Səməd Vurğunun dostları və “düşmənləri”

776

Əvvəllər Səməd Vurğunu, əsasən,  ədəbiyyatda bəxti gətirməyənlər tənqid edərdilər. Son vaxtlarsa böyük şairə, ən çox, siyasətdə taleyi gətirməyənlər “ilişirlər”.  Görəsən bu, nə “düşmənçilik” və ya nə xofdur belə?

Heç kəsə sirr deyil ki, bizdə bəzən hansısa bir istedadsız adama kimlərsə qəyyumluq edib onu irəli çəkir, vəzifə olimpinə qaldırır. Adətən, bu cür “dəstəkləmələr” yüksək  məmurluq iyerarxiyalarında, “pul çıxan” yerlərdə olur. Bəli, olsun ki, elə hansısa yaradıcılıq qurumunda və yaxud hansısa qəzet-jurnalda hansısa bir “rəhbər vəzifəyə” təyin etmək mümkün olsun, amma… amma kiməsə  “istedad bağışlamaq” bu, qeyri-mümkündür. Çünki kiminsə başına şpristlə, iynə ilə  “istedad dərmanı” yeritmirlər. Bəli, məsələn, Qazaxda isdadlı yazıçı və şairlər çox olub, yenə də var. (Yeri gəlmişkən, istedadlar “zona” üzrə yetişmir  və bizdə, mən bilən, “böyük rügion ədəbiyyatı” yoxdur; yəni başqa bölgələr də istedaddan xali deyil). Əgər söhbət Səməd Vurğundan gedirsə, o, regional şair deyil, nəhəng dünyanın nəhəng şairidir.

Bəli, son vaxtlar Səməd Vurğuna diqqət xeyli artıb. Bu, Səməd vurğunun xeyrinədir. Demək, o, yenə gündəmdədir, aktualdır. Əvvəllər onu ədəbi mühit araşdırırdısa, bu gün siyasi həyat öyrənir. Bu, o deməkdir ki, bu gün şairin təkcə ədəbiyyata deyil,  siyasətə nüfuzu, təsiri də göz önündədir. Onun təsir dairəsi, ədəbi sferasının radiusu günü-gündən genişlənməkdədir.

 Səməd Vurğunun bir dənə belə zəif misrası yoxdur. Səməd Vurğunun özü yox, onun vəsv etdiyi ideologiya iflasa uğradı. Bu ideologiyaya isə milyonlar inanırdı. Bu işdə Səməd Vurğunun günahı yox idi.

Səməd Vurğun yaradıcılığı, bu gün  ən azından böyük dil faktoru, “dil hadisəsi” kimi diqqəti cəlb etməkdədir. Nə qədər ki, Azərbaycan dili var, Səməd Vurğun da olacaq. Puşkinin rus poeziyasında etdiyini Azərbaycan poeziyasında məhz Səməd Vurğun edə bildi.

Böyük şairi kiçik “yerlibazlıq”da təqsirləndirmək  böyük nadanlıqdır.

Bəyəm Səməd Vurğun “Qazax” şairi idi?

Belə düşünənlər onun mövzü dairəsinə baxsınlar.

O, planetar şair idi.

Onun haqqında Pavlo Neruda, Lui Araqon, Nazim Hikmət, Çingiz Aytmatov kimi söz bahadırları yazıb.

 S. Vurğun Adil Babayevin, Bəxtiyar Vahabzadənin, Əliağa Kürçaylının, Hüseyn Arifin və onlarla istedadlı adamın ədəbiyyata gəlməsində böyük rol oynayıb. Həmin şəxslərinsə hərəsi bir bölgədəndir.

Səməd Vurğun Qazax bölgəsində doğulub. Amma Vaqif, Salik, Firidun bəy Köçərli, Mehdi Hüseyn, Osman Sarıvəlli, Mirvarid Dilbazi, İsmayıl Şıxlı, İsa Hüseynov, Vidadi Babanlı, Aslan Aslanov, Nəriman Həsənzadə, Asif Ata,  Sabir Azəri, Fərman Eyvazlı, Həmid Abbas, Yusif  və Vaqif Səmədoğlular, Vaqif  Nəsib, Aslan Kəmərli, Nüsrət Kəsəmənli,Ağamalı Sadiq Əfəndi, Şaiq Vəli, Məmməd İlqar, Eldar Nəsib, Vəli Xramçaylı, Akif Səməd, Saday Budaqlı, Barat Vüsal və digər yazıçı və şairlərin heç birinə Səməd Vurğun “istedad  dərmanı”-zad paylamayıb. Hətta, bir çoxları onu da bilmir ki, böyük Rəşid Behbudov da Səməd vurğunun bibisi oğludur. Bəlkə burada da bir “görünməz əl”in qüdrəti var? Bəlkə Rəşidə də Səməd Vurğun dəstək verib,  “səs”  bəxş edib? Bəziləri anlamır ki, adam ya istedadlı olur, ya da istedadsız. İstedad olmayanda da başlayır bunun “səbəbini” başqa yerdə axtarmağa, min yerə yozmağa…

“Qazaxşinadan” yazanların nəzərinə; dəlinin yadına daş salmaq istəyirəm. Azərbaycan müsiqisinin dühaları  Hacıbəylilər, Əliverdibəyovlar,  Əmirovlar, Bədəlbəylilər çox yaxın qohum olublar. Min cür sərsəmləmə və böhtan yazanların məntiqindən belə çıxır ki, musiqimizdə də bir “Qazaxşina” var ki, bunun oxşar adı  “Qarabağşina”dır…

Nadanlara üz tutub deyirəm: təki ortada yaxşı əsər olsun. Onu kimin və haralının yazması şərt deyil.

