“Şəhidlər xiyabanına gedəndə mənəvi əzab çəkirdim”

153

44 günlük Vətən müharibəsi təkcə torpaqlarımızın azadlığı və zəfər müjdələri ilə  yadda qalmadı. Həm də, bəlkə də heç vaxt tanımayacağımız igid oğulları bizə tanıtdı. Onlardan biri mingəçevirli “Rembo“ ləqəbli Fariz Əlizadə, digəri isə  Ülvi Kərimovdur.

Qeyd edək ki, döyüşçülərin hər ikisi də HTech Invest şirkətinin (Mingəçevir kompüter zavodu) işçiləridir.

Bu günlərdə ordudan təxris olunan Vətən müharibəsinin bu iştirkçıları ilə  görüşmək üçün onların iş yerinə yollandıq. Əvvəlcə, şirkətin rəhbəri Vidadi Məhərrəmovla həmsöhbət olduq. O, həm Farizin, həm də Ülvinin intizamlı və nümunəvi işçi olduğunu söylədi. Onlarla qürur duyduğunu vurğulayan Vidadi müəllim, həmçinin bildirdi ki, işçilərinin  Vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirir: “Onların hər birinin əmək haqqı kartlarına 2000 manat məbləğində pul da ödəniləcək”. Yeri gəlmişkən onu da qeyd edək ki, onlar cəbhədə olarkən şirkətin rəhbəri Vidadi Məhərrəmov onların ailə üzvlərini ziyarət edib, problemləri ilə maraqlanıb. Onların cəbhədən sağ-salamat qayıtmaları münasibəti ilə qurban kəsərək aztəminatlı ailələrə paylayıb.

“Rembo” ləqəbli Fariz Əlizadə bizimlə söhbətində bildirdi ki, o, Vətən müharibəsinin ilk günlərindən cəbhədə olub və Talış, Suqovuşan, Ağdərə, Hadrut, Laçın, Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edib: “Hər bir əsgər və zabitimiz erməni vəhşilərinə qarşı yüksək ruh yüksəkliyi ilə vuruşurdu. Elə bizə zəfər qazandıran da bu ruh yüksəkliyimiz oldu desəm, yanılmaram. Şükürlər olsun ki, torpaqlarımız erməni daşnaklarından təmizləndi. Nə gizlədim, buna qədər bir gənc kimi qınaq altında yaşamaqdan utanırdım. Hətta Şəhidlər xiyabanına gedəndə mənəvi əzab çəkirdim.  Şükürlər olsun ki, şəhidlərimizin qanı yerdə qalmadı. Onların qisası da alındı. Odur ki, indi onları alnıaçıq, üzüağ ziyarət edirəm”.

Daha sonra müsahibimiz özünün “Rembo” ləqəbinə aydınlıq gətirdi. Bildirdi ki, ona “Rembo” ləqəbini döyüş yoldaşları veriblər. O az sonra dediklərinə bu sözləri də əlavə etdi: “Deyərdim ki, Hollivud filmlərinin gerçəyi cəbhədə idi. Bu mənada cəbhədə yaşanan anlardan çox danışmaq olar. Amma mən təfərrüatlara varmaq istəmirəm. Bircə onu deyim ki, hər döyüşdə qürurverici anlar yaşandı. Bu qürurverici anları yaşadan döyüşlərdə canlarından keçənlər, şəhidlik zirvəsinə  ucalanlar oldular. Şəhidlərimizin valideyinləri qarşısında baş əyirəm. Mənim fikrimcə, şəhidlik ölüm üzərində qalibiyyətdir. Hətta deyərdim ki, uğrunda can verməyə on minlərlə övladı olan Vətən heç zaman məğlub olmaz!”

O, söhbətini bu sözlərlə tamamladı: “Bu qələbə bir də ona görə mümkün oldu ki, bütün xalqımız yaşından, milliyyətindən və dinindən asılı olmayaraq, bir yumruq kimi birləşdi, Ali Baş Komandanın və qəhrəman Ordumuzun arxasında dayandı. Bu məqamda bir məsələni də qeyd etmək istərdim; cəbhədə olduğumuz müddətdə və sonra da bizdən diqqət və qayğısını əsirgəməyən şirkətimizin rəhbərliyinə də təşəkkürümü bildirirəm. Mənə elə gəlir ki, bu da elə birliyin təcəssümüdür”. Ülvi Kərimov da döyüşçü yoldaşının fikirləri ilə şərik olduğunu söylədi. Qeyd edək ki,  Fariz Əlizadə Prezidentin Sərəncamı ilə Laçının azad olunmasına görə” medalına layiq görülüb.

Esmira Hidayətova, Mingəçevir