Sənət adamları: Belə bir görüşü çoxdan gözləyirdik

Xəbər verildiyi kimi, martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər. Bu görüş mədəniyyət və incəsənət xadimlərinin yaddaşlarına necə həkk olunub? Bu sualla bir neçə tanınmış sənətkara  müraciət etdik.

Xalq artisti, “Şöhrət” ordenli Mənsum İbrahimov:

– Mədəniyyət, incəsənət xadimləri Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin, eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyət və incəsənətə diqqət və qayğılarını həmişə hiss etmişik. Məsələn, son illər ölkəmizdə muğamımızın inkişafı istiqamətində çox böyük addımlar atılıb. Belə ki, 2008-ci ildə Bakıda və Ağcabədidə, 2010-cu ildə Füzulidə, ötən il Ağdamda inşa olunan Muğam mərkəzləri, eləcə də ənənəvi muğam televiziya müsabiqələri, beynəlxalq muğam festivalları ölkəmizdə muğamın inkişafına çox böyük töhfələr verib. Həmin görüşdə ölkə başçısı çıxışında muğam müsabiqələrindən də söz açaraq qeyd etdi ki, canlı yayımda göstərilən muğam müsabiqələri çox böyük auditoriya yığır. Bu gün qədim və zəngin mədəniyyətimizin vizit kartı hesab olunan muğamımız məhz bu diqqətin sayəsində dünyanı dolaşır.

Prezidentimiz bu sənəti yaşadanlara da həmişə qayğı ilə yanaşıb. Mən ölkə başçısının mədəniyyət və incəsənət xadimləri ilə martın 1-də keçirdiyi görüşün iştirakçısı, həm də muğamımızı yaşadan bir şəxs kimi deyə bilərəm ki, həmin görüş, ümumiyyətlə, Azərbaycan mədəniyyəti və incəsənətinin gələcək inkişafında öz müsbət və əvəzsiz rolunu oynayacaq.

Xalq artisti, “Şöhrət” ordenli İlham Əhmədov:

– Həmin görüşü maraqla izlədim. Tamamilə səmimiyyət üzərində qurulmuş bu tədbirdə problemlər, narahatlıq doğuran məqamlar dilə gətirildi. Məsələn, Afaq Bəşirovanın qaldırdığı problemi götürək. Görüşdə o, gənc sənətçilərin, xüsusilə, aktyorların durumundan söz açdı. Etiraf edək ki, digər sahələrdə çalışanlarla müqayisədə bu sahənin insanları bir qədər çətin durumdadırlar, yəni əməkhaqları istənilən səviyyədə deyil. Onlar əslində çox fədakar insanlardır. Prezident də yekun çıxışında bununla və digər problemlərlə bağlı məsələlərə toxundu və müvafiq göstərişlər verdi. Şübhəsiz, mən bundan çox məmnun qaldım. Əminəm ki, nəticələr tez bir zamanda özünü göstərəcək. Bir sözlə, bir sənət adamı kimi bu görüşü tarixi görüş kimi dəyərləndirirəm.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Xalq artisti Vamiq Məmmədəliyev:

– Həmin görüşdə son illər görülən işlərdən, o cümlədən təqaüdlərin, əməkhaqlarının, pensiyaların artırılmasından, problemli kreditlərlə bağlı analoqu olmayan fərmanın imzalanmasından və digər məsələlərdən də danışıldı. Bildirildi ki, ölkəmizin hər bir vətəndaşı bu addımları təqdir edir. Cənab Prezident “Bundan sonra nələr görülməlidir, onu da siz özünüz deməlisiniz” sözləri ilə görüş iştirakçılarına müraciət etdi.

Yeri gəlmişkən, hər kəsə bəllidir ki, möhtərəm Prezidentimiz verdiyi hər bir vədi  yerinə yetirir. Biz həmişə bunun şahidiyik. Zənnimcə, hər səslənən təklif və ölkə başçısı tərəfindən atılan və atılacaq addımlar mədəniyyətimizin və incəsənətimizin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə nəticələnəcək. Bütün bunlara görə mən Prezidentimizə təşəkkürümü bildirirəm”.

Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov:

– Əvvəla onu deyim ki, cənab Prezidentin bu görüşünün keçirilmə formatı mənə bir zamanlar ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə keçirdiyi çoxsaylı görüşlərini xatırlatdı. Doğrusu, hamımız belə bir görüşü çoxdan gözləyirdik. İkincisi, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə onların mədəniyyət və incəsənətimizə necə dəyər verdiklərinin bir daha şahidi oldum və bir daha qürur hissi keçirdim. Bu məni çox sevindirməklə yanaşı, yeni yaradıcılığa sövq edir. Şübhə etmirəm ki, bundan sonra da yaradıcı insanlar öz işlərinə daha məsuliyyətlə yanaşacaqlar. Odur ki, bu görüs 2019-cu ilin ən yaddaqalan, əlamətdar mədəni tədbiri, eləcə də xalq-iqtidar birliyinin sarsılmazlığı kimi yaddaşıma əbədi həkk olundu.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov:

– Mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüş ölkə Prezidenti tərəfindən atılan çox mötəbər bir addımdır. Görüşün belə bir formatda, demək olar ki, bütün sahələrin nümayəndələrinin iştirakı ilə keçirilməsi onun əhəmiyyətini daha da artırırdı. Digər əhəmiyyətli məsələ mədəniyyət və incəsənətimizin müxtəlif sahələrində mövcud olan  problemlərin ölkə başçısının diqqətinə çatdırılması idi.  Mən mədəniyyət və incəsənət xadimlərimizin çıxışlarlarını konstruktivlik baxımından yüksək qiymətləndirir və onlara da öz adımdan dərin təşəkkürümü bldirirəm. Cənab Prezidentin bildirdiyi kimi, belə görüşlər müntəzəm olaraq keçiriləcək. Şübhəsiz, hər belə görüş mədəniyyət və incəsənətimizin də inkişafına çox yeni təkan verəcək və ölkəmiz dünya miqyasında daha çox tanınacaq. Unutmayaq ki, hər bir xalqı dünyada tanıdan onun mədəniyyəti, milli mənəvi dəyərləridir. Bu yerdə Ulu Öndərin bir kəlamını da xatırlatmaq istərdim: “Hər bir xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”