Sənə quzu kəsmək istəyirəm, Prosineçki, amma bir şərtlə

0
444

Çox hörmətli Robert müəllim Prosineçki! Bəri başdan səni futbol üzrə millimizin baş məşqçisi təyin olunmağın münasibətilə təbrik edirəm. Və bu postdan nə Torres, nə də Foqts gedişatı arzulayıram. Arzu edirəm, futbolumuza elə töhfələr verəsən ki, hər əlinə top alan səni xatırlasın. Ürəyimin ən dərin meydançasındakı bu sözlərimdən başqa, sənə bir neçə kəlmə də ərz etmək istəyirəm. Bilmirəm, xoşuna gələcək, ya yox. Xahiş edirəm, ərz edəcəklərimin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, mənə bir cavab yazasan. Çünki kolleksiyamda sənin də məktubunu görmək istəyirəm. Hə, əzizim Robert müəllim, bu girişdən sonra icazənlə başlayım. Özü də lap mərkəzdən. Çalışacağam ki, simulyasiya etməyim.

Çox hörmətli Prosineçki, yəqin, eşitmisən, bizim məmləkətdə istəkli qonağın ayaqları altında quzu kəsmək adətdir. Mən də sən milliyə baş məşqçi təyin olunan gün bu adətə əsasən ayaqlarının altında bir quzu kəsmək istədim. Lakin məndən kiçik qardaşım (o məndən çox ağıllıdır) tələsməməyimi tövsiyə etdi. Dedi ki, qoy o cənab Prosineçki əvvəlcə öz məharətini göstərsin, sonra kəsərsən. Sözün düzü, onun bu təklifi ağlıma batdı. Odur ki, mən də bu fikrimdən vaz keçdim.

Cənab Prosineçki, səhv etmirəmsə, zəhmətinin müqabilində hər il bizdən 1,2 milyon avro alacaqsan. Bu qədər maaşın azmı, çoxmu olmasını deyə bilmərəm. Bircə, onu deyə bilərəm ki, bu, sənin həmyerlinin, daha doğrusu, Xorvatiyanın baş məşqçisi Niko Kovaçın maaşından ən azı beş dəfə çoxdur. (Xoş halalın olsun?) İndi Xorvatiyanın bütün idman qəzetləri bu barədə yazır. Yazır demişkən, elə bir zamanlar millimizə rəhbərlik etmiş Torres, Foqts barədə də belə yazılar dərc olunardı. Təbii ki, məhz Torreslə Braziliyada, Foqtsla Almaniyada daha çox tanındıq. İndi də, cənab Prosineçki, sənin sayəndə Xorvatiyada təbliğ olunuruq. Heç şübhəsiz ki, sənə az maaş versəydik, haqqımızda qəzetlərin bir kəlmə belə yazmazdı. Xətrinə dəyməsin, bu baş məşqçi seçimi ilə bizimkilər həm də ölkəmizi təbliğ edirlər. Bundan gözəl iş ola bilərmi? Məncə, yox. Kim nə deyir, desin məhz elə buna görə sənə o qədər maaş ayrılması çox məntiqlidir. Mən hələ sənin baş çəkəcəyin ölkələrdə məmləkətimizdən həm ingilis, həm də öz dilinizdə söz açacağını demirəm. Bəzi ağzıgöyçəklər isə elə hey deyirdilər ki, milliyə yerli məşqçi lazımdır. Amma belə danışanlardan bir kimsə soruşmadı ki, balam, onlardan hansı öz dilindən (hə, insafən, onlar rus dilində də çöllərini sudan çıxara bilirlər) savayı başqa dildə danışa bilir?

Bilirsən, cənab Prosineçki, mənə ləzzət verən nə oldu? Sənin yaxın illər üçün heç bir öhdəlik götürməməyin. Amma bildiyimə görə, milli komandamızı AÇ-2020-yə hazırlamaq, daha doğrusu, həmin turnirin final mərhələsinə çıxartmaq başının üstündən Damokl qılıncı kimi asılıb. Amma buna görə fikir çəkməyə dəyməz. Çünki o vaxta hələ var. Amma xahiş edirəm, o vaxta kimi ya xan ölər, ya eşşək misalına sığınma.

Bütün bunlar bir yana, ay Robert müəllim, bildiyin kimi, “Avro-2016″nın seçmə mərhələsinin H qrupunda indiyədək dörd oyun keçirmiş millimiz heç bir xal qazanmayıb. Necə deyərlər, xala həsrət qalmışıq. Odur ki, sizdən acizanə xahiş edirəm ki, gələn ilin mart ayının 28-də Malta millisi ilə keçiriləcək qarşılaşmada bizə sevinc bəxş edəsən. Bu diləyimin başqa bir məramı da var ki, onu yuxarıda ərz etdim. Yəni mən ayağının altında quzu kəsmək istəyirəm. O gün bütün imkanlarımı səfərbər edəndə aydın oldu ki, həmin quzunu martın sonlarına kimi saxlamaq imkanım var, ondan o yana yox. Deyirəm, həmin oyunda qələbə əldə etmək nə yaxşı olaydı. Mənim canım da həmin quzunu saxlamaqdan qurtaraydı. Və mən həmin quzunu ayağının altıda kəsəydim. Bununla mən həm də futbol tariximizə düşəydim. Əgər qələbəni iyunun 12-də keçiriləcək Norveç-Azərbaycan oyununa saxlasan, mən batdım. Çünki yaya qədər quzu saxlamaq imkanım yoxdur. Quzunu satıb kasıbçılığımı etməli olacağam. Nə olar, arzumu ürəyimdə qoyma.

Çox hörmətlə: Millinin qələbəsini həsrətlə gözləyən Azarkeş

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here