Bu cür “qlobal” söhbətlərə rəvac verənlərin niyyəti aydındır: diqqət çəkmək, gündəmə gəlmək, qarayaxalıqla yadda qalmaq. Necə deyərlər, “qoy desinlər ki, Xaçatutun da xəncəri var”.

Bəzi qəzet və saytlarınsa məqsədi belə mənasız, məzmunsuz, düşük, bəsit, səviyyəsiz  “şedevrlərə” öz səhifələrində səxavətlə yer ayırmaqla cəmiyyətin diqqətini mühüm, əsaslı, vacib, təhlilə cəlb olunası problemlərdən yayındmaqdan ibarətdir.

Səməd Vurğunu tənqid və təhqir etmək istəyənlər bir özlərinə baxsınlar, bir də Səməd Vurğuna.

Hər bir tarixi şəxsiyyət yaşadığı tarixi kontekstdə nəzərdən keçirilməlidir. Tarixdən kənarda olanları tarix qəbul etmir.

Bəli, Səməd Vurğun Qazaxlıdır, azərbaycanlıdır, dünyəvidir, artıq deyildiyi kimi, planetar şairdir.

Azərbaycanda elə bir adam yoxdur ki, “Azərbaycan” şeirini əzbərdən bilməsin. Bu, bəlkə də yeganə şeirdir ki, süpürgəçidən tutmuş prezidentə kimi hamının yaddaşında əbədi həkk olunub. Elə ən azı bu şeirə görə Səməd Vurğun əbədiyyət qazana bilərdi.

Səməd Vurğun elə bir şairdir ki, külliyatı hansısa təsadüf nəticəsində məhv olsa, onun bütün yaradıcılığını xalqın yaddaşı sayəsində yenidən bərpa etmək olar.

Böyük şairi həm sağlığında, həm də öləndən sonra kifayət qədər tənqid ediblər. Amma burası var ki, onu sağlığında daha “fundamental” qaydada daha böyük düşmənlər təqib və “ifşa” ediblər. Bu günkü “düşmənlər” onlarla müqayisədə çox zəif və cələz görünür.

Və nəhayət, yadıma bir əhvalat düşür: Sovetlər Birliyi təzəcə, cəmi bir il idi ki,  çökmüşdü. Xüsusən Rusiyada “sovet beynəlmiləlçiliyindən” sonra  rus millətçiliyi tüğyan edirdi. Bu, elə bir vaxt idi ki, Tv-lər Puşkini kökən “həbəş” olduğuna görə söyürdü. OMON-çular “zafqaz əsilliləri” sorğu-sualsız cəzalandırırdı. Həmin vaxt yolum Moskvaya düşmüşdü. Bir neçə dostla çökmüş imperiyanın mərkəsində, Moskvadanın az qala ortası ilə uzanan geniş küçələrindən biri gedirdik. Bu, Səməd Vurğun küçəsi idi. Dostlardan biri dedi ki, şovinizm bu cür baş alıb getsə tezliklə bu küçənin adını da dəyişəcəklər. Yanımızdakı jurnalist dostumuzun fikri isə fərqli idi; o, iddia edirdi ki, bu hay-küy dalğasının Səməd Vurğuna heç bir dəxli yoxdur. Arada mübahisə qızışdı. Jurnalist dostumuz elə həmin küçədəcə “sosioloji sorğu” aparmaq qərarına gəldi. Ətrafımızda yerləşən dükan və xəstəxanalarda, idarə və müəssisələrdə iş başında olan adamlara, yaşayış binalarından çıxan yerli sakinlərə təxminən belə bir sualla müraciət etməyə başladı:

-Siz Səməd Vurğunu tanıyırsızmı və bu küçənin Səməd Vurğunun adını daşımasına münasibətiniz necədir?

Cavablar müxtəlif, mahiyyət eyni idi:

-Səməd Vurğun böyük şairdir.

-Səməd Vurğun Azərbaycan mütəfəkkiridir.

-Bizə xoşdur ki,  Səməd Vurğunun adını daşıyan küçədə yaşayır və işləyirik.

-Biz bu küçənin adının dəyişdirilməsinə razı deyilik.

Aparılan “sorğunun” nəticəsi təkcə ruslar üçün yox, bəlkə də daha çox “bizimkilər” üçün, Səməd Vurğunun “düşmən” həmvətənləri üçün bu gün daha ibrətamizdir.

Bəli, Səməd Vurğun beynəlmiləlçi idi. Xalqlar dostluğunu tərənnüm edirdi. Bəyəm burada pis bir şey var ki?

Amma onun üçün Vətən, Azərbaycan hər şeydən əzəl idi.

Vətən oğlu! Vətən qızı!
Yadlar yedi haqqınızı,
Bir üsyanla doğacaqdır
Azadlığın dan ulduzu…

Bu misralar da Səməd Vurğunundur.

P.S. Əslində elə Şekspir də azərbaycanlıdır, qazaxlıdır. Çünki Hamlet adı İngiltərədən daha çox, bizdə, xüsusən, Qazaxda yayılıb.

Firuz Mustafa