“Sən ulduz deyilsən, amma ola bilərsən”

596

Dünya futbolunda öz dəst-xətti ilə seçilən məşqçilərdən biri də Arsen Vengerdir. Fransız çalışdırıcı 1996-cı ildən “Arsenal”ın baş məşqçisi vəzifəsində çalışır. Amma klubun adı gələndə adama elə gəlir ki, Venger “topçular”ın talismanıdır. Venger bu günlərdə İngiltərə mətbuatına maraqlı müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik.

– Yüksək konkurensiya və böyük seçim olan dövrdə “Arsenal” ən yaxşıları necə axtarır?

– Ən üstün cəhətlərimizdən biri gənc futbolçuların klubumuzda irəliləmək şanslarını bilmələridir. Uğura yiyələnmək istəyi olanları axtarırıq. Onların içində motivasiyalı futbolçular olur. Mənim üçün motivasiyalı insan məqsədinə çatmaq üçün bütün mümkün olanları etməyə hazır olandır. Məsələn, mən bir dəfə yad şəhərdə səhər qaçışına getmişdim və şəhəri yaxşı tanımadığım üçün azmışdım. Geriyə yolu tapmaq elə də asan başa gəlməmişdi. Amma inadkarlıq edib xeyli vaxt itirəndən sonra geriyə, mehmanxanaya qayıda bilmişdim. Buradan bizə nə aydın oldu? Başa düşməliyik ki, motivasiya vacib amildir, amma tək onunla iş bitmir, futbolçularımızdan həm də dözüm və inadkarlıq tələb edirik. Mənə elə gəlir ki, çoxları bunu elə də qiymətləndirmir. Fikirləşərdim ki, “yaxşı, yolu tapa bilmirəmsə, taksi ilə gedim”. Amma mən idmançıyam, buna görə də qərar gəldim ki, geriyə yolu taksi ilə yox, qaçışı davam etdirməklə sərbəst tapım. Nə qədər vaxt itkisindən asılı olmayaraq, heç kimdən asılı olmayım. Möhkəm motivasiyanın təməli elə buradan başlayır. Uğurlu insanlara baxanda görürsən ki, nəinki motivasiyalı insanlardır, həm də məqsədə çatmaq uğrunda stabil hərəkət edirlər. Yəqin ki, elə insanlar tanıyırsız ki, yanvar ayının 1-dən dietaya otururlar, bəziləri yanvarın ortalarına, başqaları iyun ayına, çox az hissəsi isə sona qədər dözür. Bizə məhz sona qədər dözə bilənlər maraqlıdır, əsl idmançı belə olmalıdır. Daim motivasiyalı olmaq tək futbolda yox, həyatın bütün sferasında vacib amildir.

– Yeni istedadları harada axtarırsınız?

– Bütün dünyada. Bu elə də çətin deyil. Futbolda xeyli müddətdir ki, çalışıram, yenə də dünyada bu idman növünün belə populyarlıq qazanmasını kiçik möcüzə sayıram. İndiki dövrdə Londonda nəsə baş verirsə, tezliklə Sayqamda hamıya məlum olur. Bu, “Arsenal”ı dünya miqyaslı klublardan edir və biz də dünyada olan istedadlara maraqlıyıq. Dünya elə də böyük deyil. Əvvəllər sayqamlı adi oğlanın dünya səviyyəli oyunçu olmağa şansları yox idi, amma indi mümkündür. Əgər onun bacarıq və qətiyyəti varsa, bu şans ona veriləcək. Bizim işimizin mahiyyəti də budur: bütün dünyada olan istedadları bir yerə yığmaq, çünki futbolda, təəssüf ki, pul bacarıqlı futbolçulardan çoxdur.

– İstedadları dünya səviyyəli futbolçuya necə çevirirsiniz?

– Məşqçinin ən üstün cəhətlərindən biri idmançıya müsbət yöndə təsir etmə bacarığıdır. Yaxşı məşqçi məhz bu keyfiyyətə malik olmalıdır. Buna nail olanda çox sevinirəm. Vəzifə borcu tək bununla bitmir, sözsüz ki, ən vaciblərindəndir. Ulduzlarla dolu dünyada futbolçuya xatırlatmaq vacibdir ki, “sən ulduz deyilsən, amma ola bilərsən və mən sənə bu şansı verəcəyəm”. Bunu “Arsenal”da edə bildiyimizə görə komandamızla fəxr edirəm. Həmişə ulduz futbolçu transferi siyasətinə qarşı çıxmışıq. Unutmaq lazım deyil ki, ulduz futbolçu da nə vaxtsa adi, tanınmayan oyunçulardan olub. Belə tanınmayanlara şans verə bilən klublardan olmaq əsas məqsədimizdir.

– Heyətinizdə yüksək məvacibli futbolçular var. Belə futbolçuların olmasının işinizdə nə dərəcədə önəmi var?

