Sənə nə olur, Türkiyə?

525

Rahib Alpanlı

Türkiyə tarix boyunca dünyanın diqqət mərkəzində olmuşdur. Haqqında ən gözəl, diqqətəlayiq fikirlər söylənən ikinci bir millət, bəlkə də, yoxdur. Onun gücü, qüvvəti haqqın, ədalətin sevinci, təntənəsi, zəifliyi də zülmün, haqsızlığın bayramı kimi görünüb bəşəriyyətin həyatında.

Bir zamanlar haqqı, ədaləti bərqərar edən Türkiyə bu gün baş alıb gedən qlobal özbaşınalığa təsir göstərə bilmir, seyrçi mövqe tutmaqla kifayətlənir. Nə dosta əl uzada, nə də düşmənə dur deyə bilir. Böyük çex pedaqoqu Komenski yazırdı ki, türklər qəhrəmandırlar, dostlarına zərər verməzlər, uca türk milləti tutduğu əli buraxmaz, sözündən dönməz, dar gündə dostunu tək qoymaz. Bu heyrətamiz millətlə dost olmaq istənilən çətinlikdən qurtula bilmək üçün əvəzsiz güc qazanmaq deməkdir.

Dəfələrlə türklərlə müharibə aparmış rus ordusu komandirlərindən biri demişdir: – Türklərin yalnız sonsuz bir cəsarəti deyil, iradələri sərsəmləşdirən bir sehrbaz zəkası vardır. Məhz bu zəkası ilə türk zəfər qazanır, sivilizasiyalar yaradır və insanlıq dünyasında ən şərəfli xidməti başarır. Avropanın yarısını yüz illər boyunca öz təsiri altında saxlamaq başqa cür mümkün olmazdı.

Müharibədən söz düşmüşkən, bir ingilis komandirinin dedikləri də adamın ürəyini qürurla doldurur: – Savaşın zövqünü almaq istəyən hər kəs türklərlə savaşmalıdır. Bu fikrə Napoleonun sözləri də qüvvət verir: – Türklər öldürülə bilir, fəqət məğlub edilməzlər.

Osmanlı padşahı II Mahmud tərəfindən Osmanlı ordusunu yeniləşdirmək üçün vəzifələndirilmiş alman generalı Helmut Karl Bernhard von Moltkenin (1800 -1891) yaxşı tanıdığı türklər haqqında dediklərinə diqqət yetirək: – Silahlı millətin ən canlı misalı türklərdir. Bu diyar kəndlisinin oraq, katibinin qələm və hətta qadınlarının ətək tutuşunda silaha sarılmış bir pəncə qıvraqlığı vardır. Türk ata minər kimi oturur, kəşfiyyata yollanan əsgər kimi ayıq yeriyir.

Fransız yazar, şair və siyasətçisi Alfonse de Lamartinenin (1790 – 1869) qələmi də belə bir yadigar qoyub bizlərə: – Türklər bir irq və bir millət olaraq, yer üzünün ən şərəfli insanlarıdır.

Osmanlı zamanında İngiltərə tərəfindən İstanbula elçi olaraq təyin olunan Edvard Vortli Montagunun (Edward Wortley Montagu) həyat yoldaşı, yazıçı Leydi Meri Vortli Montagunun (Lady Mary Wortley Montagu) türk qadını haqqında dediklərinə heyran olmaya bilmirsən: – Türk qadınlarının ən böyük süsü türk olmalarıdır. Onlar süslənmək üçün almaz və ya zümrüd taxmırlar, bəlkə üzərlərində daşıdıqları o daşları süsləmiş və qiymətləndirmiş olurlar, çünki hər türk qadını canlı bir inci və qiymətsiz bir brilyantdır.

Türkün mənəvi zənginliyi də tarix boyunca diqqət çəkmişdir. “Türk qorxmaz, qorxudar. Bir şey istərsə onu həyata keçirmədikcə əl çəkməz. Hansı işə başlarsa başarar”, “Hər türk özünü aslan, düşmənini ov, atını ceyran bilir” – deyimlərinin müəllifi olan bir ərəb alimi Semame İbni Eşreş yazmışdır: – Türklərin ürəkləri təmizdir. Onlarda batıl fikirlər, bəsit düşüncələr yoxdur”.

İngilis dövlət adamı Vilyam Pitin (William Pitt) dedikləri bu gün də əhəmiyyət daşıyır: – Türklərin sevdikləri yeganə şey haqq və həqiqətdir və heç bir haqsızlıq etmədikləri halda haqsızlığa uğramışlar.

Türklər haqqında söylənən ən möhtəşəm fikirlərdən biri də Napoleona məxsusdur: – İnsanları ucaldan iki böyük məziyyət vardır: kişinin cəsur, qadının iffətli olması. Bu iki məziyyətin yanında bir məziyyət daha vardır: vətənə hər şeyini fəda edəcək qədər bağlı olmaq. Bunlar böyük qəhrəmanlığı, ələm və kədərə qarşı dayana bilməyi doğurur. Türklər məhz bu cür qəhrəmanlardandır.

