Şəhidin cənnətdəki ilk ad günü məzarı yanında qeyd olunub

126

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan, əslən Ağdamdan olan Mingəçevirdə döğulub boya-başa çatan Həsənov Əzim Fikrət oğlu  bu gün yaşasaydı 23 yaşı olacaqdı. Əzimin ad gününü bu gün onun doğmaları ,oxuduğu məktəbin şagird-müəllim  kollektivi Əzimsiz qeyd ediblər. Şəhidin cənnətdəki ilk doğum günü uyuduğu Mingəçevir Şəhidlər xiyabanında, məzarı yanında anılıb.
Anım mərasimində ŞİHB aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, ehtiyatda olan zabit Seymur Hidayətov çıxış edərək şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun adından  şəhidin ailəsinə başsaglığı verib, ailəsinə və qohumlarına səbrlər diləyib. Daha sonra şəhidin oxuduğu məktəbin direktoru  Ülviyyə Fətəliyeva  çıxış edərək şəhidin keçdiyi qısa və mənalı həyat yolundan söz açıb. Anım mərasimində Ağdam İHB aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, Mingəçevir  19 saylı məktəbin müəllimləri də öz fikirlərini bildiriblər.

Şəhidin ailə üzvləri övladları ilə fəxr etdiklərini söyləyib, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildiriblər.

Məlumat üçün bildirək ki, Həsənov Əzim Fikrət oğlu orta məktəbi 2015-ci ildə əla qiymətlərlə bitirib. Elə həmin ili yüksək balla Azərbaycan Dillər Universitetinə daxil olub. Univesiteti bitirdikdən sonra hərbi xidmətə yollanan Əzimin qəhrəmanlığı da bundan sonra başlayır. Hərbi xidmətinin bitməsinə sayılı vaxt qalmağına baxmayaraq, paytaxtda xidmət etdiyi hərbi hissədən könüllü olaraq həmlə taborundan döyüşlərə qatılır. Cəbrayıl, Hadrut, Horadiz, Füzuli istiqamətində gedən döyüşlərdə igidliklə mübarizə aparır. Qızğın döyüş zamanı bir neçə dəfə qəhrəmanlıq göstərərək özünü və əsgər yoldaşlarını mühasirədən çıxara bilir. Sonuncu dəfə Füzulinin Seyidəhmədli kəndi yaxınlığındakı döyüşlərdə yaralı əsgər yoldaşını xilas edərkən, düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalır.

Esmira Hidayətova, Mingəçevir