Şəmistan Əlizamanlı: “Kaş mən də o müqəddəs şəhid adına layiq görüləydim”

749

Mingəçevir 3 saylı tam orta məktəbdə Azərbaycan-Əfqanıstan Veteranları İctimai Birliyinin təşkilatçılığı ilə Aprel döyüşləri şəhidlərinin ailələri ilə görüş keçirilib. Tədbirdə Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi polkobnik cənab Rasim Şirinov , Səfərbərlik və Hərbi xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin  polkovnik leytinantı Şahin Xəlilov, Əfqanıstan müharibəsi Veteranları İctimai Birliyini sədri Məhəmməd Vəliyev, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli, Əfqanıstan  müharibəsi Veteranları Mingəçevir şəhər şöbəsinin sədri Elşən İbrahimli  və şəhid ailələri, şagirdlər  iştirak ediblər.

Qonaqlar  çıxışlarında şagirdlərə: “Ərazilərinin 20 faizi işğal altında olan Azərbaycanda gənc nəslin vətənpərvər ruhda böyüməsi xüsusi diqqət mərkəzində olmalıdır deyiblər. “Bəs bu sahədə vətəndaş cəmiyyəti institutları öz üzərinə düşən missiyanı nə dərəcədə yerinə yetirə bilir?” deyən  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bu sahədə görülən işlərdən danışıb.

Daha sonra Şəmistan Əlizamanlı öz çıxışında  Azərbaycan ordusunun istənilən hərbi əməliyyatı yerinə yetirməyə hazır olduğunu söyləyib: ”Düşmən də ordumuzun belə güclənməsindən narahatdır. Hay-küy salırlar. Bu, onların qorxu və narahatlıqlarından irəli gəlir. Bilirsiniz ki, Dağlıq Qarabağ məsələsi siyasi məsələdir. Ermənistan rəhbərliyi Dağlıq Qarabağ məsələsinin üzərində hakimiyyətə gəlib. Bu gün Ermənistanda mitinqlər gedir, iqtisadi vəziyyət çox çətindir. Ermənistanda hər bir erməniyə aşılayırlar ki, baxın, siyasi çaxnaşma olsa, Azərbaycan ordusu hazırdır, hər an gəlib Qarabağı azad edə bilər. Onlar yaxşı bilirlər ki, gec, ya tez Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, torpaqlarını geri alacaq”.

Şəmistan Əlizamanlı daha sonra üzünü şəhid ailələrinə tutub deyib: ”Mən müharibələr keçmiş bir adamam. Kaş mən də o müqəddəs şəhid adına layiq görüləydim. Siz valideyinlər alnıaçıq üzüağsınız ki, övladlarınız o tarixə qovuşublar. Biz inanırıq ki, torpaqlarımız alınacaq və övladlarınızın qanı yerdə qalmayacaq. Bu qələbə olacaq və biz sizinlə qələb günü yenə görüşəcəyik”.

 

Tədbirdə məktəbin direktoru Kəmalə Tahirova çıxış edərək bildirib ki, məktəbimizdə həmişə vətənpərvərlik mövzularında geniş tədbirlər keçirilir, şagirdlər bu ruhda təlim-tərbiyə alırlar.

 

Tədbirə qatılan şəhid ailələri dövlətin onlara göstərdiyi diqqət və qayğıya görə Prezidentə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda Şəmistan Əlizamanlı bir neçə mahnı ifa edib.

Esmira Hidayətova, Mingəçevir