“Səhnədən salam” verib qayıtdılar

439

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Qazaxıstan Respublikasının paytaxtı Astanada hər il ənənəvi keçirilən “Səhnədən salam” V Beynəlxalq Teatr Festivalından uğurla geri dönüb. Festivalda yaradıcı heyətimiz görkəmli İsveç dramaturqu Lars Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası ilə iştirak edib. Tamaşa paytaxt teatrı olan “Jastar”da nümayiş etdirilib. Səfər təəssüratların bölüşən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov deyib ki, teatr sənəti sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, dünya klassiklərinin, klassik dram nümunələrinin gənc nəslin təhsilində təbliğ edilməsi məqsədilə keçirilən festivalda 10 xarici və qazax teatr kollektivi iştirak edib. Belə ki, festivalda ölkəmizlə yanaşı, Rusiya, Qırğızıstan, Özbəkistan və Qazaxıstanın aparıcı teatrları da təmsil olunublar: “Festivalda nominasiya olmasa da, əslində bu, bir bayram idi – teatr bayramı. Festival yeni layihələrin, yaradıcılıq münasibətlərinin, festival və qarşılıqlı qastrol səfərlərinin reallaşa biləcəyi bir sənət bayramı, yaradıcı insanların ünsiyyət qurması üçün əlverişli bir vasitədir”.