“Sən oyunçu aldadanda mənim saçlarım ağarır”

621

“Ali Sami Yen”dəki ilk oyununda başını qaldırdı və göyə baxdı, orada olduğuna inanmırdı. Ama 10 ildə əldə etdiyi uğurlarla “Ali Sami Yen”də möhürünü qoydu. Söhbət “Qalatasaray”ın əfsanəvi futbolçusu Hasan Şaşdan gedir. Şaş “Futbol peşəkar kimi görünən həvəskar bir oyundur, həvəskar ruhla mübarizə aparmaq lazımdır” sözlərini deməsəydi də, biz onun belə düşündüyünü bilirdik. Onun bu həvəskar ruhla mübarizəsinin ən yaxın şahidi də “Ali Sami Yen” stadionudur. O, tarixi stadionda “Hamburq”la oyundakı üzüntünü hələ unutmasa da, ayaq basdığı yerlərdə UEFA Kuboku və Çempionlar Liqası uğurları, liqa çempionluğu və daha bir çox xatirələri var. “Boloniya” və “Real”la matçlardakı oyununa, 2001-02, 2005-06 və 2007-08 mövsümlərindəki çempionluqlara şahidlik edən stadion artıq olmasa da, Hasan Şaşın bu arenada illərə yığdığı xatirələr hələ də köhnəlməmiş qalır. Bu yaxınlarda yerli mətbuata müsahibə verən gənc mütəxəssis həmin illəri xatırlayıb.

– İstanbula gəlməzdən əvvəl, Adanada olarkən “Ali Sami Yen” haqqında nə düşünürdünüz? Futbol həyatınızın ilk illərində bu satdion sizin üçün nə ifadə edirdi?

– “Ali Sami Yen” stadionunda hər hansı bir oyunun anonsunu eşitdiyimiz anda radionun yaninda oturardıq. Əgər qol var idisə, topu mütləq Prekazi ötürmüş və Tanju da qolu vurmuşdu! 1992-ci ildən sonra televizordan izləməyə başladım. Bütün oyunları maraqla, həyəcanla izləyərdim.

– “Ali Sami Yen”dəki ilk oyununuzda “Adana Dəmirspor”la 1994-95 mövsümündə “Qalatasaray”a 0:3 hesabı ilə məğlub oldunuz və siz 77-ci dəqiqədə meydana girdiniz. İlk dəfə həmin oyunda “Ali Sami Yen”ə ayaq basdınız. Nələr hiss etdiniz?

– Çox həyəcanlanmışdım, daha böyük və daha səs-küylü xəyal edirdim. İki mərtəbəli olduğunu gördüyüm zaman “bu stadionda təzyiq olarmı?” deyə düşündüm. Ama bu stadionun necə cəhənnəmə döndüyünü “Qalatasaray”a keçib, Avrokubok oyunlarına çıxanda başa düşdüm. Bəli, stadion 20-25 min nəfərlik ola bilər, ama, həqiqətən də, qorxunc atmosfer var. “Adana Dəmirspor”dan “Ankaragücü”nə keçdikdən sonra “Ali Sami Yen”ə oyun izləməyə gələrkən bir gün “Qalatasaray”lılarla birlikdə meydana çıxacağımı bilirdim, hətta bundan əmin idim. İstədim və bacardım.

– Daha sonra “Qalatasaray” forması ilə 1998-99 mövsümünün ilk oyununda “Altay”a qarşı oynadınız, azarkeşlərlə tanış oldunuz…

– İlk matçı çox yaxşı xatırlayıram. “Ali Semi Yen”də olup-olmadığımdan əmin olmaq üçün başımı qaldırıb göy üzünə baxdım. Yaxşı oynamışdım. Mənim hərəkətlərimdən sonra olan uğultunu eşitdikcə tüklərim dik-dik olmuşdu.

– Bu stadionda keçirdiyiniz son liqa oyununda azarkeşlər sizi ayaqda alqışladılar. O anda nə fikirləşdiniz?

