“Sən demə, bu tənhalıq ondan da betərmiş”

632

Mingəçevirdə yaşayan İkinci Dünya müharibəsi iştirakçılarının sıraları getdikcə azalır. Məlumata görə, 10 il bundan əvvəl onların sayı 95 nəfər idi. Bu gün isə 8-dir. Onlardan da bir neçəsi artıq yataq xəstəsidir. Sağlamlıqları normal olanlar onları tək qoymur, həmkarlarını yoluxurlar. Bu günlərdə Mingəçevir Veteranlar Təşkilatının sədri Ələm Məmmədov rəhbərlik etdiyi qurumun bir neçə üzvü ilə birgə yenə onlara baş çəkib. Növbəti görüşünün təəssüratlarını da bizimlə bölüşən Ələm müəllim: “Bu, bizim borcumuzdur”, – sözləri ilə söhbətə başladı. Onun səsində bir titrəyiş hiss etdik. Ələm müəllim: “Qüsura baxma, qızım”, – deyərək sözünə davam etdi: “Onları itirməyə qorxuram”. Söhbətinin bu yerində onun gözləri doldu, handan-hana dilləndi: “Onsuz da sıralarımız seyrəkləşməkdədir”.
“Onlara baş çəkmək hər birimizin mənəvi borcudur”, – sözlərini bir daha xatırladan həmsöhbətimizin sözlərindən aydın oldu ki, elə bu kimi ziyarətləri ilə həmkarlarına dəstək olmağa çalışırlar: “Əvvəlcə, Böyük Vətən Müharibəsi illərində tibb bacısı kimi çalışmış 95 yaşlı Nadejda Orucovanı ziyarət etdik. İnandırım sizi, Nadejda xanım bu dəfə də bizi görəndə sevincdən göz yaşlarını saxlaya bilmədi. Bilirsinizmi, o bizə nələr dedi? Dedi ki, tək -tənha 4 divar arasında çox sıxılıram. Bütün günü ötən illərin xatirələri ilə yaşayıram. Düzdür, çox acılı illər keçirmişik. Amma sən demə, bu tənhalıq ondan da betər imiş. Artıq kitab, qəzet də oxuya bilmirəm. Yaş öz sözünü deyir də…. Məlumat üçün onu da qeyd edək ki, Nadejda xanımın övladı, qohumu yoxdur. O, 50 il Mingəçevir təhsilinə öz töhfəsini verib.
Yeri gəlmişkən, Nadejda xanım bir zamanlar çalışdığı məktəbdən də şikayərləndi”.


Mingəçevir Veteranlar Təşkilatının sədri Ələm Məmmədov rəhbərlik etdiyi qurumun bir neçə üzvü ilə birgə 81 yaşlı Rəhbər Həsənovu da ziyarət ediblər. O da səhhəttində yaranan problemdən əziyyət çəkir. Həmişə gözləri qapıda olan bu veteran da öz həmkarlarını görüb uşaq kimi ağladı. Səmimi söhbətdən sonrakı ayrılıq məqamında Ələm Məmmədov ona zarafatla: “Yaz gələr, yenə görüşərək”, – deyəndə Rəhbər Həsənov ona belə cavab verdi: “Biz qocaların qışından sonra yazı gəlmir”.
Esmira Hidayətova, Mingəçevir.