“Səndən qeyri biz hər şeyi bölə billik!”

0
597
 Ötən əsrin 50-ci illərinin əvvəllərində ədəbiyyata gələn Məmməd Arazın üzərinə xalqımızı milli azadlıq mücadiləsinə hazırlamaq və yetişməkdə olan gənc nəsli milli mənəvi vətənpərvərlik ruhunda tərbiyə etmək kimi məsul bir vəzifə düşmüşdü. Çünki repressiya illərində Azərbaycan xalqına qarşı assimilyasiya və onun düşünən beyinlərini məhv etmək siyasəti yeridən bolşevik rejimi milli ruhda köklənən ədəbiyyatımızın məşhur simalarını, qələmləri ilə imperiyaya qarşı mübarizə aparan Hüseyn Cavidləri, Əhməd Cavadları, Mikayıl Müşfiqləri, Salman Mümtazları, Bəkir Çobanzadələri və digərlərini gedər-gəlməzə göndərərək yetişməkdə olan gənc nəsli öz kökündən ayırmaq, mənəviyyatını, mədəniyyətini məhv etmək və bu yolla xalqımızı tarixin siyasi səhnəsindən silmək niyyətində idi. Amma ötən əsrin 50-ci illərindən başlayaraq repressiya illərində məhv edilmiş ziyalılarımızın ruhunu yaşadacaq yeni gənc nəsil ədəbiyyatımıza gəldi. Onlar 30-cu illər repressiyalarında məhv edilmiş düşünən beyinlərimizin yarımçıq qalmış milli azadlıq mücadiləsini yeni müstəvidə bərpa etmək üçün qələmlərini süngüyə çevirdilər. Necə deyərlər, bolşevik rejiminin beyinlərə addımbaşı yeritdiyi sosializm ideologiyasına baxmayaraq, gənc şairlər özlərində güc və qüvvə taparaq milli azadlıq mücadiləsini, ana vətən Azərbaycan sevgisini yeni müstəviyə keçirərək yazdıqları şeriləri ilə milli ruhu yaşatmağa, xalqımızı yeni istiqlal mübarizələrinə hazırlamağa başladılar. Həmin dövrdə şeirləri ilə imperiyaya qarşı od-alov püskürən gənc şairlər arasında Məmməd Araz  daha çoxdiqqəti cəlb etməyə başladı. O Məmməd Araz ki, yaradıcılığının ilk günlərindən başlayaraq vətən, el sevgisi sinəsində bulaq kimi çağlayırdı. O, imperiyanın qılıncının qabağının da, dalının da kəsdiyi bir vaxtda həbslərdən və sürgünlərdən qorxmadan yazdığı şeirləri ilə əcdadlarımızın izi qalan müqəddəs yerlərimizi, şanlı qəhrəmanlıq tariximizi, milli azadlıq mübarizələrimizi, vətənin gözəlliklərini, onun hər dağını, qayasını, təbii gözəlliklərini, tərənnüm edirdi. Bununla da uzaqgörənliklə oxucularını vətənə məhəbbət, milli azadlıq mücadiləsi ruhunda kökləyən şair Azərbaycan adlı ulu bir millətin əsarət altında yaşamağa haqqı olmadığının təbliğini özünün əsas mübarizə vasitəsinə çevirmişdi. Ümumiyyətlə, vətən  və milli azadlıq ruhu Məmməd Arazın hər misrasında, ruhunda, qanındadır və bu, hələ onun yazdığı ilk şeirlərində aydın şəkildə hiss olunurdu.  El, vətən sevgisilə yazdığı şeirləri, istiqlal mücahidi olan Məmməd Arazın həm də gəncləri milli azadlıq mübarizəsinə hazırlayan çağırışı idi. Bu baxımdan Məmməd Araz öz şeirləri ilə imperiyaya qarşı amansız bir savaş açmışdı. Bu mübarizənin nəticəsi idi ki, Məmməd Araz şeirlərinin birində yazırdı:

Mən sənə bir şair,

Sən mənə “Araz” de.

Elə bil nə mənsiz sən Araz,

Nə sənsiz mən şair olmazdım…

Mənə şərəflidir belə ölümlər:

Qoy batsın sinəmə, batsın min nizə,

Arazdan, Cənubdan yazmağım əgər

Dünyada ən böyük cinayət isə.