– Nə qədər məşhur olmasından asılı olmayaraq, sərfəli olan halda, o, həmişə sənə qulaq asmağa hazırdır. Oyunçunu narahat edən əsas məsələ məşqçinin onu istədiyi kimi futbolçu edib-etməyəcəyindədir. Məşqçi isə uzun müddət yalan danışa bilməz. Əgər sənin rəhbərliyin altında 30 nəfərdən ibarət kollektiv varsa, onlar sənin zəif tərəflərini asan tapırlar. Həqiqət anı buna deyirlər. Onlar sənə diqqət yetirirlər və müəyyən etməyə çalışırlar ki, nə dərəcədə xeyrin dəyə bilər. Əgər müsbət fikir formalaşdırsan, onda sənə hörmətlə yanaşacaqlar. Futbolçuların növbəti addımı klubun onların karyerasında nə dərəcədə rolunun olmasını müəyyənləşdirməkdir. Maddi məsələlərdə bəzi problemlərimiz var idi və bəzi oyunçular hesab elədilər ki, bizimlə tez zamanda uğur qazanmaq çətin olacaq. İşimizdə belə problemlərin olması təbiidir.

– Futbol fəlsəfəniz yalnız meydançadakı uğurlarla bağlıdır?

– Məşqçi həm də bələdçidir. O, futbolçuları bir yerə yığıb, “biz sizinlə yüksəklərə ucala bilərik və mən sizi oraya aparacağam” deyə bilər. Əvvəlcə onlardan nə tələb olunduğunu dəqiq izah etməlisən. Rahat işləyə bilmək üçün futbolçularda kifayət qədər sadə anlayış yaratmaq lazımdır. Ona görə də “Arsenal”da işləmək mənim üçün maraqlıdır. Bəzən meydandakı nəticələrdən asılı olmayaraq, öz ideyanı davam etdirməli olursan.

– Menecerin futbol və biznes sahəsində işinin fərqi var?

– Əslində yoxdur. Fərq yalnız ondadır ki, biznesdə yetkin insanlarla işləyirsən, futbolda isə 18-20 yaşlı cavanlarla. Onların üzərində məsuliyyət böyük olur. Bəzən unuduruq ki, bu cavanlar 60 minlik böyük azarkeş təzyiqi altında yalnız qələbə qazanmalı olduqları meydanda olurlar. Bu məqamda 20 yaşında gənc, varlı ulduzun nə hiss etdiyini təsəvvür edə bilmirəm. Bu, çox çətindir. Bir fərq də var ki, ofisdə potensialının 70 faizini sərf etməklə kifayət qədər səmərəli ola bilirsən, futbolda isə tam başqadır. Bu faiz yaxşı sayıla bilməz. Bax, burada da problemlər başlayır. Bir zəif oyunçu bütün oyunu korlaya bilər. Təzyiqlər də buradan başlayır. Futbolçu meydandakı hər dəqiqəsinə hesabat verir, başa düşür ki, meydana tam hazır çıxmalıdır.

– Yapon futbolçuların Avropa meydanlarında şansı nə qədər böyükdür?

– İxtiyarında yapon oyunçunun olması hər məşqçinin arzusudur. Əgər sən ona meydanda 10 dövrə qaçmağı tapşırsan, cümləni deyib qurtarmamış artıq onun tapşırığı yerinə yetirdiyini görəcəksən. Avropada isə futbolçuya izah etməlisən ki, o nəyə görə meydanda 10 dövrə qaçmalıdır?

– Sizcə qalib komandanın əsas komponentləri hansılardır?

– Komandanın zəif nöqtəsi olmamalıdır. Heyətdə oyunun axarını dəyişə bilən oyunçular olmalıdır. Rəqibə mane olan yaxşı qapıçı və müdafiəçilər lazımdır. Yaxşı qol ötürməsi verən və bu ötürməni qola çevirə bilən hücumçu lazımdır. Əgər dəqiq ötürmə verə bilən oyunçun varsa, onda hər zaman hesabı dəyişib qalib gəlmək şansın olacaq. Qalanları isə komanda ruhundan asılıdır.

– Komanda ruhunun yüksəldilməsi üçün xüsusi üsullarınız varmı?

– Biz çatışmazlıqlarımızı unutmağa imkan verməyən dünyada yaşayırıq. Mən futbolçularıma onların üstün cəhətlərini xatırlatmağı üstün tuturam. Heç kim ideal deyil, amma hər kəs ideal olmadan da uğurlu insan ola bilər. Oyunçular malik olduqları müsbət keyfiyyətlərini unutmamalıdır.

– Öz məqsədinə çata bilməyənlərlə necə davranırsız?

– Əgər çalışmırlarsa, ən radikal addımı atırıq. Futbolçudan imtina edirik. Əsas çətinliklərimizdən biri də budur ki, oyun ərəfəsində start heyətinə düşmək istəyən 25 nəfərdən 14-ü oyun zamanı işsiz qalır. Oyundan sonra isə onlara “gəlin, yenidən başlayaq, sizin hələ şansınız var” sözlərini deməli oluruq.