Sənətinizin vurğunu olan musiqiçiləri heyrətləndirin

0
422

Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli adət-ənənələrinə və vətənpərvərlik ideyalarına sadiq olan, müstəqil, yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək hər bir peşəkar ixtisasçının əsas vəzifələrindən biridir. Milli-mənəvi dəyərləri qoruyan və inkişaf etdirən, yenilikləri qiymətləndirməyi bacaran, qabiliyyətli mütəxəssis-kadrlar hazırlayan müəllimlərin adlarını sadaladıqda İlqar Əliyevin (Kaman) adını da xüsusi qeyd etmək vacibdir. Kimdir İlqar Əliyev? O, 1964-cü ildə Lənkəranda dünyaya göz açıb, kiçik yaşlarından incəsənətə meyil göstərib. Dahi sənətkarımız Habil Əliyevin kamanının sehrinə düşən İlqar Əliyev 1974-cü ildə Cəfər Cabbarlı adına Uşaq Musiqi Məktəbinin kamança sinfində təhsil alıb. Daha sonra Lənkəran Musiqi Texnikumunun Xalq çalğı alətləri şöbəsinə daxil olub və 1983-cü ildə bu şöbəni müvəffəqiyyətlə bitirərək, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub və müvəffəqiyyətlə bitirib. Diplom müdafiəsi zamanı komissiyanın tərkibində olan Özbəkistan Dövlət Konservatoriyasının professorundan Daşkəndə dəvət alıb. Xüsusi ifaçılıq qabiliyyətinə görə Üzeyir Hacıbəyov adına Konservatoriyada da qalıb işləmək təklifi almışdır. Lənkəran musiqi incəsənətinə olan hörmətindən və bağlılığından doğma rayonuna qayıtmağı qarşısına məqsəd qoyur. O, Lənkəran Musiqi Texnikumunda pedaqoji fəaliyyətə başlayır. İlqar müəllim ixtisasını dərindən bilən bir sənətkardır. Onun tələbələri müxtəlif müsabiqələrdə diplomant, laureat adlarına layiq görülmüşlər. Pedaqoji fəaliyyətlə yanaşı, bu gözəl sənətkar rayon tədbirlərinin fəal iştirakçısıdır. İlqar müəllimin rəhbərlik etdiyi Humanitar Kollecin tələbələrdən ibarət xalq çalğı alətləri orkestri və ansamblı rayonda keçirilən tədbirlərə xüsusi rəng qatır. Çox hörmətli İlqar müəllimin bu il 50 yaşı tamam olur. Onun xanımı – mənim yaxın rəfiqəm Samirə xanım deyir ki, əslində biz ailəmizin başçısının doğum gününü ildə üç dəfə qeyd edirik. Səbəbini soruşmadım, çünki, cavabını bilirdim. Axı Azərbaycan xalq musiqi nümunələrini, klassik muğamlarımızı dərindən bilən və biz tələbələrə düzgün mənimsədən bu gözəl insan ürəyindən iki dəfə əməliyyat keçirib…

Kövrək hisslərə toxunmaq istəmirəm. Deyirlər, ərlə-arvadın torpağı bir yerdən götürülüb. Bu necə də doğru deyilmişdir. İlqar müəllim necə gözəl insani xüsusiyyətlərə, yüksək  mədəniyyətə malikdirsə, Samirə xanım da bir o qədər yüksək insani keyfiyyətləri özündə cəm edən bir Azərbaydan xanımıdır. Lənkəran Dövlət Humanitar Kollecinin Musiqi şöbəsində İlqar müəllim xalq çalğı alətləri və xanəndəlik fənn birləşməsinin rəhbəri, Samirə xanım isə bu fənn birləşməsində kamança ixtisasını tədris edən savadlı bir müəllimədir. Evdə və işdə onlar həmişə bir-birilərinə mənəvi dayaqdırlar. Bu gözəl insanların iki övladı var. Samirə müəllimə qeyd edir ki, qızımın atasının 50 illiyinə iki hədiyyəsi var. O, şəhid Vaqif Əliyev adına Lənkəran şəhər 4 saylı ingilis dili təmayüllü məktəb-liseyini qızıl medalla bitirib və yüksək balla Tib Universitetinin “Stomatologiya” fakültəsinə daxil olub. Ailənin digər övladı Rəsul da atasına söz verib ki, üzərinə düşən əsas vəzifəni yerinə yetirəcək – əla qiymətlərlə oxuyacaq və bacısı kimi valideynlərini sevindirəcək. Samirə xanım qeyd etdi ki, o da öz ixtisas müəlliminə cansağlığı arzu edir: “Həmişə bu kiçik və xoşbəxt ailəmizin başında durmağını arzulayıram. Sənətində ona yeni-yeni yaradıcılıq uğurları diləyirəm”.

Mən də pedaqoji kollektivin bir üzvü olaraq, İlqar müəllimə cansağlığı arzulayıram. Lənkəran Dövlət Humanitar Kollecinin musiqi şöbəsinin əsas müəllimlərindən olan, biz gənc müəllimlərə daim dəstək olan və fikirlərimizə hörmətlə yanaşan, kollektivin sevimlisi, çox hörmətli İlqar müəllim, həmişə ruh yüksəkliyi ilə yaşayıb yaradın. Kamanın o ecazkar səsini öz virtuoz ifanızla dilləndirin. Yeni tamaşalara musiqilər bəstələyin. Yeni-yeni mahnılar yaradın, sizin sənətinizin vurğunu olan musiqiçiləri heyrətləndirin.

Lənkəran Dövlət Humanitar Kollektivinin pedaqoji kollektivi adından, Lənkəranın bütün musiqiçiləri adından İlqar Kamanı 50 illik yubileyi münasibətilə təbrik edir, ona şəxsi həyatında və yaradıcılığında uğurlar arzu edirik.

 Yaqut Salamqızı, Lənkəran Dövlət Humanitar Kollecinin müəllimi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here