 

Bu misralar Məmməd Araz yaradıcılığının  Azərbaycanda milli azadlıq ruhunun yenidən dirçəldilməsində nə qədər böyük rol oynadığını bir daha sübut edir. Bir sözlə  Məmməd Araz xalq, cəmiyyət, milli dövlətçiliyimiz qarşısında öz məsuliyyətini dərk edən əsl xalq şairi, Azərbaycan ziyalısı idi.

Məmməd Arazın əsarətə qarşı apardığı milli azadlıq mücadiləsində əsas şilahı, ilham mənbəyi anası kimi sevdiyi və  başı min zillətlər keçmiş vətən idi. O, özünü bu vətənin, doğma anamız olan Azərbaycanın hər an düşməni məğlub etməyə hazır olan əsgəri  hesab edirdi. Bu çərçivədə də vətənə sevgi  və əsarətə qarşı mübarizə onun həyatının əsas qayəsini təşkil edirdi. Onun böyük vətənə-Azərbaycana olan sevgisi kiçik vətən olan Naxçıvandan, anadan olduğu doğma Nurs kəndindən başlamışdı. Çiçik çaylar böyük çaylara tökülərək möhtəşəm olduğu kimi, Məmməd Arazın da kiçik vətəndən, doğma anamız olan Naxçıvanın bir kəndindən başlayan vətən sevgisi və bu yolda apardığı milli azadlıq mücadiləsi də gur bulaqlar kimi çağlayaraq Böyük Vətənə-Azərbaycana qovuşur və onunla bütövləşirdi. Məmməd Araz vətəni oxucuya mahir bir rəssam kimi təsvir edir. Onun yazdığı hər misra şairin əlində fırçaya dönərək oxucunun gözləri önündə başı qarlı uca dağları, yamyaşıl məşkənləri, çayları, çəmənləri, yalçın qayaları canlandırır. Məmməd Arazın vətən, el sevgisi hansısa mükafat almaq üçün deyil. O, bunu heç  düşünmürdü, ancaq onun bircə amalı var. Bu da milyonların qəlbində Azərbacan sevgisi, alovu yandırmaq və bu odu heç vaxt sönməyə qoymamaq. Ona görə də “Vətən məhəbbəti” adlı şeirində ustad şair yazır:

 

Heç bir mükafatın yetmədi mənə,

Bircə sağolun da bəsimdi, vətən.

Bəsimdi hər səhər təltif yerinə

Qapımda küləyin əsibdi, vətən.

 

Bax, budur şairin mənəvi saflığı və ucalığı. Bu baxımdan Məmməd Araz bu vətənin qəlbində çağlayan gur bulaq, dünyaya mən də varam deyən Azərbaycan hayqırtısı idi. Onun üçün Azərbaycan hər şeydən əzizdir, Azərbaycan yoxsa, o da yoxdur,  anası, atası, keçmişi, gələcəyi yoxdur, vətənsiz insan köksüz ağac kimidir. Ona görə də Məmməd Araz  bu vətənin bağrına hopub qalmaq, onda yaşamaq, onu özündə yaşatmaq həsrəti ilə çırpınırdı. Yenə də obrazlı şəkildə desək, şairin vətən sevgisini, vətən məhəbbətini pərvanəyə bənzətmək olar. Məmməd Araz da şeirləri ilə anamız Azərbaycanın  başına pərvanə kimi dolanır. O bu  torpağın daşı olmaq  istəyir və onun bundan böyük istəyi və arzusu yoxdur. Onun üçün vətən daşı olmaq hər şeydən əzizdir və vətən daşı olmayandan ölkə vətəndaşı da olmaz.

Şair:

”Vətən daşı olmayandan

olmaz ölkə vətəndaşı,”

(”İnsan qayalar”)- deyə oxucularını vətəni sevməyə, onun yolunda ölümə getməyə, şirin canından keçməyə çağırır. Yuxarıdakı misralarda həm də azərbaycançılıq ruhu var. Ümumiyyətlə azərbaycançılıq ruhu M. Araz poeziyasının da mayasını, ana xəttini təşkil edir. Onun şeirlərində azərbaycançılıq hissi, azərbaycançılığın tərənnümü olduqca güclüdür və  şairin bu mövzuda yazdığı hər misrası azərbaycançılıq ruhunun aşılanmasında böyük rol oynadı.

