Səndə Xoşqədəmin nömrəsi olmaz?!

Yenə qonşular başladılar oyuna. Dedim, düşüm baxım, bu gün kimin üzü güləcək. Məndən üç qat aşağıda yaşayan “Zər” ləqəbli Səmədağa iki qat yuxarıdakı Hətəm kişi ilə oynayırdı. Qalanları dövrə vurub oyunu qızışdırır, növbə gözləyirdilər.
– Zər, mənə bir qoşa…

– Ya zər, mənə də bir qoşa, özü də şeş qoşa…

Səmədağa məni görən kimi zərləri əlində oynada-oynada dedi:

– Müəllim, deyirəm, bəlkə səndə Xoşqədəmin telefon nömrəsi olar…

– Qonşu, – dedim, – xeyirdirmi?

– Xeyir olmayıb nə olacaq, ay rəhmətliyin nəvəsi. A kişi, yarım saat içində qonşu binanın Zərbəlisini də, Hüseynini də, İbişini də yola salmışam. Deyirəm, Xoşqədəmin nömrəsini versəydin, ondan mənə bir babat oyunçu tapmasını xahiş edərdim…

Onun bu sözləri gülüşlə qarşılandı. Gülüş kəsilən kimi Səmədağa:

– Ya zər, mənə bircə dənə yek ver, bağlayım bunun yolunu, – deyib zərləri atdı. Zərlər onun “etimadını” doğrultdu. O bu sevincini: “Mənə əbəs yerə Zər Səmədağa demirlər ki…” sözləri ilə davam etdirmək istəyirdi ki, Hətəm kişi dilləndi:

– Səmədağa, canın üçün, sənin bu sözlərin mənə dünən şahidi olduğum bir hadisəni yadıma saldı. Qoy onu deyim, amma xətrinə dəyməsin… Dünən işdən qayıdanda gördüm ki, polis işçisi küçə ticarəti ilə məşğul olan bir qadını və bir kişini saxlayıb. Polis işçisi qulağım eşidə-eşidə qadından soruşdu ki, ay bacı, adın nədir? Qadın: “Fatmadır, ay başına dönüm”, – deyən kimi polis işçisi: “Mənim də rəhmətlik anamın adı Fatma idi. Elə anamın ruhuna hörmət əlaməti olaraq, bu dəfə sənə imkan verirəm ki, burada alverini davam etdirəsən”, – dedi. Sonra polis işçisi kişiyə üzünü tutub soruşdu: “A kişi, bəs sənin adın nədir?” Sən demə, bu kişi də dünyagörmüş bir adam imiş. Heç düşünmədən dedi ki, adım Xankişidir, amma hərdən mənə Fatma da deyirlər. İndi onun sözü olmasın, ay qonşu, unutma ki, mənə də hərdən Zər Hətəm deyirlər.

… Qonşuların budəfəki gülüşünü Kəramət pozdu:

– Ay Səmədağa, ay Hətəm kişi, oyununuzu oynayın da, yığışdırın bu söz oyununu… Balam, bilmirəm, biz bura nərd oynamağa yığışırıq, yoxsa bunların konsertinə baxmağa?..

Bu “ittiham” Hətəm kişinin ürəyincə olmadı. O, əlini oyundan çəkmədən:

– Kəramət, vallah, o bəzi televiziya kanallarındakı konsertlərlə müqayisədə bizim konsertlər min pay yaxşıdır. İndi bütün müğənnilər, tamadalar səhərdən axşamadək ekran başındadırlar. Özləri də oynaya-oynaya elə danışırlar, elə nəsihətlər verirlər ki, adam lap iyrənir, – deyib zərini atdı. Sə bir düşdü.

Səmədağanın dərdi təzələndi:

– Mən ölüm, Hətəm kişi düz deyir. A başınıza dönüm, özləri də onları elə həvəslə göstərirlər ki, adam qalır mat-məəttəl. Görəsən bu oyunun ömrü nə qədər olacaq? Elə bil bu telekanallar onlardan başqa kimsəni tanımır e…

Kəramət yenə dilləndi:

– Səmədağa, sən başın, bu cür atmacalarınla yorma bizi, zərini at, gör neçə nəfər növbə gözləyir.

Yerbəyerdən dilləndilər:

– Mən ölüm, Kəramət haqlıdır.

Oyun yenicə qızışmışdı ki, birinci mərtəbədəki mənzildən  Səmədağanın qızının səsi eşidildi:

– Ata, “Səni axtarıram” verilişindən zəng edib, səni soruşurlar…

Səmədağanın birdən-birə rəngi dəyişdi. Az sonra o, zərləri düz nərdtaxtanın ortasına qoyub, mənzilinə tərəf yüyürəndə Kəramət dilləndi:

– Bayaq müəllimdən Xoşqədəmin nömrəsini istəyirdin… Bu da sənə Xoşqədəmin nömrəsi… Yəqin bu günlərdə sən də teleulduza dönərsən. Bir də heç zaman deməzsən ki, telekanallar şou əhlindən başqa kimsəni göstərmir.

Qonşular arasına düşən təşvişdən Kəramət məharətlə yararlandı. Növbə onun olmasa da, o, Səmədağanın yerinə nərdtaxtanın arxasına keçib qonşusunun dalınca gileylənməkdə davam etdi:

– Səmədağa, oyunçu axtarırdın, bu da sənə oyunçu… Xoşqədəmin tapdığı oyunçu səni ağladanda ağlın başına gələr.

Bu söhbət səngiməmiş Səmədağa geri döndü. Hamı bir ağızdan: “Nə məsələdir?”- deyib soruşdu. Səmədağa:

– İmkan verin özümə gəlim, – dedi və əlavə etdi, – sən demə, axtarılan mən Səmədağa yox, başqa Səmədağa imiş.

Qonşular ona bir nəfər kimi gözaydınlığı verəndə Kəramət rəqibini udmasını Səmədağaya sataşmaqla qeyd etdi:

– Bağışlayın, Səmədağa müəllim, səndə Xoşqədəmin nömrəsi olmaz?

Qvami Məhəbbətoğlu