“Sənayemiz “Euro-5” ekoloji standartına keçmək üçün hazır deyil”

0
581

“Azərbaycan sənayesi “Euro-5” ekoloji standartına keçmək üçün hazır deyil”. Bu barədə dünən keçirilən mətbuat konfransında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəis müavini Sabiq Abdullayev dedi.

“Sözügedən ekoloji standartların normaları artıq qəbul edilib. Lakin Azərbaycan sənayesi “Euro-5” standartlarına hazırda cavab vermir. Neft sektorunda da “Euro-5” ekoloji standartlarına cavab verən benzin istehsal olunmur”,-deyə S. Abdullayev bildirdi.
O, qeyd etdi ki, bu maneələr aradan qaldırıldıqdan sonra artıq bu haqda hökumət müvafiq qərar qəbul etməlidir və bundan sonra standartın icrasına başlanacaq.
Konfransda qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi mövzusunda da müzakirələr aparıldı. Komitənin aparat rəhbəri Arif Əşrəfov, ölkədə gedən uğurlu iqtisadi siyasətə qiymət verilməsi, hazırda aparılan liberallaşma və islahatların nəticələri haqda məlumat verdi. Aparat rəhbərinin sözlərinə görə, Azərbaycan da dünya iqtisadiyyatının tərkib hissəsi olduğu üçün dünyada gedən bütün proseslər ölkəmizdən də yan keçmir: “Birmənalı olaraq Azərbaycan yaxın 10 il ərzində çox böyük uğurlar əldə edib. İstər ümumdaxili məhsul istehsalının həcmini götürsək, istərsə də dövlət büdcəmizin mədaxil hissəsini götürsək, görərik ki, büdcəmiz kifayət qədər artmış, insanların maddi rifahı yaxşılaşmışdır. Eyni zamanda iqtisadiyyatımız əsasən qeyri-neft sektorunda inkişaf etmişdir. Ümumdaxili məhsulun 70 faizi qeyri-neft sektorunun üzərinə düşür. Bu baxımdan, şübhəsiz ki, keyfiyyət amili ön cərgəyə keçir. Bizim komitə də, öz növbəsində, islahatlar aparmışdır. Bildiyiniz kimi, Standartlaşma İnstitutu yaradıldı, bu institutun maddi-texniki bazası quruldu. Burada əsas məqsəd beynəlxalq standartların ölkəmizdə tətbiqi istiqamətində addımların atılmasından ibarət idi. Buna müvafiq olaraq, müasir laboratoriyalar da qurulub”.

“Yeni açılacaq iş yerlərində
əməkhaqları çox yüksək olacaq”
“Prezident İlham Əliyevin fərmanına əsasən, 2 il müddətinə sahibkarların yoxlanılması dayandırılıb. SMPDK ilk olaraq, İqtisadi İnkişaf Nazirliyi ilə birgə yoxlamaların dayandırılması ilə bağlı qərar qəbul etdi. Artıq dövlət tərəfindən aparılan keyfiyyət infrastrukturu ilə bağlı yoxlamalar dayandırılıb”. Bu sözləri komitənin aparat rəhbəri A. Əşrəfov jurnalistlərə açıqlamasında bildirib. Əşrəfov SMPDK-da 70 iş yerinin açılması haqda da danışıb. Onun sözlərinə görə, yeni açılacaq iş yerləri büdcədən maliyyələşməyəcək: “Bizim yaratdığımız müəssisələrin tərkibində fəaliyyət göstərəcəklər və əsasən regionlarda 40-a yaxın ştat açılacaq. Qalan iş yerləri də mərkəzdə açılacaq. Regionlarda çalışanların əməkhaqlarının təqribən 300 manat, Bakıda isə daha yüksək olacağı nəzərdə tutulub. Burada sertifikatlaşdırma və kalibrləmə üzrə mütəxəssislər çalışacaqlar. Onlar test keçərək lisenziya alacaqlar. Yeni iş yerlərinin məqsədi “AzTest” qurumunun fəaliyyətini genişləndirməkdir. Bu da əhalinin iş yeri ilə təmin olunması üçün çox böyük dəstək olacaq. Bu işlər əsasən sertifikasiya sahəsində olacaq. Bu qurumlar sertifikat verəcəklər”.
Prezidentin yeni iş yerlərinin açılması ilə bağlı bütün mərkəzi icra hakimiyyəti orqanlarına göstəriş verdiyini deyən komitə rəsmisinin sözlərinə görə, komitə olaraq, biz ilk addımları atmağa başlamışıq: “Artıq bütün regionlarda sertifikasiya sahəsində müstəqil qurumlar yaratmaqla, dövlət büdcəsindən qidalanmadan biz onlara səlahiyyət verəcəyik. Həm də burada çalışanların əməkhaqları çox yüksək olacaq”.

“Akkreditasiya sahəsində standartlaşma üzrə Texniki Komitə yaradılıb”
Aparat rəhbəri qeyd edib ki, ölkədə sahibkarlığın inkişafında yeni mərhələ başlayıb: “Keyfiyyət infrastrukturunun inkişafını təmin edən qanunvericilik bazası təkmilləşdirilib, maddi-texniki baza – etalon və sınaq laboratoriyaları qurulub. İslahatlar nəticəsində uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya fəaliyyətinin inkişafı üzrə də bir sıra mühüm işlər görülüb. Eyni zamanda “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanun qəbul edilib, uyğunluğun qiymətləndirilməsi qurumlarının akkreditasiyası ilə bağlı xüsusi fəaliyyət istiqamətlərinə aid olan standartlar hazırlanıb. Bununla belə, fəaliyyətin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə akkreditasiya sahəsində standartlaşma üzrə Texniki Komitə yaradılıb”.
A.Əşrəfovun sözlərinə görə, hazırda istənilən şəxs həm komitənin, həm də Dövlət Akkreditasiya Xidmətinin saytı vasitəsilə həm akkreditasiya olunan orqanlar barədə ətraflı məlumat, həm də sertifikatlaşdırma orqanlarının sertifikatlaşdırdıqları müəssisə və məhsullar barədə məlumat əldə edəcəklər: “Bu isə, öz növbəsində, istehlakçılara məhsul, mal və xidmət seçimində yardım edir, ictimaiyyəti operativ məlumatlandırır, bu sahədə baş verə biləcək saxtakarlıq hallarının qarşısını alır. Ölkə Prezidentinin “Komitənin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən, struktura daxil olan ərazi sınaq və sertifikatlaşdırma idarələri iki il müddətinə ləğv edilib. Sertifikatlaşdırma üzrə qurumları akkreditasiyadan keçirməklə, sertifikatlaşdırma sahəsində işlərin səmərəli həyata keçirilməsi təmin edilib. Eyni zamanda sertifikatlaşdırma fəaliyyəti müstəqilləşdiriləcək. Komitə nəzdində iki yeni – enerji səmərəliyi və yol nəqliyyatının təmin edilməsi üzrə komitələr yaradılacaq. Bu komitələr vasitəsilə sertifikatlaşdırma işlərini müstəqil həyata keçirmək mümkün olacaq. Belə ki, bunun üçün komitəyə müraciət edən qurumlar akkreditasiyadan keçməklə müstəqil şəkildə sertifikat vermək hüququna malik olacaq”.

Rasim Məmmədli