Şəkidə “Nağara 2015” festivalı olacaq

447

22-26 avqust tarixlərində Şəki şəhərində Azərbaycanda və Qafqazda ilk dəfə olaraq “Nağara 2015” beynəlxalq zərb alətləri festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, festival Mədəniyyət və Turizm Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti və “Almus Production” şirkətinin təşkilatçılığı ilə baş tutacaq.

Festivalda Azərbaycanla yanaşı Türkiyə, İran və Özbəkistandan məşhur ritm ifaçıları iştirak edəcək. Avqustun 22-də festivalın təntənəli açılış mərasimi olacaq.

Avqustun 23-də Özbəkistanı təmsil edən Abbos Kasimov və “Abbos” qrupunun, 24-də İranı təmsil edən “Lian” qrupunun, 25-də Türkiyəni təmsil edən Suat Borazan və “İstanbul Harem” qrupunun konsertləri olacaq. Avqustun 26-da isə “Natiq ritm” qrupunun konserti və “Nağara 2015″in bağlanış mərasimi baş tutacaq.

Konsertlər Şəki şəhərindəki Yaşıl Teatrda keçiriləcək.

Bundan başqa 23, 24, 25 və 26 avqust tarixlərində Şəki şəhərindəki Karvansarayda Natiq Şirinov, Abbos Kasimov, “Lian” qrupu və Suat Borazanın master klassları olacaq.