Şəhidlər anası: “Təsəllim Tural idi, o da…”

0
142

Vətən yolunda iki oğlunu şəhid verən  Nəhayət  ana bizimlə həmsöhbət olaraq  oğulları barədə xatirələrindən danışarkən dedi  ki, iki oğlum var idi, eyni gündə cəbhəyə yollandılar: ”Balalarım bir-birindən xəbərsiz şəhid oldular. Təsəllim Tural idi. 25 yaşlı 2 qız atası Musanın qırxı çıxandan sonra Turalım da şəhidlik zirvəsinə yüksəldi.  Mən anayam, birtəhər dözürəm bu dərdə, bu itkiyə… Amma yaşlı ataları bu dərdə dözə bilmir, hər gün ağlayır. Təsəlli verərək deyirəm ki, oğullarımızın hər birinin iki balası qalıb. Biz onları da böyütməliyik”.

Nəhayət ana daha sonra dedi: “27 yaşlı Tural ilə sentyabır 30-da axırıncı danışığım olub. Dedi ki, qardaşım  Musadan çox narahatam. Ondan bir xəbər varmı? Sonra da bildirdi ki, bəs biz  Suqovuşan uğrunda mubarizəyə başlayırıq,  zəng etməsəm, narahat olmayın. Amma ondan səs çıxmadı”.

 

Göz yaşlarına hakim ola bilməyən Nəhayət ana oğlu Turalın evdən çıxarkən yoldaşına dediyi bu sözləri dilə gətirdi: “Həyat yoldaşına demişdi ki, mən şəhid kimi qayıdacağam. Mənim tabutuma bükülən bayrağı yrağı oğluma verərsən…Hə, onu da deyim ki, iki oğul atası olan Turalımın döyüş yoldaşları dedilər ki, o, ağır yaralanmışdı, özü də BTR-də. Son sözü də övladları ilə bağlı olub. Ailəyə bağlı övlad idi Turalım.

“Vətən sağ olsun” sözləri ilə söhbətini davam etdirən şəhidlər anası elə oğlanlarının da həmişə bu kəlməni dilə gətidiklərini bildirdi: “Onlar da həmişə deyirdilər ki, ana, biz vətən üçün yaranmışıq, onun uğrunda da hər şeyə hazır olmalıyıq”.

Şəhidlərin atası Tapdıq Həsənov isə onların yadigarları ilə təsəlli tapdığının bildirdi: ”Başımı onlarla qatıram. İndi Turalın azyaşlı uşaqları onun  şəkilinə baxaraq, “bəs atamız nə vaxt gələcək” deyə soruşurlar. Mən isə bu sualın qarşısında aciz qalıram. Odur ki, gözlərimi məchul bir nöqtəyə zilləyib vəziyyətdən çıxış yolu axtarıram”.

 

 

Qeyd edək ki, dekabrın 15-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif olunması barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Vətən uğrunda” medalı ilə təltif olunub. Həmin hərbi qulluqçuların arasında Musanın da, Turalın da adı var.

Söhbətimizin sonunda Nəhayət xanım bu təltifə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

 

Esmira Hidayətova, Mingəçevir