Məmməd Araz üçün ana vətən Azərbaycan “Qayalarda bitən bir çiçək, çiçəklərin içində qayadır”, onun “Hər daşından alov dilli ox ola bilər”.  Ona görə də Məmməd Araz fəxr və qürurla ana vətən Azərbaycanı milli varlığı, istiqlaliyyəti uğrunda mübarizə aparan, gah kükrəyən, gah da öz vaxtını gözləyən yatmış qoca vulkana bənzədir.

Bu baxımdan “Qalx ayağa, Azərbaycan!” şeiri M. Arazın Azərbaycanın azadlığı uğrunda apardığı mübarizənin ana qayəsini təşkil edərək, şairin o taylı bu taylı milyonlarla azərbaycanılını azadlığa səsləyən alovlu bir çağırışı idi:

Nə yatmısan, qoca vulkan, səninləyəm!

Ayağa dur, Azərbaycan, səninləyəm!

Səndən qeyri biz hər şeyi bölə billik!

Səndən qeyri biz hamımız ölə billik!

 

Vətən məhəbbəti və əsarətə qarşı milli mücadilə şairin bütün yaradıcılığında qırmızı xətt kimi keçir və  inamla demək olar ki, XX əsr Azərbaycan ədəbiyyatında Məmməd Arazdan çox vətəni tərənnüm edən və xalqımızı azadlıq mübarizəsinə səsləyən ikinci bir şair tapmaq mümkün deyil. Hər halda şairin bütün şeirlərində bunu aydın görmək mümkündür . O nədən yazsa yazsın, istər təbiətdən, istər sevgidən, fərqi yoxdur, vətən, el məhəbbəti özünü bariz şəkildə büruzə verir. Azərbaycan onun üçün müqəddəs ulu bir varlıqdı. Ona görə də Məmməd Araz:

 

Azərbaycan deyiləndə ayağa dur ki,

Ana yurdun ürəyinə toxuna bilər.

(“Azərbaycan -dünyam mənim”)-deyə bütün dünyaya var gücü ilə hayqırır.

 

Bu artıq Məmməd Arazın Ana vətən Azərbaycan,  Azərbaycanın də Məmməd Araz zirvəsidir: “Azərbaycan deyəndə ayağa dur ki, Ana yurdun ürəyinə toxuna bilər”. Bu sözləri yalnız o, Məmməd Araz deyə bilərdi və deyir də. Bu şeir həm də Azərbaycan xalqını milli azadlıq mücadiləsinə, əsarət zəncirini qırmaq üçün ayağa qalxmaq çağırışı, milli azadlıq hayqırtıları idi.

Təsadüfü deyil ki, Məmməd Araz yaradıcılığı və onun şeirlərindəki vətənə məhəbbət sevgisi və xalqımızı milli azadlıq mücadiləsinə çağırışları ulu öndərimiz Heydər Əliyevi də özünə heyran etmişdi. Ona görə də ulu öndər vətənpərvər şairin poeziyasına, onun fəlsəfəsinə və bəşəri dəyərinə çox yüksək qiymət verərək Məmməd Araza:  “Doğrudur, bəzən bu yaradıcılığınıza görə siz sıxılmısınız da, sizi incidiblər də, sizə kəm baxıblar da, sizi açıq və ya gizli tənqid də eləyiblər. Ancaq mənə belə gəlir ki, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın qəhrəmanlığı – mən bu sözü tam cəsarətlə deyirəm – elə ondan ibarətdir ki, onları heç bir şey qorxutmayıbdır. Onların qarşısını heç bir şey kəsməyibdir. Onlar öz işlərini görüblər. Xırda-xırda, çox incə, çox zərif görüblər və məhz bu incəliyə, zərifliyə, nazikliyə görə də sizin bu fikirləriniz bizim vətənpərvər insanlarımızın, xalqımızın ürəyinə yol tapıbdır”,-demişdi.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here