Şəkili usta nar fiqurunu şəbəkə üsulu ilə hazırladı

Ölkəmizdə keçiriləcək I Avropa Oyunlarının simvolu olan nar fiquru Şəki şəhərində şəbəkə sənəti ilə məşğul olan Tofiq Rəsulov tərəfindən şəbəkə üsulu ilə hazırlanıb.

Azərbaycan folklorunda birliyi tərənnüm edən bu rəmzin şəbəkə formasında işlənən kompozisiyası özəlliyi ilə diqqət çəkir. Tofiq Rəsulov bizimlə söhbətində bildirdi ki, 35 ildir bu sənətlə məşğul olur və nar simvolunu özü təşəbbüs göstərərək, ölkəmizdə keçiriləcək I Avropa Oyunlarına hədiyyə olaraq hazırlayıb: “Cənab Prezident və xanımı Mehriban Əliyeva tərəfindən çox bəyənilib və yüksək qiymətləndirilib. Bu simvolun Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasimində nümayiş olunması planlaşdırılır”. Hazırladığı fiqurun xüsusiyyətlərindən danışan usta bildirdi ki, şəbəkə sənəti çox maraqlı bir sənət növüdür: “Çünki şəbəkə hazırlanarkən heç bir yapışqandan, mıxdan istifadə olunmur. Hissələr bir-birinə geydirilməklə hazırlanır”. Müsahibimiz onu da qeyd etdi ki, nar dairəvi şəkildə olan ilk şəbəkə işidir. 3 mindən çox taxta parçasının bir-birinə geydirilərək toxunduğunu bildirən usta şəbəkəni “taxta xalça” adlandırıb. Usta fiqurun hazırlanmasına 2,5 ay vaxt sərf etdiyini bildirib. Nar simvolunun üzərində bayrağımızın rəngləri olan göy, qırmızı, yaşıl rənglər əks olunub. Eyni zamanda alov və ceyran simvolu da var. Sonda usta onu da bildirdi ki, bu qədim sənət ona atasından qalıb. Babasından atasına, atasından özünə qədər yaşayıb. Hazırda usta öz oğul övladlarına da bu sənəti öyrədir.