Şəhidin anım günü, insan seli və…

191

Vətən sevdalısı  şəhid Təbriz İldırım oğlu Cüməzadə Şuşa azad olunduğu gün şəhadətə ucalıb. Onun nəşi 17 gün sonra tapılıb. Əslən Oğuz rayonunun Xaçmaz kəndindən olan, ancaq Mingəçevir böyüyüb boya-başa çatan, evin iki oğlan övladından biri – Təbriz İldırım oğlu Cüməzadə  2000 –ci ilin fevralın 2-də sadə, zəhmətkeş ailədə dünyaya gəlib. 2019-ci ildə hərbi xidmətini başa vurub qayıdıb.  Sentyabrın 29-da isə könüllü-səfərbərliyə cəlb olunub, döyüş bölgəsinə göndərilib. O da döyüş yoldaşları kimi döyüşüb, vuruşub igidliklər göstərib. Döyüş yolu isə  Füzuli, Cəbrayıl, Xocavənd  Şuşa istiqamətlərində olub.

Noyabrın 8-də Şuşa işğaldan azad olunan gün, müharibənin başa çatmasına iki gün qalmış isə ağır döyüşlərdən birində qəhrəmancasına Şəhid olub. Nəşi düz 17 gün sonra, ayın 25-də Şuşa şəhərində tapılıb və noyabrın 26-da Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Atası İldırım kişi deyir ki,  axırıncı dəfə şəhidliyindən iki gün öncə, noyabrın 6-da danışıb, noyabrın 6-dan sonra ondan-Təbrizdən xəbər almaq mümkün olmayıb .Ailəsinə, evinə bağlı uşaq idi,həmişə atası ilə danışanda deyirdi: ”Ata, mən sizi çox istiyirəm”. Bu sözü atanın ürəyində bir qübar bağlayıb. Atanın bu bir ildə qaməti əyildi, amma ata bu gün qürurla oğlunun qəhrəmanlığından, onun vətəninə, elinə bağlı bir övlad olduğundan danışır.

 İldirim Cüməzadə oğlunun adının əbədiləşməsi üçün divar lövhəsi quraşdırılıb, şəhidin adına xatirə bulağı inşa edilib, yaşadığı evin bir otağını şəhidin muzeyinə çevrilib. Ata istəyir ki, onun şəhid oğlu həmişə qəlblərdə yaşasın, ürəklərdə döyünsün. Bu doğurdan da belədir.

 Bu gün şəhidin anım gününə gələn insan seli bunun bariz nümuməsi idi. Oğuz rayonunun İcra başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Oğuz şöbəsinin rəisi, Mingəçevir icra hakimiyyətinin nümayəndələri, şəhid valideynləri, mətbuat nümayəndələri, hərbiçilər, şəhidin döyüş yoldaşları, məktəblilər şəhidin Mingəçevir Şəhidlər Xiyabanındakı məzarını  ziyarət edib, ruhuna dualar oxunub.

Daha sonra  şəhidin adına ucalmış divar lövhəsinin və bulağın açılış mərasimi keçirilib. Mərasimdən öncə Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qeyd edək ki, şəhid Təbriz Cüməzadə  ölümündən sonra 3 medalla -“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Esmira Hidayətova, Mingəçevir