– “Qalatasaray” azarkeşlərinin iki oyunda etdiklərini unutmuram. Həmin görüşləri xatırlayınca hələ də həyəcanlanıram. Hər halda, 60 yaşına gəlsəm, yenə eyni hissi yaşayaram. Birincisi, 2005-06 mövsümündə “Dənizlispor” “Fənərbağça”ya qol vurduğu an stadionda qışqırılan “qoool” səsini eşidəndə özümdən getdim, yanımda biri elə bağırsa, o qədər təsirlənməzdim. Digər oyun da 2001-02 mövsümündə “Real”a qarşı olmuşdu. Sabahı günü bacımın toyu olacaqdı. İlk hissədə 0:2 geriyə düşmüşdük. “Eyvah” dedim öz-özümə, heç olmasa 1:2 qurtarsın, sabah toyda utanmayım. Fasilədə dava oldu. Luçesku, Haci, Jardel və Cüneyt Tanman bir-birilərinə qışqırdılar. O dava bizə müsbət təsir elədi. Bütün oyunçular adaptasiya olundu, ikinci hissə rəqiblə sanki forma dəyişmişdik. Əvvəlcə hesab 1:2 oldu, sonra mənim qolum gəldi. Luçeskuya tərəf qaçıram, o arada məni arxadan çəkməyə çalışırlar. Luçeskuya tərəf gedərkən bir yandan “Kübar cəmmiyət” olan sektoru görürəm. Hər kəs dəlicəsinə sevinirdi, bir azarkeş də 2-ci mərtəbədən Luçeskunun arxasına tullandı. O anı unuda bilmərəm. Adam gözümün önündə 2-ci mərtəbədən tullandı. Bilsəydim, daha tez qaçıb onu tutardım. Allaha çox şükür, bir şey olmadı.

– 2000-2001 mövsümündə PSJ ilə “Ali Sami Yen”dəki matçdan sonra Luçesku, həqiqətən də, formanızı istədimi?

– Çox çaşmışdım, oyunu 1:0 qalib bitirmişdik. Həmin görüşdə çox qaçmışdım. Paltardəyişmə otağına gedərkən arxadan biri səsləndi. Geri baxdım, Luçeskuya “yes mister” dedim. Əli ilə işarə edərək formamı istədi. “Oğlum Razvan üçün istəyirəm”, — dedi. Tez çıxardım, 3 saniyə belə çəkmədi. Mənim üçün çox duyğusal bir an idi, yaxşı ki xatırlatdın.

– Bu qədər duyğulandığınıza görə, Luçesku sizin üçün xüsusi bir məşqçi olmalıdır…

– Altı aylıq cəza aldıqdan sonra əsgərliyə gedib-gəldim. Təbii, daha sonra komanda ilə məşqlərə çıxdım, amma oyun praktikam yox idi. İlk həftədə Dənizli səfərində oynayacaqdıq, 19-cu futbolçu kimi getdim oraya, çünki məşqlərə yeni başlamışdım. Luçesku məni yanına çağırdı. “Məni icarəyəmi göndərəcək?” deyə düşündüm o anda. “Hasan, sənin ən böyük silahın driblinq etməkdir, mənim komandamda nə qədər istəsən driblinq et, azadsan”, dedi. Halbuki o günə qədər bütün məşqçilər driblinqlərimdən şikayətçi olmuşdular. Luçeskudan bu sözləri eşitdikdə, “görəsən mənə xəbərdarlıq edir?”, deyə fikirləşdim, tez-tez ötürmə verməyə başladım (gülür). Zamanla bu sözlərində səmimi olduğunu başa düşdüm və çox böyük inam gəldi.

– Erik Geretslə də yaxşı günləriniz oldu. O da sizi azad buraxırdı?

– O məni yanına çağırıb, “sən oyunçu aldadanda mənim saçlarım ağarır” deyərdi. Mən də ona “o zaman sən buradan baba olub gedərsən” söyləyirdim (gülür). Zarafat bir yana, o da mənə özünəinam verdi. “Ölsən də səni oynadacağam” deyirdi, amma driblinqlərimə qarışırdı.

– Sizi tez-tez hirsli görürdük. Məsələn, “Lokomativ”lə (Moskva) oyunda əsəbdən “Ali Sami Yen”ə sığmırdınız. Qoldan sonra reklam lövhələrini təpiklədiniz. Bunda stadiondakı atmosferin təsiri var idimi?

– Həmin matça ehtiyat oyunçu kimi başladığım üçün üzülmüşdüm. İlk görüşü səfərdə keçirmişdik. İkinci oyunda ilk “11-lik”dən yalnız mən oynamamışdım. Öz-özümə “yeganə günahkar mən idim?” deyə sual verdim. Üstəlik, ilk oyunda 2:0 hesabı ilə qalib gəlmişdik. Zəif oynaya bilərəm, amma incimişdim, bir az hirslənmişdim. Gözüm heç nə görmürdü. Qol vurandan sonra qarşıma çıxan ilk şeyi, reklam lövhəsini təpiklədim. “Powerade” şirkəti də sevinmişdi. Çünki onları da reklamı etmişdim (gülür). Amma ayağım çox ağrımışdı.

– İnternetdə məşhur bir videonuz var. 2002-03 mövsümündə “Ali Sami Yen”də “İstanbulspor”a qarşı keçirilən oyunda bir zərbəniz auta çıxdı, azarkeşlər sərt reaksiya göstərdilər. Siz oyundan sonra paltardəyişmə otağında azarkeşlərə giley edirdiniz. O anı izah edə bilərsinizmi?

