Şəhidlərin xatirəsinə…

38

             Döndüm əbədilik ağ göyərçinə

                             Milli ordumuzun hərbi həkimi,

                            şəhid leytenant Turqut Xəlilbəyli

                           Nadir oğlunun  xatirəsinə

 

Vətənin hayına ilk hay verərək,

Ay Turqut, könüllü səfərbər oldun.

Geyinib əyninə tibb libasını,

Elə bəyaz donlu bir əsgər oldun.

 

Gəzdin səngər- səngər qorxu bilmədən,

Dəhşət qəhərini hey uda- uda…

Qanlı döyüşlərdə – ər meydanında

Yetişdin anında hər kəsə dada.

 

Çıxarıb səngərdən sonsuz yaralı,

Neçə-neçə cana xoş həyat verdin.

Yenidən sarınıb ülvi yurduna,

Uçmağa nə gözəl qol- qanad verdin.

 

Qəfildən eşidib atəş səsini,

Özünü əsgərə çəpər eylədin.

Yaşadıb öz əsgər qardaşını sən,

Canını qəlpəyə sipər eylədin…

 

O bəyaz donunla Vətən göyündə

Döndün əbədilik ağ göyərçinə.

Başımız üstündə ruhu dolaşan,

Mələk göyərçinə, sağ göyərçinə…

 

11.05.2021.

 

Ölümə şahid balam

 

Milli ordumuzun şəhid  leytinantı,

həmkəndlim Əliyev Ənvər

Nizami oğlunun ruhuna

 

Görünürsən əksindən

Necə şux, şəhid balam.

Ay Vətənin uğrunda

Ölümə şəhid balam.

 

Hər yurd azad edildi

İstəklərin oldu kam.

Zəfərə gedən yolda

Quruldu min ehtişam.

 

Sinə gərib möhnətə

Sən də dərdə tən oldun.

Əsil Vətən oğlu tək

Bütöv bir Vətən oldun.

 

Yoxluğun hiss olunmur

Bunca varlıq içində.

Hər könüldə yerin var

Bil ki, özün biçimdə…

 

Görünürsən əksindən

Necə şux şəhid balam.

Ay Vətənin uğrunda

Ölümə şəhid balam.

 

20.01.2020

Ələsgər Talıboğlu

                                                 Şair- publisist, AYB- nin üzvü,

                                                 Məmməd Araz  mükafatı laureatı.