Sənaye parkları və məhəllələri: Onlar biri-birindən nə ilə fərqlənir?

39

Sənaye zonası sahibkarlığın inkişafı və dövlət dəstəyinin göstərilməsi məqsədilə yaradılmış xüsusi ərazilərdir. Sənaye zonaları sənaye parkları və məhəllələrindən ibarətdir.

Sənaye parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

Sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrasturktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazilərdir.

Sənaye parkları iri sahibkarlıq subyektləri, sənaye məhəllələri isə kiçik və orta sahibkarlıq üçün nəzərdə tutulub. Sənaye parklarında infrastukturla təmin edilmiş torpaq sahələri rezidentlərə uzunmüddətli icarəyə verildiyi halda, sənaye məhəllələrində həm torpaq sahələri, həm də hazır tikililər uzunmüddətli icarəyə verilir.

Bundan başqa, sənaye parklarında rezidentlər üçün bir çox vergi və güzəştlər olduğu halda, sənaye məhəllələrində infrastukturla təmin edilmiş sahibkar nəzərdə tutulmuş güzəştlərdən ancaq İqtisadiyyat Nazirliyindən İnvestisiya təşviqi sənədi əldə etməklə yararlana bilər. İnvestisiya  təşviqi sənədi hüquqi şəxslərə və fərdi sahibkarlara Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir.  Bu sənədi əldə etməklə sahibkarlar texnika və texnoloji avadanlıqların, qurğuların idxalı zamanı əlavə dəyər vergisi və gömrük rüsumlarından, əmlak vergisindən, torpaq vergisindən 7 il müddətinə azad olunurlar. Həmçinin mənfəət və gəlir vergisini 7 il müddətinə 50 faiz güzəştlə ödəyirlər. Eyni zamanda, sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”yə uyğun olaraq, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə sənaye məhəllələrində torpaq sahəsinin və tikililərin icarə haqqının aşağı həddə müəyyən edilməsi, güzəştli kreditlərin verilməsi, inzibati prosedurların sadələşdirilməsi, sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili kimi stimullaşdırıcı tədbirlər həyata keçirilir.

Sənaye parklarının rezidentləri isə qeydiyyata alındıqları tarixdən 10 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən azaddır. Bundan başqa, parkın rezidentləri idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Bundan əlavə, rezidentlərin infrastrukturla təmin edilməsi, torpaq sahəsinin icarə haqqının aşağı həddində müəyyən edilməsi, güzəştli kreditlərin verilməsi, inzibati prosedurların sadələşdirilməsi, istilik və elektrik enerjisinin, suyun və qazın satışına, tullantı sularının axıdılmasına və məişət tullantılarının yığılmasına görə güzəştli tariflərin tətbiqi kimi stimullaşdırıcı tədbirlər də həyata keçirilir.

Prezident İlham Əliyevin Fərmanı ilə ötən ilin əvvəlində İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında yenə də həmin nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb.

Fərmana əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyi Balaxanı Sənaye Parkı istisna olmaqla  digər sənaye parklarının, həmçinin Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla, qalan sənaye məhəllələrinin və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir. Bu baxımdan İqtisadi Zonaların İnkişafı Agentliyinin yaradılması Fərmanda da deyildiyi kimi, Azərbaycanda aparılan iqtisadi islahatların davam etdirilməsi, ölkədəki mövcud sənaye parkları, sənaye məhəllələri və aqroparklar sahəsində idarəetməni, habelə nəzarət mexanizmlərini daha da təkmilləşdirmək, bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq, daha sıx koordinasiyanı və sistemliliyi təmin etmək məqsədi daşıyır.

Ceyhun Piriyev,  “İki sahil”