– Oyunun 20-25-ci dəqiqəsində hesabda 2:0 irəlidə idik. Rəqibi keçdim, “bir də mən yoxlayım”, dedim. Stadiondan bir uğultu gəldi, utanıb pis oldum. O anda gizlənmək istədim. İlk hissə qurtaran kimi soyunub-geyinmə otağına girdim. Həmin mövsüm sənədli film çəkilişi var idi. Bizimlə birlikdə daim kamera çəkilişi gedirdi. Mən də o anda azarkeşin hərəkətinə cavab verdim.

– Sizin üçün “Ali Sami Yen”dəki hansı oyun daha yaddaqalandır: “Tromse”, yoxsa “Hamburq”?

– “Hamburq”. Çünki “Tromse” oyunu bir qəza idi. Səfərdəki ilk görüşü çox pis şəraitdə olan stadionda keçirmişdik. Oraya heç tarla da deməzdim. Oradansa, Çukurovadakı tarlalarda oynamağa da razı idim. “Hamburq”la görüşü isə xatırlamaq belə istəmirəm. Bəli, “Ali Sami Yen”də gözəl xatirələrim var, ama o hadisə məni çox üzdü. İçimdə hələ də bir inciklik var. “Hamburq”la görüşdə zədədən təzə çıxmışdım. Həm də diz bağlarım zədəli idi. Zədəli olduğum müddətdə çəkim artmışdı. Bunu ancaq bir toplanış dövründə atmaq olardı. Bülənt Qorxmaz məni 18 nəfərlik heyətə saldı. “Qalatasaray”ın heyətlə bağlı problemi var idi və mövqeyimdə məndən başqa futbolçu olmadığı üçün məni oynatmaq məcburiyyətində qaldı. Hazır olmadığımı bilirdim və edəcək bir şey idi. 1-2 dəfə top itirincə, azarkeşin reaksiyası ilə qarşılaşdım. O anda “Ali Sami Yen”in ot örtüyü yarılsaydı, içinə girərdim. Elə o anda da karyeramı bitirmək qərarına gəldim.

– “Ali Sami Yen” deyəndə ağlınıza ilk nə gəlir? O stadionun sizin üçün ən özəl yeri harasıdır?

– Bizim məşhur qazan dairəsi var idi. Baş məşqçi heyəti açıqladıqdan sonra 15 dəqiqəlik fasilə olurdu. Burada toplaşıb söhbət edirdik. Kimi çayını, qəhvəsini içirdi, kim də namazını qılırdı. Heyətə girə bilməyənlərlə zarafatlaşırdıq. Oyunun bütün gərginliyini üzərimizdən atırdıq. Feldkamp qazan dairəsini bağlatdı, o getdi, çempion olduq. Qazan dairəsi bir əfsanədir. Matça hazır olduğumuz yer orası idi.

– Bəs bu stadionda vurduğunuz ən gözəl qol hansıdır?

– “Qalatasaray”a gəldiyim mövsümün 3-cü həftəsində “Kocaelispor”a vurduğum qol ən yaxşısı idi. Topa nəzarət və driblinq var idi. Fərdi qabiliyyət ön planda idi.

– “Fənərbağça”nın Dənizlidə xal itirdiyi və çempion olduğunuz 2005-2006 mövsümünün o məşhur son 16 dəqiqəsi sizə görə nə qədər çəkdi?

– “Ali Sami Yen”də gəzirəm, hər kəs gərgin olduğumu bildiyi üçün yanıma gəlmirdilər. Hesabı öyrənmək istəyirəm, amma qorxduğum üçün soruşmağa cürət eləmirəm. Bir tərəfdən də mətbuat tribunasında insanların əl-qol hərəkətlərinə, reaksiyalarına baxıram. Dünyadan uzaqlaşmışdım, “Fənərbağça” qol vursaydı, nə edəcəyimi bilmirdim. Özümə zərər verə bilərdim. “Fənərbağça” o gün həyatımı qurtardı.

– 2003-2004 mövsümündə “Qalatasaray” Çempionlar Liqası matçlarını ilk dəfə evindən uzaqda, “Olimpiya” stadionunda keçirdi. 2006-2007 mövsümündə də bu hal təkrarlandı. Bu vəziyyət komandaya necə təsir elədi?

– Floryada avtobusa minirdik, stadiona qədər deyinirdik: “bu stadionda oyun keçirilər?” Biz həmin vaxt o stadionu düzəldəni tapmağa çalışırdıq. “Niyə məhz bu stadion”, — deyə sual vercəkdik (gülür). Ora futbol stadionu yox, eyni zamanda olimpiada yarışları üçün nəzərdə tutulmuşdu. Çox küləkli yer idi. “Ali Sam Yen” üçün çox darıxırdıq.