Sən də bu üsula keç və yaxud “Bəxtinizi bir daha sınayın”

767

Bir tumsatan tanışım var. Göyçək adlı bu yaşlı qadını on ildən çoxdur ki, tanıyıram. 
Yolum parkdan düşəndə Göyçək nənəyə baş çəkməyi, elə bu ziyarətlər çərçivəsində tum almaqla ona xeyir verməyi özümə borc bilirəm. O da hər dəfə mənə dürlü-dürlü xeyir-dua verir. O gün də Göyçək nənəyə başa çəkdim. Amma bu dəfə onu yaman qanıqara gördüm. Könlünü almaq məqsədilə dilləndim: “Ay Göyçək nənə, niyə kölgədə deyil, günün altında oturub tum satırsan? Heç olmasa, bir ağacın altına çəkil, ya da başının üstünə bir çətirdən-zaddan sal da…” Göyçək nənə: “Əvvəla, indi parkdakı hər ağacın da öz sahibi var. Yəni kölgəsində daldalanı var. O ki qaldı “zontik” məsələsinə… Ay rəhmətliyin nəvəsi, heç özümüzü qoyurlar ki, “zontik”i də qoysunlar”,- deyə polislərin dalınca gileyləndi. Elə bu sözlərin ardınca polislərə bəraət də qazandırdı: “Onlar da buyruq quludurlar da”.

– Ay Göyçək nənə, bəs alverin necə gedir?

O,  Hacı Qaravari dilləndi:

– Allah kəssin belə alış-verişi! İnandırım səni, səhər tezdən bir stəkan semiçka da satmamışam. Heç kəs yaxına gəlmir. Belə getsə, dünənki kimi bir qəpik yiyəsi olmayacağam. Qalacağam bircə pensiyanın ümidinə… O da ki çörəkpuluna güclə çatır. Evin dağılsın, ay patron. Səni görüm, heç uğuruna xeyir gəlməsin.

“Məgər sənin də patronun var,”- deyib soruşmaq istəyirdim ki, Göyçək nənə “patron” ifadəsinə aydınlıq gətirdi:

– Ay bala, birdən ağlına başqa şey gəlməsin e, mən “patron” deyəndə “Patron” günəbaxan tumlarını nəzərdə tuturam. İndi bu ad altında hər yerdə semiçka satılır. Özü də eşitdiyimə görə, müxtəlif ölçülərdə qablaşdırılmış bu semiçkaların arasına hədiyyələrdən (televizor, soyuducu, paltaryuyan maşın və sairə) ibarət kuponlar da qoyulub. Odur ki, tum həvəskarları mehrlərini salıblar həmin uduşlu “Patron”lara…

Söhbətinin bu yerində dərindən nəfəs alan Göyçək nənə: “Deyəsən, bu böyük, imkanlı şirkətlər, firmalar öz imkanlarına arxalanaraq bizim axırımıza çıxacaq axı. Bununla da mənim kimilərin bazarı tam bağlanacaq. (Amma kimsə unutmasın ki, bu məmləkətin ilk biznesmeni elə tumsatanlar olublar). Mən bir şeyi başa düşə bilmirəm e… İndi müəssisələr istehsal etdikləri məhsulların keyfiyyətinə fikir verməkdənsə, malın reklamına daha çox fikir verir. Alıcıları olmayanda, yəni həmin reklamdan bir xeyir görməyəndə də başlayırlar malın üzərinə “hədiyyəli” sözlərini yazdırmağa. Odur ki, indi məmləkətimizdə belə hədiyyəli malların sayı o qədərdir ki, adlarını heç sayıb qurtarmaq mümkün deyil. Hətta spirtli içki məhsullarının istehsalçıları da bu üsuldan yararlanırlar. Səncə, bu mədəni yolla uşaqları içkiyə təhrik etmək deyilmi? O gün də eşidirəm ki, artıq tikinti məhsulları istehsal edənlər belə reklamdan yararlanmağa başlayıb. Belə getsə, hər alınan malın üstündə camaata nəsə vəd veriləcək.

Göyçək nənə danışdıqca hiddətlənirdi. Onu bu vəziyyətdən çıxarmaq məqsədi ilə dedim:

– Göyçək nənə, bəlkə, sən də bu üsula əl atasan?

O, məni tərs-tərs süzərək dedi:

– A bala, məni ələ salmısan?

– Allah eləməsin, ay Göyçək nənə? Bu nə sözdür?

– Göyçək nənə, mənim sənə bir məsləhətim var. Bax, sən də semiçka doldurduğun kulokların üstünə “hədiyyəli” sözlərini həkk elə. Amma kulokların içinə qoyacağın kuponlara yalnız: “Bəxtinizi bir daha sınayın” sözlərini yaz. Bu minvalla, vallah, sən də qaz vurub qazan doldurarsan.

Göyçək nənə:

– Sən nə danışırsan, a bala? Sabah məni fırıldaqçılıqda günahlandırmazlarmı? – deyib üzümə elə baxdı ki…

– Rəhmətliyin qızı, nəyi qoyub, nəyi axtarırsan? İndi məgər bu üsuldan istifadə edənlər azmıdır? Sən də ol onlardan biri də… Yoxsa göz görə-görə bu biznes aləmində yox olub gedəcəksən…

Bu sözlərdən sonra Göyçək nənə səsini çıxarmadı. Daha bilmədim o mənim təklifimlə razılaşdı, yoxsa yox…  q.mehebbetoglu@zaman.az