Şəhidin həyat yoldaşı: Rahimlə qürur duyuram

599

Aprel döyüşlərindən üç il ötür. Üç il öncə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən təmizləndi. Azad edilən ərazilərdə yeni mövqelərimiz quruldu. Üstəlik, Silahlı Qüvvələrimiz on minlərlə hektar əraziyə nəzarət etmək imkanı qazandı. Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqeləri geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma ordumuzun yüksək döyüş şücaəti nəticəsində düşmən məqsədinə nail ola bilmədi. Şanlı Aprel zəfərində hərb tariximizin qəhrəmanlıq salnaməsinə öz şərəfli imzalarını ataraq ölümsüzlüyə qovuşan igid oğullarımız buna imkan vermədilər.

Həmin döyüşlərdə Vətən uğrunda şəhid olanlardan biri də tank komandiri Rahim Tağıyev olub. Bu günlərdə şəhidin həyat yoldaşı Vüsalə Tağıyeva ilə əlaqə saxlayıb ona bir neçə sualla müraciət etdik. 

Həmsöhbətimiz bildirdi ki, hərbçinin həyat yoldaşı olmaq həm çətindir, həm də şərəflidir: “Rahimlə bərabər biz də hərbçi həyatı yaşamışıq desəm, yanılmaram. İnandırım sizi, o günlər yadıma düşəndə elə kövrəlirəm ki… Amma göz yaşlarımı uşaqlarımdan gizlətməyə çalışıram. Uşaqlar çox həssasdırlar. 3 övladım var. Böyük qızım 17 yaşına keçib. Atası şəhid olanda balaca Nicatım 6 yaşında idi. Hələ məktəbə getmirdi. Bəzən də kövrələndə əlimə qələm alıb Rahimli günlərimi şeirə çevirməklə rahatlıq tapmağa çalışıram”.

Şəhidin həyat yoldaşı Rahimlə olan son görüşünü isə belə xatırladı: “Rahim 2016-cı ilin Aprel döyüşləri başlamazdan bir neçə gün öncə evə gəlmişdi. Bizdən ayrılanda Nicatın başını sığalladı, dəfələrlə onun üzünə baxdı. Mənə dedi ki, uşaqlara heç vaxt korluq vermə, istədiklərini al. Aprelin 1-də zəng etdi. Salam-kəlamdan sonra dedi ki, Nicat yanında? Dedim, yox. Yəqin ona nə isə demək istəyirmiş. Sonra da mənə vəsiyyət edirmiş kimi dedi: “Uşaqlar sənə əmanətdir a…” Bu sözlərindən sonra telefon əlaqəsi kəsildi. Bir də…aprelin 2-də evimizə zəng edərək bildirdilər ki, Rahim Tərtərdə qospitaldadır. Tez özümüzü onun yanına çatdırdıq. Sən demə, o, tankla minaya düşüb, başından qəlpə yarası alıbmış… Sonra da onu Bakıya göndərdilər. Üç dəfə əməliyyat olundu, amma vəziyyəti yaxşılığa doğru dəyişmədi. 3 ay 7 gün koma vəziyyətində qaldıqdan sonra ömrünün 18 ilini hərbiyə həsr etmiş gizir rütbəsində olan Rahim 37 yaşında gözlərini əbədi yumdu və Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırıldı”.

Tağıyeva, həmçinin bildirdi ki, Rahim xidmət müddətində çoxlu fəxri fərmanlara, medallara layiq görülüb: “Ölümündən sonra isə  “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilib. Rahim həqiqətən igid idi. Vətənini, torpağını, millətini sevən igid”.

Həmsöhbətimiz ölkəmizdə hərbi qulluqçuların, şəhid ailələrinin, müharibə əlillərinin etibarlı sosial müdafiəsinin təmin edilməsinə diqqət göstərildiyini xüsusi vurğuladı: “Biz şəhid ailələrinə dövlət qayğısı və diqqəti var. Bundan əlavə, Mingəçevirin təhsil ocaqlarında, idarə və müəssisələrində, icra hakimiyyətində anım tədbirləri keçiriləndə bizi də dəvət edirlər. Çox sağ olsunlar, çox razıyıq. Onu da deyim ki, həyat yoldaşımın döyüş yolu haqqında çox yazılıb. “Aprel döyüşlərinin tank komandiri: Şəhidliyin Rahim Tağıyev zirvəsi” adlı qısametrajlı sənədli film də çəkilib. Bütün bunlar bizə bir təsəllidir. İşğal altındakı bütün ərazilərimiz daşnaklardan təmizlənəndən sonra əsl təskinlik tapacağam.  İstəmirəm ki, şəhidlərimizin qanı tökülən torpaqlarda murdar erməni daşnaklarının izləri olsun”.

Söhbətinin bu yerində Vüsalə xanım bildirdi ki, bir neçə gün öncə Şıxarx qəsəbəsində keçirilən aksiyada Aprel döyüşlərində şəhid olan Vətən oğullarının hər birinin adına bir ağac əkilib və qarşılarına hansı şəhidin adını daşıdığı barədə məlumat lövhəsi vurulub: “Həmin aksiyada mən də iştirak etmişəm. Ağac əkdikdən sonra isə həyat yoldaşımın ruhuna xitabən bu sözləri pıçıldamışam: “Bu gün sənin şəhidlik zirvəsinə ucaldığın o torpağa ayaq basdım. Qanın axan torpağa ağac əkildi. O ağaca su verdim, sən necə zirvələrə ucalmısansa, Rəbbim də o ağaca can verəcək, o, torpaqda qanınla, mənim göz yaşlarımla, bir də canından keçdiyin torpaqla birlikdə böyüyəcək. Rahat uyu, igid qəhrəmanım, səninlə qürur duyuram, şəhidim! Şəhidlik böyük, əlçatmaz zirvədir. Hər kəs şəhid ola bilmir. Vətən, torpaq uğrunda şəhid olan oğullarımızla, o cümlədən səninlə fəxr edirəm. Rahat uyu, bir gün işğal altındakı bütün ərazilərimiz erməni daşnaklarından azad olunacaq və mən  sənin adına həmin ərazilərdə də ağaclar əkəcəyəm. O günə çox qalmayıb…”

Qvami Məhəbbətoğlu, “İki sahil”