Türklərə qarşı savaşlarda iştirak etmiş Lord Bayron demişdir: – “Qılıncı qeyri-adi bir bacarıqla işlədən türkün əli, məğlub etdiyi insanların yarasını sarımaqda da ustadır”. Bu sözlər Mustafa Kamal Atatürkün Çanaqqalada ölən düşmən əsgərlərinin ailələrinə xitabən söylədiklərinin səmimiliyinə zərrə qədər də şübhə yeri qoymur:

– “Bu məmləkətin torpaqları üstündə qanlarını tökən qəhrəmanlar! Burada bir dost vətənin torpağındasınız. Hüzur və səssizlik içində uyuyunuz. Sizlər Məhmətçiklərlə yan-yana, qucaq-qucağasınız. Uzaq diyarlardan övladlarını hərbə göndərən analar! Göz yaşlarınızı durdurun. Övladlarınız bizim bağrımızdadır. Hüzur içindədirlər və hüzur içində rahat-rahat uyuyacaqlar. Onlar bu torpaqda canlarını verdikdən sonra artıq bizim övladlarımız olmuşlar”.

Alman filoloqu və şərqşünası Maks Müller (1823 -1900) türklərin cəsarəti, dürüstlüyü, vətənpərvərliyi, dosta, düşmənə qeyri-adi münasibəti haqqında heyranlıqla deyilən bir çox fikirlərə türk dili haqqında orijinal bir fikir də əlavə etmişdir: – Türk dilini incələyərkən insan zəkasının qazandığı böyük möcüzəni kəşf edirik.

Şanına saysız-hesabsız təriflər deyilən bir millət bu gün daxili çəkişmələr sayəsində bütün dünyanı heyrətləndirməkdədir. Düşmənin yarasını sarıyan, bir qurtum suyu özü içməyib, yaralı düşmən əsgərinə verən bir millətin müasir nümayəndəsi hələ günahı sübut olunmamış oruclu insanların önündə yemək yeyir. Bu dilə dünyanın heyran olduğu halda, Türk dili olimpiadaları öz vətənində qadağan olunur. Əcdadları dünyanın ədalətini qoruyan bir millətin nümayəndələri bu gün çeşid-çeşid haqsızlığa məruz qalırlar. Başqa dildən, dindən, irqdən olanlara son dərəcə centlmencəsinə rəftar edən bir millətin nümayəndələri öz müsəlman qardaşlarına hər cür təhqir və rəzaləti rəva görür. Bu və buna bənzər suallar içimdə “Sənə nə olur, Türkiyə?” sualını doğurdu. Axı qardaşı güclü olan düşməndən çəkinməz. Biz Türkiyənin zəifləməsini istəmirik. Bu zəiflik isə artıq siyasi müstəvi üzərindən açıq-aydın görünməkdədir. Bir ovuc israilliyə qəti tərzdə “dur!” deməyi bacarmayan Türkiyə keçmişini unudub deyəsən. Aşağıdakı bir-iki sətir cızmaqara da bu məyusluğun nəticəsidir:

Sən tarix yazmadın, tarix yaratdın,

Atlanıb üfüqdən-üfüqə çatdın.

Səninlə dost oldu, aylar, fəsillər,

İzini axtarır gələn nəsillər.

Dastandı bu gün də şərəfin, şanın,

İbrətdi bəşərə sultanın, xanın.

Düşmən bəzəsə də hər cür yalanı,

Dünya unudarmı Çanaqqalanı?

Vicdandı ayıran yaxşı, yamanı,

Adına yazdırdın oxu, kamanı?

Öyünmək yaraşmaz Türkün adına,

Hər işdə Allahı salar yadına.

Mustafa Kamalın – birin var sənin,

Yunus Əmrə kimi pirin var sənin.

Bir zaman bizi də böldülər, qardaş,

Ağladıq, ağladıq, güldülər, qardaş.

Amandı, içində düşmən arama,

Duz basma, qardaşım, qanlı yarama.

Kin qala qurunca ürəyimizdə,

Yol açır düşmənə kürəyimizdə.

Sevgidi güc verən qollarımıza,

Zirvələr fəth edən yollarımıza.

Əlinlə ucalıb haqqın bayrağı.

Ayağın əzməyib daşı, torpağı.

Düşmən yarasına məlhəm qoyansan,

Dünya sevinəcək, vallah, oyansan.

Fələstin ağlarkən sən güləcəksən?

İslamın gözünü sən siləcəksən.

Ayıl, özünə gəl, düzəlt qəddini,

Qan içən tülküyə bildir həddini…