qiymət artımından o ki var gileylənir? Artıb, sən də ailə büdcəni artıma görə nizamla, həmin deputatın təbirincə desək, ayağını yorğanına görə uzat, azdır, az ye, çoxdur, çox ye. Doğrudur, həmkarlarım onun cavabını veriblər… Onda da bu başına dönmədiyim deputat söyləyib ki, bəs dediklərimi kontekstdən çıxarıblar, üstəlik, mən zarafat etmişəm. Zarafat a… Nə isə, dedim axı həmkarlarımdan niyə geri qalım? Qoy mən də sözümü deyim. Əvvəlcə yorğandan başlamaq istəyirəm. Cənab deputat, nəzərinizə çatdırım ki, sayeyi-mərhəmətinizdən nə yorğanımızda yorğanlıq qalıb, nə də palazımızda palazlıq. Bu nədir, deyəsən mən sayıqlayıram axı? Əşi, bundan əndişələnməyə dəyməz. Bu sözlərimə görə çox dərinə gedən olsa, deyərəm ki, bəs, ay kişilər, vallah, belə deməmişəm, bizim redaktor dediklərimi konteksdən çıxarıb. Hə, bəs necə? Deputat deyə bilir, mən deyə bilmirəm, ona olar, mənə olmaz? Ay qadasını da almaq niyyətində olmadığım (Biz də insanıq da… Nə olar ki, zarafat edəndə…) deputat, məgər sizin camaatın vəziyyətindən xəbəriniz yoxdur? Bax, siz, eləcə də bəzi həmkarlarınız bir ətək dolduran deputat maaşınızın azlığından gileylənirsiniz (Mən bu yerdə öz hüququmdan istifadə edib deyə bilərəm ki, ay deputat, sən də zəhmət çək, kəmərini bir az bərkit. Amma demirəm. Nədən ki, bir az mərifət sahibiyəm). Bəs onda hər ay orada-burada işləməklə qəpik-quruş qazanan Novruzəli, Tükəzban bu artıma necə tab eləsin? Ay balam, son günlər daha qiyməti artmayan şey qalmayıb e… vallah-billah, qalmayıb. Olmaya xəbəriniz yoxdur? Heç olmasa, dükana, bazara girib baxın da. Amma xahiş edirəm baxanda da… Elə söhbətin bu yerində yaşanmış bir hadisə yadıma düşdü. Qoy onu deyim, sonra söhbətimi davam etdirərəm.

Şəhərlərarası avtobusda arıq, əldən düşmüş, nəfəsini çiynindən alan bir kişi ilə yeyib-yatmış, ömrü boyu əlini isti sudan çıxarıb soyuq suya salmamış, təxminən yüz əlli kilo ağırlığında bir xanım qonşu düşürlər. Avtobus yola düşəndən bir qədər sonra qadın əlini uzadıb pəncərəni açır və bayaqdan pəncərənin qarşısında büzüşmüş kişi bir az da yumurlanıb kiçilir, amma neyləyirsə, görür ki, dözə bilmir, yazıq-yazıq üzünü xanıma tutub deyir:

– Bacı, ay bacı, olar o pəncərəni bağlayım?

Xanım əsəbi halda dillənir:

– İşə düşmüşük dəə, qoymazlar bir az sərinləyək.

Kişi cavab verir:

– Bacı səni sərinlədən o külək məni sətəlcəm eləmək üzrədir, ölürəm axı.

Hə, indi həmin o kişinin sözü olmasın, bu artımdan başına dönmək istəmədiyim o filankəslər uzaqbaşı bir azca sərinləyəcəklər, amma bu camaat sətəlcəm olur axı, ay başınıza dönüm, heç bu haqda düşünürsünüzmü?

Qvami Məhəbbətoğlu