“Sənə qələbə yaraşır, Azərbaycan!”

641

Mingəçevirin ümumtəhsil müəssisələrində 2016-cı ilin Aprel döyüşlərində şəhid olan igidlərimizin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də N. Gəncəvi adına 8 saylı tam orta məktəbdə təşkil olunub.  Üçrəngli bayraq tədbirə gətirildikdən və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra onların həyat və döyüş yolundan bəhs edən videoslayd nümayiş olunub.

 

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Adil Kərimov qeyd edib ki, Aprel döyüşləri xalqımızın tarixinə yeni bir qəhrəmanlıq səlnaməsi yazıb: “Düşmənə sarsıdıcı zərbələr vuran Aprel döyüşlərində ordumuz gücünü bir daha nümayiş etdirərək hər bir azərbaycanlıya möhtəşəm qələbə sevinci yaşadıb. Bu gün biz məktəblərdə belə tədbirlər keçirərək bir daha onların qəhrəmanlığını gələcək nəsillərə çatdırır, gənclərimizin igidlərimizdən örnək götürmələrini arzulayırıq”.

 

Daha sonra məktəbin dil-ədəbiyyat müəlliməsi Əsli Yusifovanın təşkilatçılığı ilə şagirdlər “Sənə qələbə yaraşır, Azərbaycan!” adlı kompozisiya nümayiş etdiriblər (Kompozisiyada səslənən şeirlərin müəllifi Əsli Yusifovaya aiddir). Kompozisiya  VIII c, IXa, IX b, VIIb sinif şagirdlərinin iştirakı ilə təqdim olunub. Qeyd edək ki, tədbirin ərsəyə gəlməsində məktəbin müəllimələrindən – Esmira Hacıyeva, Kəmalə Rüstəmova, Uşaq Birliyi Təşkilatının rəhbəri Məşuqə Misirova, psixoloq Aynurə Əfəndiyeva, Dilrubə Həsənova köməklik göstəriblər.

Tədbirdə Aprel şəhidlərinin ailə üzvüləri, təhsil şöbəsinin metodisti Gündüz Abbasov də iştirak ediblər.

Tədbir çərçivəsində qonaqlar məktəbin foyesində düzənlənmiş fotostendlərlə də tanış olublar.

Esmira Hidayətova, Mingəçevir